Azadlıq siyasi və hüquqi diskursda çox vaxt sadə və aydın görünən anlayış kimi təqdim olunur. “Azad olmaq” bəzən yalnız maneələrin aradan qalxması və ya istənilən davranış imkanının əldə edilməsi kimi başa düşülür. Lakin azadlıq bu qədər sadə anlayış deyil. Azadlığın yalnız elan edilməsi onun mövcudluğu demək deyil. Azadlıq hüquqi təminat, ictimai təhlükəsizlik, institusional sabitlik və real imkanlarla bağlı mürəkkəb normativ vəziyyətdir.
Bu səbəbdən azadlıq yalnız “etmək” deyil, həm də “edə bilmək” deməkdir. Lakin “edə bilmək” də öz-özlüyündə yetərli deyil. Əgər azadlıq etmək və edə bilməkdirsə, deməli, onun həyata keçirilməsi müəyyən şərtlər tələb edir. Bu şərtlər hüquqi qaydalar, məsuliyyət və zəruri məhdudiyyətlərdir. Azadlıq yalnız başqalarının hüquqları ilə uzlaşan, ictimai nəticələri nəzərə alan və hüquqi qaydalar daxilində həyata keçirilən imkanlar məcmusudur. Bu elementlər olmadan azadlıq hüquqi anlayış kimi deyil, yalnız subyektiv iddia kimi mövcud olur.
Klassik fəlsəfi düşüncədə bu məsələ azadlığın mahiyyəti ilə bağlı daha dərindən izah olunmuşdur. İmmanuel Kant azadlığı insanın istədiyini etməsi kimi deyil, iradənin özünə qanun qoymaq qabiliyyəti kimi izah edirdi. Kant üçün azad insan təsadüfi istəklərin ardınca hərəkət edən deyil, hərəkətini ümumi qanun ola biləcək prinsiplərə əsasən müəyyən edən subyektdir. Bu mənada, azadlıq özbaşınalıq deyil, əksinə, iradənin özünə norma qoyması və həmin normaya uyğun hərəkət etməsidir. Beləliklə, azadlıq dərhal məsuliyyətlə əlaqələnir: insan yalnız istədiyi üçün deyil, hansı prinsipə əsasən istədiyinə görə də cavabdehdir.
Bu yanaşma azadlığın normativ mahiyyətini göstərir: insan azad olduğu üçün öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Lakin azadlıq yalnız etik prinsip kimi deyil, həm də reallığın şərtləri ilə bağlı anlayışdır. Klassik sosial fəlsəfədə bu fikir daha kəskin şəkildə ifadə olunmuşdur. Fridrix Engelsin məşhur ifadəsi ilə desək, “azadlıq dərk olunmuş zərurətdir.” Bu fikir azadlığın məhdudiyyətlərin yoxluğu demək olmadığını göstərir. İnsan yalnız reallığın şərtlərini və onu müəyyən edən zərurətləri dərk etdikdə həqiqətən azad şəkildə hərəkət edə bilir. Bu mənada azadlıq təsadüfi seçim deyil; o, mövcud şərtləri anlayaraq məsuliyyətli qərar vermək bacarığıdır.
Lakin azadlığın yalnız etik prinsip kimi başa düşülməsi onun siyasi və ictimai ölçüsünü tam izah etmir. Azadlıq həm də real imkanlarla bağlıdır. XX əsrin siyasi düşüncəsində realist istiqamətin nümayəndələrindən olan Raymond Aron azadlığın 2 səviyyəsini ayırırdı: formal azadlıq və real (maddi) azadlıq.
Formal azadlıq hüquqların qanunda tanınması və ya konstitusion şəkildə elan olunması deməkdir. Lakin Aron göstərirdi ki, hüququn yalnız tanınması onun real həyata keçirilməsi demək deyil. İnsanların bu hüquqlardan istifadə edə bilməsi üçün sosial və institusional imkanların mövcud olması lazımdır. Azadlıq yalnız hüquqi bəyanat deyil; o, həm də təhlükəsizlik, institutlar və ictimai imkanlar sistemidir.
