Müsahibimiz görkəmli kinorejissor, ümummilli lider Heydər Əliyev barədə sənədli kinoserialın müəllifi Vaqif Mustafayevdir.
– Vaqif müəllim, ulu öndər Heydər Əliyev ömrünün hər ili bir əsrə bərabər olan 100 illik yubiley günündə sizi redaksiyamızda görmək çox xoşdur. Ulu öndərin həyat və fəaliyyətinin hər günü xalqımız, millətimiz üçün milli-mənəvi sərvətdir. Qəzetimizin “Heydər Əliyev xatirələri işığında” layihəsinin çoxsaylı qonaqlarının söylədikləri hər xatirə o xəzinəni daha da zənginləşdirir. Sizin danışacaqlarınız xatirələr də, heç şübhəsiz, o xəzinənin qiymətli eksponatı olacaq. Bir neçə müsahibənizdə qeyd edirsiniz ki, Heydər Əliyev sizin həyatınızda böyük rol oynayıb. O rol nədən ibarətdir?
– Ümummilli lider Heydər Əliyev təkcə mənim həyatımda yox, Azərbaycanda elə bir layiqli sənət adamı yoxdur ki, onun taleyində mühüm rol oynamasın. Hətta keçmiş sovet respublikalarında yaşamış bir çox tanınmış sənət adamlarının həyatında Azərbaycan xalqının bu böyük oğlu müstəsna rol oynayıb. Ölkəmizdə incəsənət və mədəniyyət sahəsində çalışan yaşlı nəslin, hətta orta nəslin elə bir nümayəndəsi olmaz ki, Heydər Əliyevin qayğısını, dəstəyini görməmiş olsun. Görməyənlər də onun varisi, layiqli davamçısı Prezident İlham Əliyevin qayğı və dəstəyini görüblər.
Mən bunu demişəm və indi də təkrar edirəm ki, rejissor peşəsi və işi çox çətindir. Rejissor işini alpinistin dağa dırmaşmağı ilə müqayisə etmək olar, baxırsan ki, alpinist dağa dırmaşır, qəfil yıxılır ayağını, qolunu sındırır və xəstəxanada yatır. Elə ki, müalicə alıb sağalır, qolunu, ayağını bərpa edir, sonra yenə də zirvələri fəth etməyə səy göstərir. Kino sənəti də belədir, ağır və çətin sənətdir. Bəzən əsl sənətlə məşğul olan insan belə ondan bezir. Mən özüm bəzən deyirəm ki, kaş bu sənətə gəlməyəydim, kaş rejissor olmayaydım. Amma yadıma düşəndə ki, axı mən Heydər Əliyev haqqında 12 film çəkmişəm, dərhal fikrimdən daşınıram.
Niyə bu filmləri ilk dilə gətirdim? Çünki bu filmlər mənim fəaliyyətimin ən vacib hissəsidir. Ona görə də düşünürəm ki, yox, elə mən düz edib kinoya gəlmişəm, rejissor sənətini seçmişəm. Axı bunu mən bacarıram və peşəmi də sevirəm.
Siz doğru qeyd etdiniz ki, Heydər Əliyevin ömrünün hər ili bir əsrə bərabərdir. Amma nə məndən qabaq, nə də məndən sonra o ömrü sistemli şəkildə lentə köçürən, tarixiləşdirən olmayıb və yox idi də. Çünki bu gərgin əmək, ciddi səylər, qətiyyət və prinsipiallıq tələb edirdi. Gedib Moskvada Qorbaçovu tapmaq, onu danışmağa və çəkiliş etməyə razı salmaq lazım idi. Məndən əvvəl də bunu etməmişdilər və məndən sonra da heç kim bunu etmədi. Və nə yaxşı ki, mən bunu etdim. Bu, mənim şəxsi təşəbbüsüm idi və buna çox sevinirəm, çox şadam. Xoşbəxt bir insan, sənət adamıyam ki, öz milli liderim haqqında tarixi gerçəyi dünyaya göstərmək, gələcək nəsillərə çatdırmaq məramı ilə bunu etmişəm.
