Zaman ötdükcə Heydər Əliyevin yaratdıgı irsin, onun ideyalarının dəyərini, bu şəxsiyyətin əzəmətini daha aydın anlayırıq. Ulu öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır, onun siyasi həyat yolu, fəaliyyəti tariximizin və xalqımızın yaddaşına əbədi həkk edilibdir. “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış Heydər Əliyev Azərbaycanın meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır. Onun uzaqgörənliklə meliorasiya və su təsərrüfatı sahəsində irəli sürdüyü ideyalar bu gün də xalqımızın maddi-rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Azərbaycanın müasir tarixinin taleyüklü hadisələrlə dolu olan otuz ildən artıq bir dövrü məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimizin hakimiyyətdə olduğu 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycanın, sözün həqiqi mənasında, çiçəkləndiyi, hərtərəfli inkişaf dövrü olmuşdur.
Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin təməl daşları hələ Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə qoyulmuşdu. Müstəqillik illərində isə məhz ulu öndərimizin gərgin və titanik səyləri, düşünülmüş müdrik siyasi kursu sayəsində Azərbaycan nəinki öz suverenliyini qoruyub saxlamış, inkişaf etdirmiş, dünyanın qüdrətli dövlətləri səviyyəsinə yüksəltmişdir.
Hələ ötən əsrin 60-cı illərinin sonlarında ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi ilə xalqımız tarixən formalaşmış zəngin dövlətçilik ənənələrini üzə çıxarmaq, gələcək müstəqilliyinə etibarlı zəmin yaratmaq şansı qazanmışdır. Ümummilli lider ölkə rəhbərliyinə gəlişinin ilk illərindən etibarən mərkəzin ideoloji maneələrini aradan qaldırmaqla xalqın daşlaşmış milli şüurunu oyatmağa, milli müstəqillik duyğularını gücləndirməyə çalışmışdır. Ulu öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq həmin dövrdə ictimai şüurdakı istiqlal duyğuları aşkara çıxaraq yeni siyasi məzmun kəsb etməyə başlamış, respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşdırmışdır.
Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir.
Dahi şəxsiyyət və böyük strateq bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək keçmiş SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və aqrar-sənaye, istehsal müəssisələrinin respublikada inşasına nail olmuşdur.
Keçmiş Sovetlər İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyevin rəhbərliyi altında yeni, mütərəqqi sənaye, kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın İttifaq miqyasında öncül mövqelərə çıxmasına və sosial-iqtisadi həyatında yüksəlişinə təkan vermişdir.
Ulu öndər Azərbaycanın işıqlı və parlaq gələcəyini görür, xalqımızı buna hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdur. Müstəqil dövlət quruculuğuna ünvanlanan yol, əslində, 1969-cu ildən – Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlanmışdır.
Belə ki, 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirmiş, iqtisadiyyatı zəif vəziyyətdə olan respublikanı dircəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.
Fəxarətlə onu qeyd etmək yerinə düşərdi ki, 1970-ci ilə qədər kənd təsərrüfatının inkişafı sahəsində müttəfiq respublikalar arasında ən axırıncı yerlərdən birini tutan Azərbaycan, 1970-ci illərdə geniş islahatların keçirilməsi əsasında inkişaf etmiş aqrar ölkəyə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində xüsusi canlanma başlanmış, ölkənin kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edilmişdir. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” (1975-ci il), “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) və “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” (1979-cu il), Bakı şəhərinin və Abşeron yarımadasının su təminatının yaxşılaşdırılması ilə bağlı Kür su kəmərləri sistemlərinin tikilib istifadəyə verilməsi haqqında (1970-ci il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. Bu qərarlarda Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi, ixtisaslaşdırılması, əhalinin içməli və sənayenin texniki suya olan tələbatının ödənilməsi üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olunmuşdur.
Məhz yuxarıda göstərilən qərarların qəbul edilməsinə nail olan ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə meliorasiya və su təsərrüfatı kompleksinə ittifaq büdcəsindən 2,5 milyard manatdan artıq vəsait yönəldilməsinə nail olmuşdur ki, bu da Sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfə çox idi.
