Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin rəhbər və mütəxəssis heyəti Sumqayıt Kimya Sənaye Parkının təcrübəsini öyrənmək üçün bu şəhərdə səfərdə olublar.
Yeni tipli müəssisədə keçirilən görüş zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər barədə, eləcə də ölkədə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyəti, istehsal edilən məhsullar haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, sənaye parkında yerləşən bir çox müəssisənin istehsal etdiyi məhsullar “Made in Azerbaijan” brendi altında dünya bazarlarına çıxarılır.
Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev İqtisadi Zonaların İnkişafı Agentliyi ilə əməkdaşlığın, xüsusilə, sənaye sahəsində əlaqələrin genişlənməsinin, Naxçıvanda yeni yaradılacaq Sənaye Parkının tənzimlənməsində Sumqayıtdakı təcrübədən yararlanmağın önəmini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

