Azərbaycanın müstəqil məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında qurulması və formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra məhkəmə-hüquq sistemində köklü dəyişikliklər baş verməsi, müsbət nəticələr əldə olunması, 1995-ci il noyabrın 12-də yeni Konstitusiyanın qəbul edilməsi ilə müasir dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimiyyətin bölgü prinsipinin, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatının əsasının qoyulması məhz bunun parlaq ifadəsidir.
Müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi.
Yeni Konstitusiya dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri–qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü və konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib.
Bütün bu reallıqları dərindən təhlil edən və nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” Qanun qəbul edildi. Həmin qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında proqram xarakterli fərman imzalandı və ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı.
Ədalət mühakiməsinin həyata keçirilməsinin hüquqi əsaslarının ilk öncə İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə, Mülki və Siyasi hüquqlar haqqında beynəlxalq paktlarda, həmçinin, İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvensiyasında və yeni Konstitusiyamızda yer almış prinsip və normalara uyğunlaşdırılması bu prosesin vacib tərkib hissəsi idi.
Dahi öndərin rəhbərliyi ilə aparılmış köklü məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı. Bu sistemin üstünlüyü ondan ibarətdir ki, o, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququna təminat, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan verir. Bu isə öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə zəmin yaradır.
Məhkəmə islahatlarının gedişində, həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün mənəvi cəhətdən saf, yüksək biliyə malik hakim korpusunun formalaşdırmasına böyük ehtiyac yaranmışdı. Bu məqsədlə 1998-ci ildə Prezident yanında məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis edildi.
Ümummilli lider bundan sonra hüquqi islahatları sistemli, ardıcıl formada davam etdirmək üçün bu prosesin institutlaşdırılmasını da diqqətdə saxladı və 1996-cı il fevral ayının 21-də Hüquqi İslahat Komissiyasının yaradılması ilə bağlı müvafiq sərəncam imzaladı. Komissiya səmərəli fəaliyyət göstərərək, beynəlxalq təcrübə əsasında bir sıra qanun və digər sənədlərin, o cümlədən, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunların hazırlanmasını gerçəkləşdirdi. Bununla da respublikada birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli məhkəmə sistemi formalaşdırıldı.
Ulu öndərimiz respublikada insan hüquqlarının qorunması məsələsinə də daim önəm verib. Bununla bağlı Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum olub. Həmin sənədə əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirilib, 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev tərəfindən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalanıb. Bununla da insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin mükəmməl konsepsiyası müəyyənləşdirilib və beləliklə, insan hüquqları amili ümumdövlət səviyyəsinə qaldırılıb.
Qeyd edək ki, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi yuxarıda vurğulanan fikrin bariz ifadəsi, dahi şəxsiyyətin yüksək mənəviyyat sahibi olmasının parlaq nümunəsi, gələcək nəsillərə misilsiz töhfəsi oldu. Ölüm cəzasının ləğvi Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu yolunda olduğunu bir daha sübut etdi.
Ümummilli liderimiz 3 fevral 1998-ci il tarixli müraciətində bununla bağlı deyirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Bir qədər sonra, həmin ilin dekabrında BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illik yubileyi tədbirində bu addıma bir daha qiymət verərək bildirdi ki, ölüm cəzasının ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm cəzasının ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir.
Bu dövrdə əfv və amnistiya institutlarının ulu öndər tərəfindən bərpası da olduqca mühüm əhəmiyyət daşıyırdı. Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların bağışlanması müsbət ənənəyə çevrilib. Minlərlə məhkumun əfv və amnistiya olunması ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cəmiyyətdə mənəvi dəyərlər, humanizm hissi aşılayıb.
Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən cənab İlham Əliyev məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işini diqqətdə saxlayıb. Bu məqsədlə yeni qanunvericilik bazası yaradılıb, hakimlərin müddətsiz – son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunub. Hakim korpusunun ən layiqli və hazırlıqlı hüquqşünaslarla formalaşdırılması üçün Avropa Şurası ilə birgə ölkəmizdə hakimlərin ən şəffaf və ədalətli seçim proseduru işlənilib hazırlanıb. Çoxmərhələli imtahanlardan, tədris və stajkeçmədən ibarət olan bu seçim xüsusi şəffaflığına, obyektivliyinə və saflığına görə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilib və digər dövlətlərə tövsiyə edilib.
Kənan HÜSEYNOV,
Bakı Kommersiya Məhkəməsinin hakimi