Bu fərq təsadüfi terminoloji fərqləndirmə deyil. Aron göstərirdi ki, azadlıq yalnız hüquqi elan səviyyəsində qaldıqda siyasi reallıqla toqquşur. Hüquqların formal tanınması insanlara hərəkət imkanı verə bilər, lakin bu imkanların həyata keçirilməsi üçün sosial, institusional və təhlükəsizlik şərtləri mövcud deyilsə, azadlıq yalnız kağız üzərində qalır. Bu səbəbdən azadlıq yalnız hüququn tanınması deyil; o, eyni zamanda bu hüququn real istifadə imkanlarını təmin edən ictimai və siyasi şəraitdir.
Bu məntiq azadlığın yalnız “icazə verilən davranış” deyil, imkanların strukturu olduğunu göstərir. İnsan yalnız ona mane olunmadığı üçün deyil, real olaraq hərəkət edə bildiyi üçün azad sayılır.
Azadlığın bu xarakteri hüquqi təcrübədə də aydın şəkildə göstərilmişdir. ABŞ Ali Məhkəməsinin hakimi Oliver Wendell Holmes Jr. məşhur qərarlarından birində qeyd edirdi ki, söz azadlığının ən geniş müdafiəsi belə insanın dolu kinoteatrda əsassız şəkildə “yanğın” qışqıraraq təşviş yaratmasına haqq qazandırmır. Bu misal azadlığın mühüm xüsusiyyətini göstərir: azadlıq yalnız fərdi ifadə imkanı deyil, eyni zamanda başqalarının təhlükəsizliyi və hüquqları ilə uzlaşdırılmalı olan məsuliyyətli davranış formasıdır.
Azadlıq ictimai nəticələr nəzərə alınmadan tətbiq olunduqda hüquqi anlayış olmaqdan çıxaraq təhlükəli iddiaya çevrilə bilər. Bu səbəbdən azadlıq yalnız hüquqi təminat deyil, eyni zamanda nəticələrə görə məsuliyyət daşıyan davranış formasıdır.
Tarixi təcrübə də göstərir ki, azadlıq yalnız siyasi şüar kimi təqdim edildikdə davamlı olmur. XX əsrin əvvəllərində Osmanlı imperiyasının süqutundan sonra Türkiyədə yaranmış siyasi şərait bunu açıq şəkildə göstərirdi. Dövlət institutlarının zəiflədiyi və siyasi hakimiyyət boşluğunun yarandığı şəraitdə azadlıq asanlıqla nizamsızlıqla qarışa bilərdi.
Bu yanaşmanın praktik ifadələrindən biri Mustafa Kamal Atatürkün dövlət quruculuğu siyasətində aydın görünür. 1925-ci ildə Şeyx Səid üsyanı yeni qurulan Türkiyə dövlətinin sabitliyi üçün ciddi təhlükə yaratdıqda, Atatürk və hökumət Takrir-i Sükun Qanununu qəbul edərək dövlətə fövqəladə səlahiyyətlər verdi. Bu qərar siyasi fəaliyyətə və mətbuata müəyyən məhdudiyyətlər gətirdi və ilk baxışdan azadlığın daralması kimi görünə bilərdi. Lakin Atatürkün yanaşmasında məsələ azadlığın abstrakt şəkildə elan edilməsi deyildi; əsas sual “azadlıq varmı?” yox, “azadlığı qoruyacaq dövlət varmı?” idi. Onun baxışına görə, dövlət institutları zəif olduqda və ictimai sabitlik pozulduqda azadlıq yalnız şüar səviyyəsində qalır və real məzmununu itirir. Buna görə də üsyan və sabitlik böhranı şəraitində qəbul edilən bu tədbirlər azadlığın inkarı kimi deyil, onun davamlı mövcudluğunu təmin edən siyasi məsuliyyət addımı kimi əsaslandırılırdı. Əhəmiyyətli məqam ondan ibarətdir ki, təhlükə aradan qalxdıqdan və dövlət sabitliyi bərpa olunduqdan sonra bu fövqəladə mexanizmlər ləğv edildi və siyasi həyat tədricən daha geniş hüquqi və demokratik çərçivələr daxilində inkişaf etməyə başladı. Bu təcrübə göstərir ki, Atatürk üçün azadlıq idarəolunmaz sərbəstlik deyil, dövlət institutlarının sabitliyi və ictimai nizam daxilində qorunan siyasi dəyər idi.
