Göygöldə Novruz təntənəsi

post-img

İlaxır çərşənbə və Novruz bayramı münasibətilə Göygöl Rayon İcra Hakimiyyəti Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ərazisində ümumrayon mərasimi təşkil edib.

Rayon rəhbərliyinin, idarə, müəssisə kollektivlərinin, şəhid ailələri və qazilərin iştirak etdikləri şənlikdə çıxış edənlər Novruz bayramının xalqımızın qədim adət-ənənələrini yaşadan, milli dəyərləri qoruyan və insanları birləşdirən əziz bayram olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu bayram zəngin mədəni irsimizin həmişəyaşarlığını və tarixi köklərimizin dərinliyini əks etdirir. Ümummilli lider Heydər Əliyev milli irsə xüsusi önəm verərək bu bayramın dövlət səviyyəsində qeyd olunmasına böyük töhfə verib. Bu ənənə hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir.

Şənlikdə Azərbaycanın qəhrəmanlıq tarixindən də bəhs olunub, Vətən müharibəsi zamanı qazanılmış qələbənin xalqımız üçün əhəmiyyəti xüsusi qeyd edilib. Şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb.

Tədbir təntənəli konsert proqramı ilə davam edib. Tanınmış musiqi ifaçılarından Lalə Məmmədova, Pərviz Abdullayev və Vüsal Hacıyev mərasimi şən mahnılarla təravətləndiriblər. Milli rəqslər, səhnəciklər və məktəblilərin təqdimatları tədbirə xüsusi rəng qatıb.

Novruzun ənənəvi personajları Kosa və Keçəl, həmçinin Bahar qızı və Ozan baba iştirakçıları əyləndirib, müxtəlif oyunlar və yumurta döyüşdürmə kimi adətlər nümayiş olunub. İdmançıların çıxışları da maraqla qarşılanıb.

Sonda şəhid övladlarının iştirakı ilə alovlandırılan bayram tonqalı iştirakçıların əhvali-ruhiyyəsinə Novruz hərarəti və paklığı gətirib.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Sosial həyat