– Vaqif müəllim, ulu öndər haqqında 12 sənədli film çəkmisiniz. Özünüz də söhbətimizə başlamazdan qabaq dediniz ki, Heydər Əliyevi belə çəkilişlərə razı salmaq o qədər də asan məsələ deyildi. Heydər Əliyev, umumiyyətlə, özü haqqında çox məlumat verməyi xoşlayan adam deyidi. Onu necə razı sala bildiniz?
– Mən Heydər Əliyevsiz 4 film çəkmişdim. Ondan qabaq da mənə sənədli film çəkməklə bağlı çoxlu xahişlər olmuşdu. Xüsusilə, Moskvadan. Xahiş edirdilər ki, mən görkəmli yəhudi aktyoru və rejissor, SSRİ xalq artisti Solomon Mixoels haqqında sənədli film çəkim. 1946-cı ildə o, repressiyasının qurbanı olmuşdu və Stalinin birbaşa əmri ilə güllələnmişdi. Baxmayaraq ki, Stalin mükafatı almışdı və dünyada çox tanınmış aktyor idi. Prodüser gəlmişdi və 1 ay dalımca gəzdi ki, mən bu işi öhdəmə götürüm və film çəkim. Mən qəti etiraz etdim və dedim ki, “bilirsiniz, mən bədii filmlər rejissoruyam. Eldar Ryazanovun sinfini bitirmişəm. Mən sənədli filmdə özümü təsəvvür edə bilmirəm, çünki özümü orada görmürəm. Soruşdum ki, niyə siz hesab edirsiniz ki, mən yəhudi aktyoru haqqında sənədli film çəkə bilərəm? Dedi, mən buna əminəm. O, maraqlı şəxsiyyət idi, amma mən hesab etdim ki, bu iş mənlik deyil.
Bir-iki ildən sonra həmin adamlar Moskvadan mənə təklif etdilər ki, Stalin haqqında film çəkim. Yəni, Solomon Mixoelsi güllələyən Stalindən. Taleyin ironiyasına baxın ki, az bir vaxtdan sonra Solomon Mixoelsi güllələyən diktator haqqında 3 seriyalı sənədli film çəkməli idim. Mən bundan da canımı qurtardım. Sonra Bakıya gəldim, o vaxtkı ölkə rəhbəri mənə xəbər göndərdi ki, bir nəfər haqqında burada film çəkim. 1990-cı il idi. Dedim yox, mən heç bir şəxsiyyət haqqında film çəkmək fikrində deyiləm. Sonra Türkmənistandan da təklif oldu, ondan da imtina etdim.
Və sanki, birdən məndə nəsə bir çevrilmə baş verdi. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdanda məndə onun şəxsiyyətinə qarşı böyük maraq oyandı. Sovetlər vaxtlarında apardığım müşahidələrim yadıma düşdü. Heydər Əliyev tədbirlər keçirirdi, müxtəlif açılışlarda, toplantılarda çıxış edirdi. Yaxşı mənada məni çox təəccübləndirdi ki, bu insan kütləni yox, oradakı hər bir insanı görürdü. Məsələn, xalq arasında çıxış edəndə 15-ci sırada kimsə dayanıb, deyirdi ki, Məmməd, necəsən, çoxdandır görünmürsən. Bax, bu xalqı, insanları, tək fərdləri görmək, onları duymaq qabiliyyəti idi məni çəkən. Sonra onun istedadı, onun xalqın ağır günlərində, dövlətin fəlakətin caynağında olduğu bir vaxtda qayıtması gözlərim önündə canlanırdı.
Biz onu yaşamışıq, biz onu görmüşük. Boz ab-hava, hər yer boz, o balaca polietilen paketlər vare, onların parçaları göydə uçur. Belə bir vaxtda düşünürsən ki, başqa planetdə yaşamaq, Azərbaycanda yaşamaqdan daha yaxşıdır.
1993-cü ildə Heydər Əliyev gəldi, xalqı səfərbər etdi, dövləti qurdu, sabitlik yaratdı, xalqın dinini, dilini – hər şeyi qaytardı və ölkə yenə də başladı yaşamağa. Bütün bunları görən, müşahidə edən adam kimi, onun haqqında film çəkmək məndə çox böyük maraq oyatdı. Çox uzun olmayan bir zamanda dörd film çəkdim və ulu öndərə göndərdim. Nəhayət, 99-cu ildə biz görüşdük və hər şey də buradan başladı.
– Vaqif müəllim, bu yerdə sizə bir sual vermək istəyirəm. Özünüz etiraf etdiniz ki, bədii filmlər ustası olmusunuz. Amma Heydər Əliyev ilə işləmək, təbii ki, aktyor ilə işləmək deyildi. Maraqlıdır, Heydər Əliyevi çəkmək nə qədər asan, nə qədər çətin idi?
– Əlbəttə, mən sənədli film ilə bədii filmin fərqini yaxşı bilirəm. Axı mən Heydər Əliyevi aktyor kimi yox, dahi bir şəxsiyyət kimi görürdüm. Mənim yerimə kim olsa, özünü itirərdi. Amma Heydər Əliyev hər bir sahədə, eləcə də kino sahəsində çox böyük usta, çox böyük professional idi. O, çox gözəl bilirdi ki, kamera çəkir, qırmızı işıq yanır, operator hansı məsafədən çəkir və necə olmaq lazımdır. Biz onunla əvvəldən danışırdıq və o, bu ab-havanı yaradırdı. Heydər Əliyev istəyirdi ki, adam çəkinməsin. Ya zarafat edirdi, ya darağını çıxarıb başını darayırdı, nəsə elə bir hərəkət edirdi ki, adam bir balaca sakitləşirdi.
Hiss edirdin ki, sən iş görürsən və o da sənin həmmüəllifindir, həmkarındır. Bax, belə bir ab-hava yaradırdı və biz işləməyə başlayırdıq. Çəkilişdən əvvəl hər şeyi deyirdim ki, nəyi nəzərdə tuturam, necə düşünürəm. İşimi asanlaşdıran o idi ki, Heydər Əliyev çox böyük professional, həm də dramaturji istedada malik olan bir insan kimi söhbəti elə yönləndirirdi, verdiyin suala elə cavab verirdi ki, o cavab dramaturji baxımdan tam cavab olurdu – əvvəli, ortası, kuliminasiyası və sonu. Artıq sən onu montaj etməyə o qədər də əziyyət çəkmirdin.
Heydər Əliyev danışırdı və bilirdi ki, bunun həcmi neçə dəqiqə olacaq. Yəni, yüksək professionallıqla o, sənin həmmüəllifin olurdu və film də alınırdı. Filmlər o qədər gözəl alınırdı ki, özüm də heyran qalırdım. Sənədli filmlər tarixində, hansısa ölkənin rəhbəri haqqında filmlərin tarixində ilk dəfə Heydər Əliyev haqqında çəkdiyimiz filmlər beynəlxalq mükafatlar, qran-prilər aldı. Hələ bu harasıdır, ilk dəfə sənədli filmlər tarixində sənədli filmin qəhrəmanı mükafat aldı.
2002-ci il avqustun 2-də kino günündə “Əsl məhəbbət” haqqında filminin qəhrəmanı – Heydər Əliyevə yüksək mükafat təqdim elədilər. Əsl insani qəhrəmanlıq nə deməkdir? Sevgisinə sədaqət. Heydər Əliyev öz sevgisini karyeraya dəyişmədi. Öz şəxsi həyatını karyeraya dəyişmədi.
Yəqin, həyatı haqqında məlumatınız var. Ulu öndər Dövlət Təhlükəsizlik Komitəsində işləyirdi və Zərifə xanımın atası Əziz Əliyevin də ailəsi nəzarət altında idi, təqib olunurdu. Hətta, Dövlət Təhlükəsizlik Komitəsinin ovaxtkı sədri Yemelyanov onu iki dəfə çağırır və deyir ki, sən o ailədən imtina et. Heydər Əliyev bunu etmir. Bu, iradə idi, sədaqət və əsl sevgi idi. Ona görə də indi onun adını daşıyan sarayda o mükafatı Heydər Əliyevə təqdim edəndə çox sevinirdi...