Bu təcrübə göstərir ki, azadlıq təkcə hüquqi bəyanat deyil. O, institutlar, siyasi təşkilatlanma və məsuliyyət tələb edən ictimai vəziyyətdir. Dövlət qoruyucu və təşkilatlandırıcı funksiyasını yerinə yetirmədikdə isə azadlıq asanlıqla qeyri-sabitliyə və idarəetmə boşluğuna çevrilə bilir.
Bu məntiq XX əsrin sonunda postsovet məkanında baş verən proseslərdə də aydın şəkildə müşahidə olundu. Sovet sisteminin dağılmasından sonra bir çox ölkələrdə siyasi azadlıq şüarları sürətlə genişlənsə də, eyni vaxtda institutların zəifliyi və idarəetmə boşluğu ciddi qeyri-sabitlik riskləri yaratdı. Azərbaycanın müstəqilliyinin ilk illərində yaşanan proseslər bu dilemmanın xüsusilə kəskin formasını göstərdi.
Bu şəraitdə ümummilli lider Heydər Əliyevin siyasi kursu azadlıq anlayışına köklü şəkildə fərqli yanaşma formalaşdırdı. Azadlıq anlayışı emosional siyasi şüar kimi deyil, hüquqi dövlət quruculuğu və institusional sabitlik çərçivəsində reallaşdırılmalı siyasi dəyər kimi təqdim olundu. Dövlət institutlarının möhkəmləndirilməsi, hüquqi sistemin bərpası və təhlükəsizlik mühitinin təmin olunması azadlığın real məzmun qazanmasının əsas şərti kimi dəyərləndirildi. Bu dövlətçilik yanaşması Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə davam etdirildi. Azadlıq artıq yalnız hüquqi bəyanat kimi deyil, güclü institutlar, iqtisadi inkişaf və dövlət suverenliyinin möhkəmləndirilməsi ilə təmin olunan real siyasi imkan kimi formalaşdı. Dövlətin institusional gücü və milli suverenliyin bərpası azadlığın abstrakt şüar deyil, davamlı inkişaf və ictimai sabitliklə bağlı praktik dəyər olduğunu göstərdi.
Beləliklə, azadlıq dövlət daxilində reallaşan siyasi dəyər kimi formalaşdı. Göründüyü kimi, azadlıq yalnız hüquqi bəyanat olmaqla kifayətlənməyək, institutlar və məsuliyyətlə təmin olunan ictimai münasibət formasıdır.
Nəticə etibarilə azadlıq yalnız imkan deyil, məsuliyyət doğuran normativ vəziyyətdir. Azadlığın real məzmunu hüquqi qaydalar, institusional sabitlik və siyasi məsuliyyət daxilində formalaşır. Bu şərtlər olmadan azadlıq ya abstrakt şüara, ya da idarəolunmaz sərbəstliyə çevrilə bilər. Davamlı və işlək azadlıq isə yalnız məsuliyyətlə uzlaşdırılmış azadlıqdır.
Mehdi ABDULLAYEV,
hüquq elmləri doktoru, Dövlət İdarəçilik Akademiyasının dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri

