Kövrək bir xatirə

post-img

Mən Tofiq müəllimi həm şöhrətli türkoloq, həm istedadlı şair, həm də nəcib və xeyirxah insan kimi tanıyıram. Hər görüşümüzdə də onun dəmir məntiqə, dərin zəkaya, həssas qəlbə, prinsipial xarakterə sahib olduğunu hiss edirəm. Növbəti gorüşümüzdə onun nə qədər incə, kövrək, qədirbilən insan olduğunu bir daha duydum…

Ziyalıların, türkoloqların məclisin­də söhbət ulu öndər Heydər Əliyev­dən düşəndə professor Tofiq Məlikli də ümummilli liderin böyük tarixi şəxsiyyət olduğunu vurğuladı, xidmətlərini qeyd etdi, sonra bir az fasilə verib davam etdi:

– Heydər Əliyevdə dəyər verdiyim ən böyük insani keyfiyyətlərdən biri onun ailəsinə, övladlarına bağlılığı, sa­diqliyi idi. Yaxşı xatırlayıram. 1985-ci il idi. Hamının nəcib, xeyirxah və vəfalı insan kimi tanıyıb hörmət etdiyi Zərifə xanım vəfat etmişdi. Vida mərasimi Moskvada Alimlər evində keçirilirdi. Şeyxülislam Hacı Allahşükür Paşazadə, Elman Araslı və digərləri birlikdə mə­rasimdə mən də iştirak edirdim. İnsan axını bitib-tükənmirdi. Hər kəs kədərli, hüznlü, göz yaşı içində idi. Bir müddət sonra Zərifə xanımla son görüş üçün doğmalarından başqa hamının zaldan çıxması xahiş edildi. Ailə üzvləri ilə bir­likdə biz də qaldıq. Qızları Sevil xanım heç sakitləşmək bilmirdi. O zaman bığ yeri yenicə tərləyən İlham Əliyevin kə­dərli siması indi də gözümün qabağın­dadır. Heydər Əliyev isə..

Bu zaman Tofiq Məliklinin boğazı qurudu, gözləri doldu, qəhərləndi. Bir müddət susdu, nəmli gözlərini məclis­dəkilərdən gizlətməyə çalışdı.Bacarma­dı. Onun bu halı hər kəsi təsirləndirmiş­di. Nəhayət, toxtayıb davam etdi:

– O səhnə – Heydər Əliyevin hıçqır­tı ilə ağlaması indi də qulaqlarımdadır. İlahi, o necə bir mənzərə idi. O vaxta kimi kim desə idi ki, Heydər Əliyev ağ­laya bilər, inanmazdım. Amma bunu öz gözlərimlə gördüm, bildim ki, o həm də sadiq, sədaqətli, bütün varlığı ilə Zərifə xanımı sevən bir incə qəlbə sahib insan idi…

...Zərifə xanımın cənazəsi böyük iz­dihamın müşayiəti ilə "Novo- Deviçiya" qəbiristanlığına gətirildi. Dəfn mərasi­mi də Zərifə xanıma layiq təşkil olun­muşdu. Hamı dağılandan sonra Elman Araslı üzünü Şeyxə tutdu:

– Biz üçümüz qalaq, siz bir "Yasin" oxuyun, biz də dua edək sonra gedərik, – dedi. Beləliklə, üçümüz qaldıq, Şeyx “Yasin” surəsini oxudu və biz qəbiristan­lıqdan çıxdıq.

Tofiq müəllimin bu kövrək xatirəsi məclisdə iştirak edən tanınmış oftalmo­loq-cərrah, istedadlı şair Paşa Qəlbi­nuru da təsirləndirmişdi. O da söhbətə qoşuldu. Zərifə xanımın da nə qədər qədirbilən, həssas, xeyirxah insan ol­duğunu eşitdiyi, şahidi olduğu hadisələ­ri danışmaqla xatırladı. Türkoloqların növbəti məclisi bu iki böyük insanın xa­tirəsinin ehtiramla yad edilməsinə həsr olundu.

Abid TAHİRLİ,
filologiya elmləri doktoru

Sosial həyat