Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan cəmiyyətinin sivil inkişafını vətəndaşların maraq və mənafelərinin etibarlı təminatının möhkəmlənməsində görürdü. Dahi şəxsiyyət elə buna görə də hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu diqqətdə saxlayır, vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmasını qarşıya mühüm vəzifə kimi qoymuşdu. Ulu öndərimiz xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra siyasi, hüquqi, iqtisadi, sosial sahələrdə demokratik islahatlar proqramının həyata keçirilməsinə start verdi. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində görülən əsas işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi.
1995-ci il iyunun 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından 12 noyabr referendumunadək ümummilli lider Əsas Qanunumuzun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə xüsusi diqqət yetirib. Ümummilli lider bu sənədi dövrün tarixi və siyasi reallıqları əsas götürülməklə gerçəkləşdirib.
Beləliklə, dahi şəxsiyyətin yorulmaz əzmi ilə 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyası fundamental tarixi bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan haqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirdi. Eyni zamanda, bu Əsas Qanun 1918-ci ildə qəbul olunan İstiqlal Bəyannaməsini özündə yaşadan, varisliyi təmin edən mükəmməl bir sənəd kimi Azərbaycanın şərəfli tarixinin pozulmaz səhifəsinə çevrildi.
Müstəqil Azərbaycan Konstitusiyasının qəbulundan sonra ümummilli liderin rəhbərliyi ilə respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. Əsas Qanunda təsbit olunduğu kimi, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi və Azərbaycan nəinki MDB, hətta Şərq aləmində bu tarixi qərarı qəbul edən ilk dövlət kimi adını tarixə yazdırdı.
1998-ci il iyunun 18-də isə ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə təsdiq olunan Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı hüquqi islahatlar prosesində yeni mərhələ açdı. 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması bunun bariz ifadəsi idi. Belə bir əhəmiyyətli tarixi yenilik isə 1995-ci ildə qəbul olunmuş Əsas Qanunun keçid müddəalarından birinə əməl olunması demək idi.
Ulu öndər 1998-ci il avqustun 8-də konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı tarixi bir qərarı da imzaladı. Bununla Azərbaycanda senzura tamamilə ləğv edildi. Bundan bir il sonra, 1999-cu il dekabrın 12-də isə Konstitusiyada təsbit olunan mühüm keçid müddəalarından daha biri gerçəkləşdi: ilk bələdiyyə seçkiləri keçirildi, ölkədə yerli özünüidarə institutu fəaliyyətə başladı. Nəhayət, 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilən Azərbaycan demokratik dövlətlər birliyinin sırasında özünəlayiq yer tutduğunu təsdiqlədi. Bütün bunlar isə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində yeni qanunların qəbul edilməsinə, hüquqi islahatların genişləndirilməsinə əlverişli yol açdı.
Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə yaradılan Hüquq İslahat Komissiyası tərəfindən qısa müddətdə respublikada konstitutsiya islahatları çərçivəsində beynəlxalq standartlara uyğun işlənib hazırlanmış “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratdı. Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanı əsasında ardıcıl gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli oldu.
İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderimizin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih müəyyənləşdirildi, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.
Burada dahi şəxsiyyətin ölkədə məhkəmə sisteminin yenilənməsi və inkişafı ilə bağlı fəaliyyətində diqqət çəkən bir məsələni də xatırlatmaq istərdim. Belə ki, “Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 2000-ci il 17 yanvar tarixli fərmanla hakimlərin seçilməsi, məhkəmə fəaliyyəti ilə bağlı digər funksiyaların həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidenti yanında mötəbər tərkibdə Məhkəmə-Hüquq Şurası təsis edildi, hüquq sistemində köklü dəyişikliklərə səbəb olan tədbirlər görüldü.
Məhkəmə-Hüquq Şurası ölkədə müstəqil məhkəmə sisteminin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən müstəqil orqan kimi fəaliyyətini şərtləndirdi.
Onu da xatırladım ki, həmin dövrdə – Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq, ölkəmiz 200-dən artıq beynəlxalq konvensiyaya, o cümlədən, insan hüquqlarının müdafiəsi ilə bağlı 70-dən çox beynəlxalq sənədə tərəfdar çıxdı. Bu sahədə beynəlxalq öhdəliklərə riayət edilməsində mühüm uğurlar əldə etdi və bununla dünyada nüfuzunu artırdı.
Ulu öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi 20 ildir ki, möhtərəm Prezident İlham Əliyev tərəfindən daha böyük dinamizm, yüksək əzmkarlıqla davam etdirilir. Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması üçün hakimlər korpusunun sağlamlaşdırılması davam edən islahatların əsas hədəfidir.
Həmid AĞALAROV,
Bakı İnzibati Məhkəməsinin hakimi