Aprelin 30-da ABŞ-ın Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığında başlıca mövzu Bakı–İrəvan münasibətlərinin normallaşması olub. Cənab Blinken sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. Dövlət katibi, həmçinin, sülhün əldə olunmasının mümkünlüyünə inandığını deyib.
Əlbəttə, Birləşmiş Ştatların ali rəsmisinin Vaşinqtonun Cənubi Qafqazda əmin-amanlığın təminatında marağını ortaya qoyması son dərəcə vacibdir. Yeri gəlmişkən, 2023-cü il başlayandan bu maraq üçüncü dəfədir ki, gündəmə gəlməkdədir. Nəzərə alaq ki, A.Blinken bu il yanvarın 23-də və martın 21-də də dövlətimizin başçısına zəng etmişdi. Aprelin 30-dakı zəng isə sayca üçüncü idi.
Prezident İlham Əliyev telefon danışığı zamanı, öz növbəsində, ölkəmizin sülh gündəliyini diqqətə çatdırıb. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanla sülh danışıqlarına başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bakı bunun üçün İrəvana beynəlxalq hüququn norma və prinsiplərinə uyğun beş prinsip təklif edib.
Qeyd edək ki, dövlətimizin başçısının ölkəmizin Ermənistanla sülh üçün təşəbbüskar qismində çıxış etməsini qabartması adi məsələ deyil. Azərbaycan Prezidenti, faktiki olaraq, İrəvanın sülhə etinasız yanaşan tərəf olduğunu vurğulayıb və bu yanaşmanın Vaşinqton tərəfindən nəzərə alınmasının vacibliyini önə çəkib. Cənab İlham Əliyev diqqəti həm də ona yönəldib ki, beynəlxalq oyunçular, maraqlı tərəflər bölgədə firavanlıq istəyirlərsə, mütləq qaydada Ermənistanı yola gətirməlidirlər. Təsadüfi deyil ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov mayın 1-də özünün ermənistanlı həmkarı Ararat Mirzoyanla ABŞ-dakı görüşündən öncəki açıqlamasında İrəvanın danışıqlar masası arxasında əyləşməsinə kömək göstərdiyi üçün Birləşmiş Ştatlara təşəkkürünü bildirib. Deməli, Ermənistan bunu etmək istəmirmiş...
Onu da diqqətə çatdıraq ki, A.Blinken aprelin 30-dakı telefon zəngi zamanı Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulmasına da toxunub. Deməli, Vaşinqton İrəvanın, ermənipərəst dairələrin həmin məntəqə ilə bağlı qaldırdıqları ajiotajı nəzərə alıb və məsələyə yer verib.
Əlbəttə, bu yanaşma heç də o demək deyil ki, Ağ Ev mövcud xüsusda ölkəmizə hər hansı təzyiqin göstərilməsinin tərəfdarıdır. Blinkenin mövzuya toxunması, İrəvanın maraqlarının ifadəsindən irəli gələn məqamın yalnız qabardılmasıdır. Ermənistan anlamalıdır ki, həm Vaşinqtonun, həm də bölgədə maraqlı olan digər qlobal aktorların onun üçün edə biləcəyi təkcə budur. Yəni, sözdə ötəri dəstək. Təxminən belə: biz öz növbəmizdə dedik, alınmadı...
Digər tərəfdən, Blinkenin Laçın–Xankəndi yolunda Azərbaycana məxsus sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasına dair məsələni gündəmə gətirməsi müsbət qiymətləndirilə bilər. O anlamda ki, bunun qarşılığı olaraq, Bakının dəfələrlə vurğuladığı mövqe bir daha səslənir. Nəticə etibarilə bu baxış bucağı daha da möhkəmlənir. Dünya ictimaiyyəti, qeyri-ixtiyari olaraq, vəziyyətlə tanış olur. Vəziyyətlə tanışlıq isə Azərbaycanı bir daha haqlı tərəf kimi göstərir.
Telefon danışığından da göründüyü kimi, Azərbaycan Prezidenti Blinkenin qaldırdığı məsələ ilə bağlı fikirlərini bildirib. Dövlətimizin başçısı "Laçın" sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasının Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq, təmin edildiyini vurğulayıb. Bu, bir daha ölkəmizin mövcud xüsusdakı prinsipiallığının göstəricisi kimi diqqət çəkir.
Onu da deyək ki, erməni cəmiyyəti məhz bu telefon danışığından sonra sərhəd məntəqəsi ətrafında mənasız ritorikanı kənara qoymalı və gələcəyə baxmalıdır. Ermənistanın hakim siyasi dairələri, dünya erməniləri və ermənipərəstlər anlamalıdırlar ki, tələbləri, əslində isə avantürist baxışları ABŞ Dövlət Departamentinin rəhbəri kimi nüfuz sahibi olan şəxs tərəfindən gündəmə gətirilsə də buna qarşı Azərbaycan tərəfindən İlham Əliyevin şəxsində tutarlı əks mövqe ortaya qoyulursa və bu, qəbul edilirsə, deməli, qatar artıq gedib, onun arxasınca baxmağa dəyməz.
Bəli, “Azərbaycan” qatarı hərəkətdədir və ölkəmizin Prezidenti də vurğulayıb ki, sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasında məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin olunmasıdır və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Yəni, Qarabağ erməniləri rahatca o yoldan hərəkət edə bilərlər.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti ilə Birləşmiş Ştatların rəsmisi arasındakı telefon danışığı zamanı diqqət çəkən bir məqam da var. Bu, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi ilə bağlıdır. Telefon təmasında onların hüquqlarının Azərbaycan Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.
Bunun vurğulanması da Bakının Qarabağ erməniləri ilə əlaqədar məsələdəki prinsipiallığının göstəricisidir. Yəni, heç bir halda ikincilər üçün hər hansı əlahiddə yanaşmadan söhbət gedə bilməz. Bölgənin erməni əhalisi Azərbaycan vətəndaşıdır və vətəndaşlığı qəbul edib yaşamaq da, qəbul etməyib ərazini tərk etmək də həmin əhalinin öz istəyinə bağlıdır.
***
Cənab İlham Əliyevlə Antoni Blinken arasında 2023-cü ilin əvvəlindən bəri sayca üçüncü telefon danışığının gerçəkləşməsinə diqqət yetirərkən, onu da vurğulamalıyıq ki, istər aprelin 30-da, istər martın 21-də, istərsə də yanvarın 23-dəki təmas bir sıra cəhətləri üzə çıxarır. Üzərində dayanılmalı olan ilk cəhət isə budur ki, hər telefon danışığında müzakirəyə çıxarılmış məsələlər sonradan bölgənin ictimai rəyində Azərbaycanın mövqeyi kimi oturuşmuş status qazanır.
Məsələn, Ermənistan azərbaycanlı fəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin ötən il dekabrın 12-dən Laçın–Xankəndi yolunda başladıqları aksiyanı Qarabağın blokadası kimi təqdim edirdi. Yanvarın 23-dəki telefon danışığı zamanı dövlətimizin başçısı bunun belə olmadığını vurğulamış və konkret faktlar gətirərək, blokada məntiqinin keçərsizliyini əsaslandırmışdı. Nəzərə alsaq ki, o telefon təması zamanı başlıca prioritet Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmuşdu, deməli, sözügedən blokada ritorikası sülhə maneçilik törəfən faktor olaraq təsbit edilmişdi. Və deməli, İrəvanın, öz aləmində, guya, Bakıya qarşı əldə etdiyi təsir və təzyiq rıçaqının əhəmiyyəti qalmamışdı.
Dövlətimizin başçısı Blinkenlə yanvarın 23-dəki telefon danışığında onu da diqqətə çatdırmışdı ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ölkəmizin faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Bakının daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Hələlik bu tələb yerinə yetirilməyib. Digər tərəfdən, Prezident İlham Əliyev Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını Blinkenin diqqətinə çatdırmışdı ki, sonrakı zaman kəsiyində biz bu daşınmaların intensivliyinin artdığını, mövcud istiqamətdə torpaq yollardan istifadəni gördük.
Deməli, ABŞ-ın Dövlət katibi tərəfindən edilmiş zəngin məğzində dayanan sülh prosesi və normallaşma ideyasına xilaf çıxan Ermənistandır. Yanvarın 23-dəki telefon təması ilə bağlı bir xarakterik məqam var ki, o da İrəvan ilə Bakı arasında imzalanacaq sülh müqaviləsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında baş tutumasının vurğulanmasıdır. Diqqət yetirsək, bunu ölkəmizin rəhbəri aprelin 30-dakı təmasın gedişində də diqqətə çatdırıb. Əvvəldə bu barədə söz açdıq.
Cənab Blinkenlə Prezident İlham Əliyev arasında 2023-cü il martın 21-də baş tutmuş telefon danışığının məzmununa nəzər salaq. Burada da başlıca müzakirə mövzusu Laçın–Xankəndi yolundakı aksiyadır. Ancaq bir xarakterik məqam var. Əgər yanvarın 23-dəki zəng zamanı aksiya nəticəsində yolun bağlanmasının blokada məntiqi vurğulanırdısa və bu xüsusda Azərbaycan lideri əks arqumentlər irəli sürüb torpaqlarımızın minalanmasından söz açırdısa, martın 21-də cənab İlham Əliyev bildirmişdi ki, Ermənistan Laçın yoluna köməkçi yoldan istifadə edərək, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar gerçəkləşdirir, şəxsi heyətin rotasiyasını həyata keçirir. Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olmasının ciddi narahatlıq doğurduğunu vurğulayan dövlətimizin başçısı ən vacib məsələnin üzərinə gəlmişdi. Prezident bütün bunlara görə Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasının labüdlüyünü dilə gətirmişdi.
***
Bəli, artıq dövlət başçımızın haqqında söz açdığı məntəqə fəaliyyətdədir. Sonda isə bir daha bildirək ki, Azərbaycan öz məqsədinə doğru inamla addımlamaqdadır. Dəfələrlə bəyan edilmiş və Cənubi Qafqazda sülhü hədəf seçən bu məqsəd tam ədalətlidir. Prezident İlham Əliyev isə ədalətin diplomatik müstəvidəki carçısıdır. ABŞ-ın Dövlət katibi ilə əvvəlki təmaslar kimi, aprelin 30-dakı telefon danışığı da onu göstərdi ki, ölkəmiz özünün prinsipial xəttinə sadiqdir və heç bir halda yolundan dönməyəcəkdir. Bunu isə Ermənistanın siyasi rəhbərliyi, ümumən, erməni cəmiyyəti dərindən anlamalıdır.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”


