“İntellektual mülkiyyəti qoruyub saxlayın, ona sahib olan dünyaya sahib olub, dünyanı idarə edəcək”. Bu sözlər uzun illər öncə deyilsə də, öz aktuallığını bu gün də itirməyib. Əksinə, daha aktual olub, çünki bəşəriyyət texnologiyalar əsrində yaşayır və müasir texnologiyaların inkişafı məhz intellektə bağlıdır. Eyni zamanda intellekt dövlətin qurulmasında və inkişaf etdirilməsində çox önəmli rol oynayır.
Dünyada müxtəlif ölkələrdə yüksək intellektə malik olan bir çox dövlət xadimləri olub. Almaniya kanslerləri Otto fon Bismark və Konrad Adenauer, ABŞ prezidentləri Tomas Jefferson və Franklin Ruzvelt, Böyük Britaniya baş nazirləri Uinston Çörçill və Marqaret Tetçer, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk, Pakistanın banisi və lideri Ali Cinna və sözsüz ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev.
Bu siyahıda adları çəkilən şəxslərin hər biri böyük xalqların və dövlətlərin nümayəndələri olublar, sadəcə, bir şəxs istisna olmaqla. Bu da hər bir azərbaycanlı üçün qürur mənbəyi olan – cənab Heydər Əliyevdir.
1969-cu ildə Heydər Əliyev Azərbaycanın rəhbəri seçildi və sonra Sov.İKP Mərkəzi Komitəsi Siyası Bürosunun üzvü seçilərək, dünyanın aparıcı ölkəsi olan SSRİ-nin 9 rəhbərlərinin biri oldu. Sov.İKP MK Siyasi Bürosunun tarixində 177 üzvü olub və onlardan Siyasi Bürodan uzaqlaşdırıldıqdan sonra siyasətə qayıda bilən bir, yaxud iki nəfər oldu. Biri Heydər Əliyevdir. O, Siyasi Bürodan uzaqlaşdırıldıqdan sonra Azərbaycana döndü və dövlətin Prezidenti seçildi.
Onun hakimiyyəti dövründə elmə, incəsənətə xüsusi diqqət yetirilirdi. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra dünyanın aparıcı zəkaları Azərbaycana gəlməyə başladılar. Tanınmış musiqiçi Mstislav Rostropoviç, dünya elmində çevriliş etmiş azərbaycanlı alim Lütfi Zadə, tanınmış fiziklər, Nobel mükafatı laureatı, Jores Alferov və akademik Roald Saqdeyev, dünyaca məşhur həkim Maykl De Beyki və digərləri. Bu insanları Heydər Əliyevin intellekti və onun boyük dövlət adamı olması cəlb edirdi.
İntellekt nədir, onu ölçmək mümkündürmü? İntellekt insanın gördüyü işlərlə ölçülür və ona qiymət böyük şəxslər tərəfindən verilir. İnsanın yüksək intellekti, eyni zamanda, məxsus olduğu xalqın mənəvi və mədəni dəyərlərinə olan məhəbbəti və bağlılığı ilə ölçülür.
1978-ci ildə Kirovabad (indiki Gəncə) şəhərinin iki rayona bölünməsi qərarı verildi. Mərkəzdən, yəni, Moskvadan təklif gəldi ki, bir rayona Leninski ya Sovetski, digərinə, zavodlar cəmləşən hissəyə Raboçi, yaxud Proletarski adı verilsin. Amma hər bir gəncəlinin qəlbində bir arzusu var idi, rayonlardan birinə şəhərin qədim adının verilməsi. Amma bunu deməyə heç kəsin cəsarəti çatmırdı, çünki güçlü kommunist rejimi var idi. Müəssisələrdə müzakirələr başladı və insanlar bir qərara gələ bilmirdilər. Nəhayət, Heydər Əlyev şəhərin fəallarını Bakıya dəvət etdi və özünə məxsus olan səbirlə hər kəsi dinlədi. Biri dedi Sovetski, digəri Proletarski və s. Hər kəsi dinlədikdən sonra Heydər Əliyev şəhərin aktivinə bir sualla müraciət etdi. Bu torpağın dünyaya verdiyi ən böyük oğulun adı nədir? Dərhal cavab verdilər: Nizami. Bəs dünyaya bu böyük oğulu bəxş edən torpağın adı nədir. İnsanlar ayağa qalxıb alqişlarla: Gəncə, Gəncə – dedilər. “Gedin, bir rayona Nizami, digərinə isə Gəncə adı verin, – dedi Heydər Əliyev. Bir müddətdən sonra artıq şəhərə onun qədim adı qaytarıldı.