– Vaqif müəllim, 12 film çəkdiniz, bu filmləri çəkən zaman Heydər Əliyev ilə yaxından tanış oldunuz. Heydər Əliyev şəxsiyyəti, obrazı haqqında əvvəlki təəssüratlarınızla tanışlıqdan sonrakı təəssürat arasında fərq hiss etdinizmi?
– Heydər Əliyev ilə nəinki tanış oldum, hətta onu çəkilişlər zamanı, kənarda daha çox izlədim, Heydər Əliyevi daha da çox öyrəndim. Heydər Əliyevin şəxsiyyətini, onun fəaliyyətini daha dərindən dərk etməyə başladım. Heydər Əliyevin həyat və fəaliyyətini hansısa yazılmamış romanın qəhrəmanına bənzətməyə başladım. Mənə maraqlı idi ki, Heydər Əliyev, bəlkə, işdə bir cür, evdə başqa cür olur. Amma gördüm ki, həmin o yüksək mədəniyyət, əxlaq evdə də eynidir, çöldə də, başqa yerdə də. Etiraf edim ki, belə bir şəxsiyyətə rast gəlməmişəm. İndi düşünürəm ki, Heydər Əliyev olmasaydı, başqa bir tarixi şəxsiyyət haqqında – başqa bir adam haqqında film çəkməzdim. Nə də təklif olunan o insanlar – Solomon Mixoels, Fidel Kastro haqqında mən film çəkməzdim. Yəni, kim olursa-olsun, film çəkməzdim.
– Bəs, niyə Heydər Əliyev haqqında film çəkməyə qərar verdiniz?
– Çünki Heydər Əliyev o qədər dramatik situasiyalar, fəqli şəraitlərdə yaşayıb, həyatında bir-birinin ardınca davam edən dramatik şəraitlərə düşüb ki, bunu 10 qəhrəmana bölsək, hər bir qəhrəmana kifayət edər. Yəni, bir ömürdə, bir şəxsiyyətdə, onun həyatında nə qədər dramatik şərait ola bilər? Məsələn, insanları xilas etməyə görə Dövlət Təhlükəsizlik Komitəsinə gəldi və nə qədər insan xilas etdi. Profilaktikanı insanları qazamata salıb onlara əzab verməkdən üstün tutdu. Nə qədər sənətkarı, ziyalını, elm adamını xilas etdi, bunu siz yaxşı bilirsiniz. Respublikaya rəhbər gəldi və ən geridə qalmış respublikanı qabaqcıllar sırasına qaldırdı. Bunlar həqiqət idi və gözümüzün qabağında baş vermişdi. Mən bunları məktəbdə, universitetdə oxuyarkən izləyirdim. 1982-ci ildə Moskvaya getdi. 12 nazirliyə və 20-yə yaxın komitəyə rəhbərlik etdi. Onların içində dəmiryolu da var idi, təhsil, kino, mədəniyyət, səhiyyə də var idi. İndi bəziləri bir nazirliyə rəhbərlik edə bilmirlər. Amma SSRİ miqyasında 30-a yaxın bir-birindən nəhəng komitə və nazirliyə nəzarət edirdi.
SSRİ nəhəng bir dövlət idi. Heydər Əliyev o nəhəng dövlətin iqamətgahı olan Kremldəki rəhbərlərin hamısından fərqlənirdi. Heydər Əliyev nəhəng şəxsiyyət idi. Kremldə əksər işləri o, idarə edirdi. SSRİ dövlətini faktiki əsas idarə edənlərdən biri idi. Sonra müstəqil dövlətə gəlib rəhbərlik etməyə və dövləti qurmağa başladı. İnsanda nə qədər enerji, əzmkarlıq, qətiyyət olarmış...