Həmin dövrləri yaşayan və canlı şahidi olan şəxslər bilirlər: həyatımızın elə bir sahəsi yox idi ki, bu dahi şəxsiyyət onunla maraqlanıb, ortaya çıxan problemləri yoluna qoymasın. Elə götürək, meliorasiya və irriqasiya sahəsini. Ölkəmizdə bu sahədə işlərə keçən XIX əsrin əvvəllərində başlanılmasına baxmayaraq, onun geniş miqyasda intensiv inkişafı 1969-1982-ci illərə, yəni unudulmaz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrə təsadüf edir.
Respublika kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən məvəffəq olmağın mümkünsüzlüyünü göstərən Heydər Əliyev daim bu sahəyə diqqət yetirmiş və şəxsən onun qayğısı sayəsində 1971-1975-ci illərdə meliorasiya işlərinə 580 milyon manatdan artıq vəsait xərclənib ki, bu da 1966-1970-ci illərdəkinə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 88 min hektar sahədə torpaqların yuyulması, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olunmuş, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edilmişdir.
Eyni zamanda, bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı elektrik stansiyası ilə birlikdə, İran İslam Respublikası və Azərbaycan Respublikasının ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR-də 6 min hektar sahəni suvaran üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Qusar rayonunda Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zaqolovoçay su anbarı, Lənkərançay su qovşağı, Mərkəzi Muğan və Cənubi-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. obyektlər tikilib istismara verilmişdir.
Azərbaycanda infrastruktur layihələrinin böyük bir hissəsi Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə həyata keçirilib. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində içməli su təchizatı sistemlərinin yaradılması və inkişafı ulu öndərin diqqət və həssaslıqla yanaşdığı məsələlərdən biri olub. Əhalinin su təminatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına, sənayenin, kənd təsərrüfatının suya olan tələbatının ödənilməsinə yönəlmiş layihələrin böyük bir hissəsinin icrasına məhz ümummilli liderin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra başlandı.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1970-ci il iyunun 10-da keçirilən iclasında Heydər Əliyevin Kür su kəmərinin birinci növbəsinin istifadəyə verilməsinin sürətləndirilməsi ilə bağlı verdiyi tapşırıqlardan sonra tikintidə ciddi dönüş yarandı. Azərbaycanın iri tikinti təşkilatlarının bu vacib işə səfərbər edilməsi və İttifaq respublikalarından lazımi materialların təchizatı təmizləyici qurğunun və magistral kəmərlərin tikintisini sürətləndirdi. Müxtəlif müəssisə və təşkilatların inşaat işlərinə cəlb edilməsi layihəni “ümumxalq tikintisi”nə çevirdi. Məhz bunun nəticəsi idi ki, 30 ayda görüləsi işlər qısa müddətdə yerinə yetirildi.
1970-ci il sentyabrın 27-də Kür su kəmərləri sisteminin birinci növbəsi istifadəyə verildi. Tikinti sahəsində toplanmış zəngin təcrübə Kür su kəmərinin ikinci hissəsinin tikintisini qısa müddətdə başa çatdırmağa imkan yaratdı. Heydər Əliyevin rəhbərliyi ilə 1971-ci il sentyabrın 15-də ikinci Kür-Bakı magistral kəməri istifadəyə verildi. O dövr üçün zərbəçi tikinti elan olunmuş kompleksin və magistral kəmərlərin istifadəyə verilməsi Abşeron yarımadasına saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaratdı.