Bu, nə idi, kommunist rejiminə etirazmı? Mərkəzdə buna o qədər də isti baxmadılar. Hətta Heydər Əliyevin vəzifədə qalıb-qalmaması məsələsinə baxırdılar, amma o, öz yolunu davam etdirirdi.
1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə uzaq Sibirdən Azərbaycanın böyük oğlu, filosof-şair Hüseyn Cavidin nəşi Azərbaycana gətirilib, Naxçıvanda torpağa tapşırıldı. Yenədəmi rejimə etiraz? Düşünürəm ki, bu gənc nəsilə bir mesaj idi, insan öz mədəni və mənəvi dəyərlərinə, vəzifəsindən asılı olmayaraq, necə bağlı olmalıdır.
İnsanın yüksək intellekti ən mürəkkəb anlarda yaranmış vəziyyətdə çıxış yollarını tapmağa imkan verir.
1994-cü ildə, “Əsrin müqaviləsi” imzalanmadan öncə Heydər Əliyev dünyanın aparıcı neft şirkətinin birinin prezidenti ilə görüşdü. Məlum idi ki, onlar Azərbaycanın şərtlərini qəbul etmək istəmirlər, amma, eyni zamanda danışıqların nəticəsindən asılı olmayaraq onlarla dost olmaq lazım idi. Görüşdə Azərbaycan tərəfindən Heydər Əliyev, onun köməkçisi, aparatın şöbə müdiri və xarici işlər naziri, digər tərəfdən şirkətin prezidenti və onun köməkçisi və tərcüməçisi (gənc bir xanım) iştirak edirdilər. Görüş gözləndiyi kimi, bir nəticə vermədi və şirkətin nümayəndələri görüş yerini tərk etməyə hazırlaşırdılar. Bu zaman Heydər Əliyev şirkətin prezidentinə müraciət edib soruşdu – “Sizin yanınızdaki xanım kimdir? Cavab – “Mənim köməkçim və tərcüməçim”. “Çox gözəl”, – dedi Heydər Əliyev. Sonra əlavə etdi: “Mənim yanımda mənim köməkçim oturub, sizin köməkçiniz qalsın burada, siz isə mənim köməkçimi özünüzlə aparın”. Bunu eşidən şirkətin prezidenti əsəbiləşərək qəti etiraz etdi. Heydər Əliyev bir az düşünərək ciddi tərzdə dedi: “Siz tam haqlısız, sizin köməkçiniz çox yaraşıqlıdır, mənimki isə yox və özü də kişidir. Mən sizə köməkçimi və şöbə müdirini verirəm, sizin köməkçiniz isə burada qalsın”. Bunu eşidən şirkətin prezidenti bir qədər də əsəbiləşib ayağa qalxdı. Bu zaman Heydər Əliyev xarici işlər nazirinə tərəf baxıb dedi: “Bu gün, deyəsən, səni də qurban verəsi olacayıq, vəziyyət bunu tələb edir”. Nəhayət, her şeyi başa düşən şirkətin prezidenti yüksəkdən gülərək ayağa qalxıb Heydər Əliyevə yaxınlaşıb onu qucaqlayaraq dedi: “Mən bura gələndə bilirdim ki, böyük dövlət və siyasi xadimlə görüşəcəyəm, amma indi müdrik qəlbli və incə yumor hissi olan bir insanı görərək Sizinlə dost olmaq istəyirəm”. Bu nə idi, incə yumormu? Xeyir, bu dərin intellektin nəticəsi idi. Belə mürəkkəb vəziyyətdə dərin intellekt çıxış yolu tapıb yad adamı dost etdi. Bir müddət sonra “Əsrin müqaviləsi” imzalandı. Belə addım, bəlkə də, siyasi qanunları pozurdu, ziddiyyət yaradırdı, amma Heydər Əliyev elə bir şəxsiyyət idi ki, o, siyasi qanunları və qaydaları özü yaradırdı.
Dərin intellektə məxsus olan şəxslərin arasında elələri var ki, onlara dahi insanlar deyirlər. Verilənlərin böyük massivlərini beyinlərində saxlayan, onları təhlil edən və lazımi anda, lazımi bilgini istifadə edib effektiv qərarları qəbul edən insanlara dahi deyirlər.
Alimlərin dediyinə görə, XX əsrdə belə dahilərdən biri Albert Eynşteyn idi. Onun dediyinə görə, fizika elmi onun beynində bölünməz vahid idi və hər nəticənin orada öz yeri, öz hüceyrəsi var idi və belə insanların inanılmaz yaddaşı olurdu.
1946-cı ildə Ordubadda Rəhim Rəhimov adlı bir gənc həkim çalışırdı. Onun orta məktəb müəllimi qonşuluqda yaşayırdı. Özü və xanımı ağır xəstə idilər. Bir oğulları var idi. Qonşusu dəfələrlə Rəhim doktora müraciət edirdi ki, oğluna bir arayış versin ki, onu hərbi xidmətə aparmasınlar. Çünki evdə ondan başqa kimsə işləmirdi. Nəhayət, uzun təzyiqlərdən sonra həkim belə arayışı verdi. Bir həftə sonra həkimi Naxçıvan şəhərinə, Dövlət Təhlükəsizlik Komitəsinə çağırdılar. Bir neçə saat gözlədikdən sonra otağa gənc zabit Heydər Əliyev daxil oldu. O, soruşdu: – “Bu arayşı siz vermisiz?” “Bəli”, – dedi həkim. Burada yazılanlar doğrudurmu? Həkim: Xeyr – dedi. Bəs nə üçün yazmısız? Həkim vəziyyəti anlatdı. Zabit bir az düşünərək: “Sizi burada hər kəs dürüst insan və gözəl həkim kimi tanıyır, gedin və bir daha belə şeylər etməyin”– dedi və arayışı cırdı. Bu hadisələrin üstündən illər keçdi. Heydər Əliyev Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi seçildi. Həkim Rəhim Rəhimov Bakıya köçüb tanınmış həkim və akademik oldu.
1974-cü ildə akademik Rəhim Rəhimov Onkologiya Mərkəzinə müdir təyin olundu və ondan öncə Mərkəzi Komitədə Heydər Əliyevlə görüşdü. Akademik Rəhim Rəhimovun dediklərinə görə bir saata yaxın olan görüşdə Heydər Əliyev onkologiya sahəsinin elə incəliklərindən danışdı ki, elə bir fikir yaranırdı ki, Heydər Əliyevin tibbi təhsili var. Görüş başa çatdı və Rəhim Rəhimov otağı tərk edəndə birdən Heydər Əliyev gülümsəyərək soruşdu: “Daha yanlış arayışlar vermirsiz?”. Bu nə idi, sadəcə dərin yaddaşmı? Xeyr. Bu, dərin intellektin nəticəsi idi, lazımi anda, lazımi məlumatı beyindən alıb istifadə etmək. Bu baxımdan Heydər Əliyev, sözsüz ki, dahi idi.
2000-ci ildə Heydər Əliyevin dediyinə görə, ABŞ-da olarkan, gözlənilmədən ata Buş tərəfindən onun “ranço”suna dəvət edildi. ABŞ prezidentlərinin protokoluna uyğun olaraq “ranço”ya ancaq böyük dövlətlərin liderləri dəvət olunur. Heydər Əliyev düşünürdü, görəsən, nə səbəbdən dəvət olunub. Gəzinti zamanı Buş Heydər Əliyevi göl üzərində katerdə gəzməyə dəvət etdi. Təkbətək qalanda öz təcüməçisi vasitəsilə Heydər Əliyevdən soruşdu: “İraqda hakimiyyəti dəyişmək olarmı?” “Olar, amma saxlamaq çox çətin olacaq” – cavab verdi Heydər Əliyev. Zaman göstərdi ki, Heydər Əliyev nə qədər haqlı idi. Ata Buş bir vaxtlar Mərkəzi Kəşviyyat İdarəsinin rəhbəri, sonra isə ABŞ-ın Prezidenti olmuşdu və bəlkə də, dünyanın ən məlumatlı şəxslərindən biri idi. Buna baxmayaraq, Heydər Əliyevin dərin intellektinə və biliklərinə əmin idi ki, bu sualı verdi.
Hər bir xalq dünyaya böyük xadimlər verib. Əgər Böyük Britaniyada soruşsanız ki, sizin XX əsrdə dünya siyasətinə verdiyiniz ən böyük düha kim olub, dərhal Uinston Çörçilin adı çəkiləcək. Soruşanda ki, nə üçün belə böyük şəxsiyyətə Biq Benin (Britaniya Parlamenti) önündə ona sadə heykəl qoymusuz, qısa cavab belə olur. Uinston Çörçill o qədər böyük şəxsiyyət olub ki, onun heykələ ehtiyacı yox, heykəlin ona ehtiyacı olub.
Heydər Əliyevə qoyulan ən böyük heykəlin müəllifi və memarı məhz özü oldu – bu, əbədi yaşayan müstəqil Azərbaycan dövlətidir.
Heydər Əliyev Azərbaycan üçün böyük işlər gördü, amma bu dünyadan ürəyində həyata keçməyən bir arzu ilə köçdü. İşğal olunmuş torpaqlarımızın qaytarılması, qaçqınların doğma yurdlarına dönməsi. Bu arzunu həyata cənab İlham Əliyev keçirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz 30 il işğal altında olan torpaqlarımızı geri qaytardı.
Hər bir insan dünyaya gələrkən onun Allah qarşısında bir borcu olur: Bu, özündən sonra həyatda böyük iz qoymaqdır. Bu borcu Heydər Əliyev artıqlaması ilə qaytardı. O, Azərbaycan xalqına müasir düşüncəyə və yüksək təhsilə sahib olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi bəxş etdi. 2014-cü ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun 70 illiyi qeyd olunurdu. 70 ildə bu ali məktəbi dünyanın müxtəlif ölkələrindən 100.000-dən çox gənc bitirmişdir. Amma onların içində ancaq bir şəxs ən yüksək kürsüyə layiq görülmüşdür. Bu azərbaycanlı İlham Əliyevdir.
Bu gün Azərbaycanda və xüsusən Qarabağ bölgəsində böyük tikinti-quruculuq işləri həyata keçirilir, mənəvi dəyərlərimiz bərpa olunur. Qarabağdan inci qədər gözəl olan muğam səsi gəlir. Bu işlərdə cənab Prezidentin və Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın müstəsna xidmətləri var.
Bu gün ölkəmizin hər bir bölgəsində anaların gözlərində hələ qurumamış göz yaşları var. Bu göz yaşları ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş oğullarımız üçün olan göz yaşlarıdır. Artıq vaxt çatıb və mən əminəm ki, qısa bir zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaldacaq və analarımızın üzündə hələ qurumayan göz yaşları sevinc yaşlarına çevriləcək.
Asəf HACIYEV,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının
baş katibi, AMEA-nın akademiki