Mənim bir filmim var, adı “Dövlət”dir, 3 hissədən ibarətdir. Heydər Əliyev necə dövləti qurur. Sonuncu sənədli filmim “Ata yolu”dur. Bu günlərdə Nizami kinoteatrında nümayiş olunub. Bu filmdə ölkə Prezidenti İlham Əliyevin öz atası haqqında fikirləri, izlədiyi, müşahidə etdiyi bütün məqamlar nümayiş etdirilir. Tamaşaçıların hamısı kino xadimləri idi və onlar çox təsirlənmişdilər.
– Vaqif müəllim, bütün bu filmləri çəkdiyiniz dövrlərdə Heydər Əliyev ilə üz-üzə gəlmisiniz, söhbətləriniz olub. Bizə yadınızda qalan xatirə barədə danışa bilərsinizmi? Layihəmizin də əsas məramı məhz Heydər Əliyev haqqında xatirələri oxucularımıza çatdırmaqdır.
– Çəkdiyim bu filmlər ona çox əziz idi. Bu yaxınlarda AzTV-nin mədəniyyət kanalı bir veriliş çəkmişdi. O verilişdə mənim Heydər Əliyev haqqında xatirələrimi lentə almışdılar. Amma mən o xatirələr haqqında yox, orada olan arxiv materialları haqqında danışmaq istəyirəm. İlk dəfə o arxiv materiallarını orada gördüm. Yəni, AzTV-nin çox zəngin arxiv materialları var. İlk dəfə orada gördüm ki, Heydər Əliyev Prezident Aparatında keçirdiyi yığıncaqda deyir ki, “siz Vaqif Mustafayevin filimini görmüsünüz? Görməmisinizsə, gedin baxın ona. Bilirsiniz, ona çox xoş idi ki, mən bu işlə məşğulam. Məsələn, gedib Moskvada Qorbaçovu tapıb, min əziyyətlə, zülmlə, çətinliklə, həyatımı risk altında qoydum. Nəyə görə? Qisas üçün. Mənim üçün əsas qisas idi. Deyirdim ki, birdən Qorbaçov ölər, biz qisası almağı çatdırmarıq. Getdim, 3 ilimi sərf etdim, onu tapdım.
Heydər Əliyev inanmırdı ki, mən gedib onu taparam və üstəlik, ondan müsahibə alaram. 1999-cu ildə biz görüşəndə dedi ki, “Axı sən boynuna niyə yüksək öhdəlik götürürsən: Deyirsən mən gedib Qorbaçovu tapacam, onu danışdıracam, film çəkəcəm”. Təklif mənim idi. Heydər Əliyevə deyirdim: “Cənab Prezident, mənə elə gəlir ki, sizin Kremldən kənarlaşdırılmanızda paxıllıq böyük rol oynayıb”. Dedi: “Düz deyirsən”. Dedim: “O paxıllığı Qorbaçov Sizə qarşı edib”. Dedi: “Fikrin düzdür, indi nə etmək istəyirsən?” Dedim: “Film çəkmək istəyirəm. Fikrim odur ki, Qorbaçovu tapım, onu danışdırım”. Dedi: “Bunu necə edə bilərsən? Sən azərbaycanlısan. Qorbaçov Azərbaycan xalqının başına nə bəlalar gətirib. 20 Yanvar faciəsini yada salaq. O, səni yaxına buraxmaz”. Dedim: “Cənab Prezident, qarşıma böyük, ali məqsəd qoyanda ona nail oluram. Məqsədim Qorbaçovu tapmaqdır, soruşum ki, bütün onları niyə etmisən? Bu bəlaları niyə Azərbaycan xalqının başına açmısan? O boyda nəhəng Heydər Əliyevi vəzifədən ədalətsizcəsinə uzaqlaşdırmısan?” 3 ildən sonra, nəhayət, buna nail oldum. Bunu bacardım.
Qorbaçovla müsahibəni başa vurandan sonra Bakıya gəlməyə 14–15 saat vaxt var idi. Pal-paltarım, əşyalarım mehmanxanada idi. Amma maşını mehmanxanaya yox, aeroporta sürdürdüm. Düşünürdüm ki, aeroportda daha çox xilas olmaq şansım var...
– Elə bir təhlükə var idi?