Ötən əsrin 70-ci illərində Bakı şəhərində və bütövlükdə, Azərbaycanda genişmiqyaslı quruculuq işləri həyata keçirilmişdir. Bakı və Sumqayıt şəhərlərində İttifaq əhəmiyyətli bir sıra sənaye obyektlərinin istifadəyə verilməsi və yeni yaşayış massivlərinin salınması Abşeron yarımadasında içməli və texniki suya tələbatı daha da artırmışdır. Kür su kəmərlərinin birinci növbəsi artan tələbatı ödəmədiyindən yenə də su çatışmazlığı müşahidə olunurdu. Heydər Əliyev nüfuzundan istifadə edərək Kür su təchizatı sistemlərinin tikintisinin davam etdirilməsinə razılıq alır. 1978-1987-ci illərdə Kür su kəmərlərinin 2-ci və 3-cü növbələrinin inşası nəticəsində təmizləyici qurğuların emal, magistral kəmərlərin nəqli gücü artırılaraq, saniyədə 9,5 kubmetrə və ya sutkada 820 min kubmetrə çatdırılır. Bununla da yeni salınmış 8-ci Kilometr, Günəşli və Əhmədli yaşayış massivlərində, mikrorayonlarda, eləcə də sənaye müəssisələrində müşahidə olunan su qıtlığı aradan qaldırılır. Eyni zamanda, Bakı şəhərinin su təchizatında müstəsna əhəmiyyət daşıyan mərkəzi su anbarları tikilərək istifadəyə verilmiş, yeni supaylayıcı şəbəkələr qurulmuşdur. Ulu öndərin “Bakını yaşıllıqlar diyarına çevirək” çağırışı və təşəbbüsü yeni parkların, xiyabanların və yaşıllıq zolaqlarının salınması ilə nəticələnmişdir.
Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin üçüncü mərhələsinin inşasında da ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. 1978-ci ildə işə salınan üçüncü növbə də daxil olmaqla Ceyranbatan sutəmizləyici qurğularının məhsuldarlığı saniyədə 7,5 kubmetrə çatdırılmışdır.
Respublikanın şəhər və rayon mərkəzlərində mərkəzləşdirilmiş içməli və tullantı su sistemlərinin yaradılması 1970-80-ci illərdə ulu öndərin bilavasitə rəhbərliyi ilə həyata keçirilmişdir.
Ötən əsrin ikinci yarısında Bakı şəhərinə verilən suyun həcminin xeyli artması, yeni yaşayış massivlərinin salınması tələbatı qarşılayacaq kanalizasiya infrastrukturunun yaradılmasını zəruri edirdi. Bunlar əsas götürülməklə 1970-ci ildə 2000-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla paytaxtın “Böyük kanalizasiya” layihəsi işlənib hazırlanmışdır. Bu layihə çərçivəsində 4 mərkəzi nasos stansiyası, “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları tikilib istifadəyə verilir. Tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə Cənubi Qafqazın ən böyük tullantı sutəmizləyici qurğusu – Hövsan Aerasiya Stansiyası inşa edilmişdir.
1976-1982-ci illərdə Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirilmişdir. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artmış və 1 milyard 382 milyon manata çatmışdır. Eyni zamanda, 89,6 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 605 min hektar sahədə suvarma sistemləri yenidən qurulmuş, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırılmış, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparılmışdır.
Ümumiyyətlə, ulu öndərimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi və köməyi ilə 1969-1982-ci illərdə respublikada iri su təsərrüfatı obyektləri, o cümlədən Viləşçay su anbarı sağ sahil kanalı ilə birlikdə, Cənubi Muğan kanalının maşın qolu, Şəmkir maşın kanalı, Sərsəng su anbarı, Suqovuşan su anbarı, Arpaçay su anbarı və magistral kanallar, Sirab su anbarı, Aşağı Köndələnçay su anbarı, Yuxarı Xanbulançay su anbarı kompleksi, Şəmkir su anbarı, Əyriçay su anbarı, Coqazçay su anbarı və digər obyektlər tikilib istismara verilmişdir. 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə qaytarılmış, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.
Müdrik və uzaqgörən rəhbər Heydər Əliyev Azərbaycanda su təsərrüfatı kompleksinin yaradıcısı, görülmüş əzəmətli işlərin və əldə edilmiş inqilabi dəyişikliklərin həm müəllifi, həm də təşkilatçısı olmuşdur. Onun respublikamıza rəhbərliyi dövründə meliorasiya fondu 2 dəfə, suvarılan torpaqların ümumu sahəsi isə 1,5 dəfədən çox artmış, bu sahədə görülən tədbirlərin nəticəsi olaraq 1980-ci ildə 1970-ci ilə nisbətən respublikada kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 2,2 dəfə, taxıl istehsalı 2,1, pambıq 2,6, üzüm 4,6, tərəvəz və tütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, mal-qara quş 1,4, süd 1,8 dəfədən çox artmışdır.
Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın kənd əməkçilərinin on dərd dəfə Ümumittifaq sosializm yarışında qalib gəlməsi və beləliklə, Sovet İKP MK-nin, SSRİ Nazirlər Sovetinin və SSRİ Həmkarlar İttifaqları Təşkilatının Keçici qırmızı bayrağına layiq görülməsi həmin dövr üçün görünməmiş hadisələrindən sayılırdı. Məhz bunun sayəsində Azərbaycana Ümumittifaq fondundan yüksək məbləğdə vəsait ayrılır, ölkənin maddi-texniki təminatı yaxşılaşdırılır, bütövlükdə, əhalinin güzaranı əsaslı şəkildə yüksəlirdi.
Ulu öndər Heydər Əliyev yeniliyin, mütərəqqi təcrübənin, milli və ümumbəşəri dəyərlərin tərəfdarı kimi mahir dövlət idarəçisi, islahatçı təfəkkürə malik böyük şəxsiyyət idi. Bütün bu yüksək şəxsi keyfiyyətlər ona Azərbaycanı keçmiş Sovet İttifaqında müttəfiq respublikalar arasında ön yerlərdən birinə çıxarmağa imkan vermişdi. Qısa zaman kəsimində görülmüş nəhəng işlər, xarakterindəki bütövlük, qətiyyət, mətin iradə, qeyri -adi zəka, tükənməz enerji, vətənpərvərlik, millət sevgisi xalqın gözündə Heydər Əliyevin xilaskar obrazını yaratdı. Ulu öndər Azərbaycanın gələcəkdə müsəqillik qazanacağını irəlicədən dərk etdiyindən respublikanın iqtisadi, sosial, mədəni potensialını müdrikliklə səfərbər edirdi. Onun milli kadr hazırlığına, gənclər siyasətinə xüsusi diqqət yetirməsi, milli təəssübkeşlik, xalq qarşısında misilsiz xidmət nümunəsi idi.
Tarixçilər etiraf edirlər ki, Heydər Əliyevin 1982-ci ildə keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilməsi və keçmiş SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini vəzifəsinə təyin olunması azərbaycanlıların bir millət kimi qibtə doğuracaq potensialını bütün dünyaya nümayiş etdirdi. Onun kuratorluq etdiyi nəqliyyat, səhiyyə, tibb sənayesi, yol tikintisi, rabitə, təhsil, mədəniyyət və digər sahələrdə qısa müddət ərzində gerilik aradan qaldırıldı, sürətli yüksəliş başlandı. Keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi o, dünyada gedən proseslərə dərindən nüfuz edir, beynəlxalq və regional problemlərin, münaqişələrin nizama salınmasında yaxından iştirak edir, İttifaq dövlətinin nəhəng imkanlarını məharətlə Azərbaycanın tərəqqisinə, sosial-iqtisadi yüksəlişinə xidmət edən plan və layihələrin reallaşdırılması işinə istiqamətləndirirdi.
Onu da qeyd etmək lazımdır ki, ulu öndər keçmiş İttifaq rəhbərliyində olarkən belə, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsinə də öz qayğısını əsirgəməmiş, bu sahədə işlərin gedişinə daim nəzarət etmiş və lazımi köməklik göstərmişdir.
Həmin dövrdə onun yaxından köməyi sayəsində respublika üçün son dərəcə vacib yüksək limitli obyektlər olan Baş Mil–Muğan kollektorunun yenidən qurulması, Naxçıvan MR-da Vayxır su anbarının, Şəmkir Magistral kanallarının və onlarla ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən vacib obyektlərin tikintisi ilə əlaqədar məsələlər həll edilmişdir.
(ardı var)
Zaur MİKAYILOV,
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri


