ABŞ Dövlət Departamentinin yeni təşəbbüsü ilə Bakı və İrəvan arasında Vaşinqtonda baş tutacaq sülh danışıqlarının növbəti raundunda bölgədə yaranmış yeni reallığın nəzərə alınması qaçılmazdır.
Hər şey əvvəlcədən planlaşdırıldığı kimi gedir. Azərbaycanın Xankəndini Hayastanla birləşdirən Laçın yolunun üzərində quraşdırdığı sərhəd nəzarət-buraxılış məntəqəsi bütün beynəlxalq standartlara, sivil qanunların tələblərinə cavab verir. İrəvan nə qədər haray-həşir salsa da, yüz ünvana bəyanat-müraciətlər göndərsə də, fakt faktlığında qalır, məntəqə də rəsmən öz funksiyasını yüksək səviyyədə yerinə yetirir. Eynilə bütün demokratik ölkələrdə olduğu kimi. Bunu postdan sosial şəbəkəyə yerləşdirilmiş audio-video çəkilişlərdən də görmək mümkündür.
İrəvanın BMT-nin Təhlükəsizlik Şurasına, Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlərinin, Paşinyanın dünya liderlərinə telefon zənglərinin heç bir faydası olmadı və olmayacaq. Çünki artıq Bakı bu yolla erməni quldur dəstələrini silah-sursatla təchiz edən Hayastanın revanşist-daşnaklarının sonuncu damarını qırdı. Onların çoxdan düşməyə layiq olduqları vəziyyətdən xilas yolunu dənizlərin və dağların o üzündə axtarmaları elə Qarabağ iqtisadi rayonumuzdakı separatçıların daxili məntiqinə tam uyğundur. Amma reallığı olduğu kimi qəbul etməkdən savayı şansları yoxdur. Udlaqlarında ilişib qalan loxma isə budur: sərhəd şərti olsa da, ona nəzarət real və tamdır!
Ağ Ev təşəbbüsü ələ almağa çalışır
Əslində Bakı üçün indiki məqamda prioritet məsələ danışıqlar prosesinə kimin dəstək verəcəyindən daha çox, sülhün nahamar yolunun maneələrdən təmizlənməsi və sazişin tez imzalanmasıdır. Azərbaycan üçün ön plandakı məsələ tərəfləri bu hədəfə kimin - şimallı vasitəçininmi, yoxsa okeanın o tayındakı təşəbbüskarınmı tez çatdıracağıdır. Elə ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin Prezident İlham Əliyevə telefon zənglərinin leytmotivi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların müqəddəratı olub. Ağ Ev rəsmisi bu xüsusda Vaşinqtonun öz dəstəyini davam etdirəcəyini və sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib.
Aydın məsələdir ki, Blinken telefon söhbətində Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsini qurmasına da toxunub. Bu məsələyə dair dövlət başçımız Bakının kifayət qədər qəti və birmənalı mövqeyini Ağ Ev rəsmisinin nəzərinə çatdırıb: “Bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir”.
Yəni, bu məsələdə hər şey aşkar və konkretdir. Rəsmi Bakı dünyanın supergücünün baş diplomatına anladıb ki, Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqları Azərbaycan Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaq.
Paşinyan yenə “nala-mıxa vurur”
Həmin gün Antoni Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığının əsas mövzusu bölgədə yaranmış hərbi-siyasi və humanitar vəziyyət olub. Hayastan rəhbəri Ağ Evin Dövlət katibinə “Azərbaycan tərəfinin Laçın yolunda, sərhəddə atdığı addımların “Dağlıq Qarabağda” etnik təmizləmə siyasətini ardıcıl reallaşdırmağa hesablandığı” ilə bağlı şikayətlənib. Onun bitib-tükənməyən şikayətlərinin dinlənib-dinlənilməyəcəyini deyə bilmərik, amma Bakının haqlı və tutarlı arqumentləri Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşündə müzakirə mövzusudur. Bu görüş həm də Ermənıstan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dair razılaşma üzrə danışıqların növbəti raundu kimi təqdim edilir. Əslində, Azərbaycan daim ikitərəfli dialoqu və sülh gündəliyini dəstəkləyib. İrəvanla sülh müqaviləsinin mətni üzrə danışıqlara başlamağın və ikitərəfli münasibətlərin normallaşdırılmasının təşəbbüskarı kimi məhz Azərbaycan çıxış edib. İki ay bundan əvvəl isə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh müqaviləsinin 5 prinsipə əsaslanan variantını qarşı tərəfə təklif edib. Bakının bu təklifinə hələ də cavab yoxdur.
İrəvan növbəti işarəni şimaldan gözləyir
Üçtərəfli Vaşinqton görüşünün ardınca tərəflərin Moskvaya səfəri gözlənilir. Bu barədə Rusiya XİN rəsmi məlumat yayıb, tərəflərə dəvətlər də çatdırılıb. Vasitəçi ölkə missiyasını boynuna götürən, sülhməramlı kontingentinin komandanını dəyişən Kremlin bu təşəbbüsü başadüşüləndir. Amma Moskvanın suveren ərazimizdə sərhəd nəzarət-buraxılış məntəqimizi qurmağımızdan məmnun qalmadığı aşkar hiss olunmaqdadır. Yəni, onun nəzərində “Azərbaycan sərhədə nəzarət edənlərə nəzarəti həyata keçirir”. İndi Rusiyanın bölgədə qüvvələr balansını öz xeyrinə dəyişməkdən ötrü təkbaşına, yoxsa İrəvanla əlbir olaraq hərəkət edəcəyi bizim üçün çox vacibdir. Əlbəttə, separatçıların, silahlı quldurların əsirinə çevrilən Qarabağın erməni əhalisinin bu gün öz iradələrini qorxmadan ifadə edəcəyini düşünmək absurddur. Azərbaycan Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsini qurmaqla Qarabağı cinayətkar elementlərdən və qeyri-qanuni silahlı qruplardan təmizləyəcək, erməni əhalisini separatçıların girovluğundan qurtaracaq. Bununla da ölkəmizin bərabərhüquqlu vətəndaşı kimi onların hüquq və təhlükəsizliyini təmin edəcək. Daha Hayastandakı daşnak tör-töküntüsü Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi və nəzarət etdiyi bölgədə özünün separatçı, terrorçu fəaliyyətini davam etdirə bilməyəcək. Ən azı ona görə ki, buyruğu haradan almalarından, hansı istiqamətdə hərəkət edəcəklərindən asılı olmayaraq, mütləq gəlib Azərbaycan DSX-nın Laçın yolundakı sərhəd-buraxılış məntəqəsindən keçəcəklər. Burada isə onlar sadəcə saxta sənədləri ilə bağlı deyil, həmçinin cinayətkar əməllərinə görə suallara cavab verməli olacaqlar.
Fikrət SADIQOV,
politoloq
Bəli, şərti sərhəddə nəzarət-keçid məntəqəsinin qurulması onlar üçün gözlənilməz addım idi. Ola bilsin ki, ermənilər heç buna hazır deyildilər. Dövlət başçımız bunu dəfələrlə deyirdi və Azərbaycanın öz təhlükəsizliyini təmin etməyə qadir dövlət olduğunu bəyan etmişdi. Bütün addımlarımızı da buna görə atacağıq. Hansısa xarici ölkənin respublikamızın daxilində baş verən hadisəyə hansı formada yanaşması bizi nə maraqlandırır, nə də narahat edir. Eyni zamanda, bəzi dövlətlərin bəyanatları da səsləndi. Misal üçün, ABŞ Dövlət Departamentinin açıqlamasını çox diqqətlə oxudum. Orada elə də sərt ifadələrə rast gəlmədim. Sadəcə narahatlıq bildirilirdi.
Yəni, Vaşinqtonun vasitəçilik rolunun artması, tərəflərin danışıqlar masasında bir araya gəlməsi üçün təşəbbüslərin artması ilə bağlı fikirlər yer alırdı. Tərəflər bir dəfə ABŞ-da belə bir görüşə dəvət edilmişdilər.
Ümumən, məsələyə sağlam düşüncə ilə yanaşmaq o deməkdir ki, bəzi siyasi dairələr Azərbaycanın öz suveren ərazisində lazım bildiyi addımları atdığını başa düşür və onun bədnam qonşuları kimi, başqasının torpağında gözü olmadığını da anlayır. Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəmizin yaradılması tam mənada heç kəsə, heç bir tərəfə zərbə vurmur, yalnız dövlətimizin təhlükəsizliyinə və maraqlarına xidmət edir.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”