– Müsahibəni onun adına olan Fondda çəkirdim, orada da hər addımbaşı bir cangüdən var idi. Fikrini dəyişib başqa şey edə bilərdi. Qorbaçov çox əsəbiləşmişdi. Müsahibəmiz iki saat yarım çəkdi. Halbuki mənə 15 dəqiqə vaxt vermişdi. O müddət ərzində hər şeyi etiraf etdi. Etiraf etdi ki, 20 Yanvarda Bakıya qoşunların girməsi ilə bağlı fərmana o, qol çəkib. O fərman heç yerdə yox idi, tapa bilmirdim. Dedi, başqa nə edə bilərdim? Bakatinlə o birisi yanıma gəldi. Dedilər ki, sənəd lazımdır, buna qol çəkməlisən. Filmdə bütün bunlar var. Onu da etiraf etdi ki, doğrudan da, Heydər Əliyevə paxıllıq edirdi.
Bəzi adamlarla danışmışdım. Maşına minən kimi materialları verdim ki, təcili surətlərini çoxaltsınlar. Mənə bir şey olarsa, materiallar qalsın. 13–14 saat sərnişinlər arasında gizləndim. Nəhayət, sağ-salamat Bakıya çatdım. Sonra Heydər Əliyevi çəkdim.
***
Montaj olundu, film hazırlandı. Bununla sakitləşmədim. Filmi Almaniya, Fransa kimi ölkələrin festivallarına yox, birinci Rusiyaya apardım. Rusların nə düşündüyünü öyrənmək, reaksiyalarını müşahidə etmək mənim üçün vacib idi. Azərbaycanın Heydər Əliyevi və Rusiyanın Qorbaçovu haqqında nə fikirləşirlər? Film Qran-Pri mükafatı aldı. Bu, o demək idi ki, Rusiya tamaşaçısı öz simpatiyasını, rəğbətini azərbaycanlı Heydər Əliyevə vermişdi. Bununla da sakitləşmədim. Yekaterinburqa getdim. Orada da nüfuzlu sənədli filmlər festivalı keçirilirdi. Orada jurinin sədri dünya səviyyəli rejissor Qleb Panfilov idi. Film bu festifalın da əsas mükafatını aldı.
Ondan sonra Heydər Əliyevlə Şəhidlər xiyabanında görüşdük. Dedi: “Haradasan, tapılmırsan respublikada? Gündə bir mükafat alırsan”. Dedim: “Cənab Prezident, bu, Sizin sayənizdədir. Sizin şəxsiyyətinizə olan marağın sayəsindədir”. Çox sevinirdi. Bu sevinci gözlərində görə bilirdim. Ən əsası bildi ki, Qorbaçov elə-belə, cəzasız qalmır. Azərbaycanlı getdi, onu çəkdi. Ora gedəndə böyük ideya daşıyıcısı deyildim.
– Vaqif müəllim, demək olarmı ki, sizin sadaladığınız sənədli filmlərinizin yüksək mükafatlar almasının əsas səbəbkarı Heydər Əliyev idi?
– Əlbəttə. Bu ifadəni ona demişdim. Demişdi ki, mükafatı alan sənsən. Düzünü deyək, başqası haqqında çəksəydim, ona kim mükafat verərdi? Hansı sənədli filmdə filmin qəhrəmanına mükafat verilir? Qəhrəmana böyük maraq var idi və bu maraq getdikcə artırdı. Heydər Əliyev artıq bizim qəlblərimizə, yaddaşlarımıza köçüb. Əsas daşıyıcı disklər, qəzet, kitab deyil, qəlblərimizdir. Biz də bunu uşaqlarımıza, onlar da öz uşaqlarına ötürür. Məndə bir ssenari var idi. Yazmışdım “1923-cü il – əbədiyyət”. Bizdə belə bir alqış var, deyirlər, 100 il yaşa. Heydər Əliyev 100 ildir yaşayır. Hələ neçə yüz illər yaşayacaq...
– Sizcə, Heydər Əliyev haqqında hər söz deyilibmi, hər şey çəkilibmi?
– Xeyr. Sizə bir epizod danışım. Çexiyada mənim tanışlarım, dostlarım, jurnalistlər var. Heydər Əliyev Praqada olanda onlara demişdim ki, yaxınlaşıb çəkərsiniz. Heydər Əliyev də bunu bilirdi. Elə oldu ki, Heydər Əliyev Bakıya təyyarə ilə qayıtmalı oldu. Həmin jurnalistlərə demişdi ki, Vaqifə deyərəm, Sizi Bakıya dəvət eləsin, gəlib, Bakıda çəkiliş apararsınız. Elə də oldu. Onlarla birlikdə Prezident Aparatına gəldik. Haradasa 6–7 nəfər idi. Heydər Əliyev qəbulda onları adbaad qeyd etdi. Masada əyləşdilər. Mən də küncdə bir yerdə əyləşdim. Qulağım çaldı ki, mənim haqqımda söhbət gedir. Heydər Əliyev məni göstərərək dedi ki, küncdə oturan o oğlan Azərbaycan xalqının düşmənini ifşa edib. Azərbaycan xalqının qəhrəmanıdır. Mən o sözlərdən sonra iki dəfə də balacalaşdım.
Çex jurnalistləri ilə vidalaşandan sonra, qonşu otağa keçmək üçün ona yaxın olan qapıya yaxınlaşdı. Cəld qapını açdım. Yaxınlaşıb çərçivənin yanında dayandı. Bir qədər fikrə dalıb, mənə tərəf döndü və dedi: “Sənin mənim haqqımda neçə filmin qalıb?” Dedim: “7 film çəkmişəm, 5-i qalıb. Simvolik olaraq 12 film nəzərdə tutmuşam, 100 film də çəkilsə, həyatınızı, fəaliyyətinizi sığışdırmaq olmaz”. Dedi: “Deməli, 5 film qalıb?” Ardınca dedi ki, 5 filmi, bəs, necə çatdıracaqsan? Dedi və getdi. Qapını örtdü. Duruxub qalmışdım. Evə dönəndən sonra da səhərə kimi başıma min fikir gəldi. “O nə demək idi axı? Necə yəni bunu necə çatdıracaqsan?” Bu söhbət olub 2003-cü ildə. Düşündüm, bəlkə məni kosmosa göndərirlər? Çünki həmişə mənə deyirdi ki, mütləq sınaq keçməlisən.
Ağlıma Qaqarinin kosmosa uçmağı gəlirdi. O vaxtlar televiziyada görürdüm ki, insanı kabinənin içərisində fırladırlar. Mən də özümü orada təsəvvür edirəm və kosmosdan qayıtmıram. O fikir qalmamışdı ağlıma gəlməsin. Bir fikirdən başqa. O fikir təkcə məni yox, bütün xalqı sarsıtdı. Deməli, özünü nəzərdə tuturmuş. Deməli, mən beş filmi necə çatdıracam? Onun həyatı bitəcəkmiş, dünyanı tərk edəcəkmiş. Mən eşitmişdim ki, dahi insanlar öz həyatlarını uşaqlığından sonuna kimi görürlər. Heydər Əliyev də dahi idi.
Amma hələ bu acı və bəd xəbər qulağımızdan uzaq idi. Mənim 50 illiyim idi. Heydər Əliyev klinikada müalicə alırdı. Orada da məni unutmamışdı. Düşünürmüş ki, klinikadadır, Bakıda kimsə Vaqifin qayğısına qalmayacaq. Görün o boyda şəxsiyyət məni yada salır və “Şöhrət” ordeninin təltifi ilə bağlı sərəncamı orada imzalayır.
– Həmin təqdimatı eşidəndə hansı hissləri yaşadınız?
– İlk növbədə, onu düşündüm ki, belə şey ola bilməz. Mümkün deyil. Adi bir məmurun təzyiqi qalxanda, heç kimi qəbul etmir. Amma bu insan necə dahidir ki, adi bir rejissor Vaqif Mustafayevin yubileyini xatırlayır və bunu qeyd etməyi unutmur. Demək, Heydər Əliyev hər şeyi düşünürmüş.
Müsahibəni qələmə aldı:
R.İLQAR,
“Xalq qəzeti”