Mayın 10-u xalqımız üçün əlamətdar gündür. Bu gün biz azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki zəmanəmizin ən böyük şəxsiyyəti, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirza oğlu Əliyev məhz 100 il öncə – mayın 10-da anadan olmuşdur. O böyük insan XX-XXI əsrlərin canlı əfsanəsi idi. Tarix dəfələrlə sübut etmişdir ki, ulu öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona çatdırırdı.
Heydər Əliyevin ömür yolu, işıqlı ideallara Vətənə və millətə təmənnasız xidmətin parlaq nümunəsidir. Bu gün hər bir Azərbaycan vətəndaşının qəlbində ümummilli liderimizin ölməz, işıqlı obrazı yaşayır. Zaman ötdükcə Heydər Əliyev dühasının əzəməti daha aydın hiss olunmaqdadır.
Həqiqət budur ki, öz xalqını, Vətənini, torpağını sevən insanlar müqəddəs zirvələrə ucala bilirlər. Məhz ona görə də xalqın hörmət və məhəbbətini qazanmaqdan böyük xoşbəxtlik ola bilməz. Ümummilli liderimiz öz xalqına xidmət etmiş və bu xalqa xeyir verməklə milyonlarla insanın qəlbində əbədi yaşayır.
Heydər Əliyevi ümummilli lider məqamına yüksəldən keyfiyyətlərdən birincisi onu xalqına bağlayan qırılmaz tellər idi. O, heç zaman özünün dediyi kimi, nə yüksək dövlət vəzifəsinin imkan verdiyi şəraitdə, nə də Naxçıvanda yaşadığı dövrdə xalqından uzaq düşmədi. Onunla birgə oldu, yaxşı günündə də, yaman günündə də. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən böyük öndərimiz bütün ömrünü xalqının rifahına, ölkəsinin tanınmasına, onun güclü dövlət olmasına sərf etdi. Bundan heç vaxt yorulub-usanmadı, bədxahların əməllərinə, böhtanlarına əhəmiyyət vermədi, xalqa xidməti hər şeydən uca tutdu. Güclü və yenilməz bir dövlət qurdu.
Heydər Əliyev bəşər övladının tuta biləcəyi ən yüksək mövqeyin fövqündə- xalq sevgisi qazanaraq, ümummilli liderə çevrildi.
Onun ən böyük dahiyanə əsəri isə hər bir ölkə vətəndaşının, eləcə də dünyada yaşayan milyonlarla azərbaycanlının doğma Vətəni – müstəqil Azərbaycan dövləti oldu.
Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrə qədər Azərbaycan geridə qalmış aqrar respublika idi. Zəngin təbii sərvətləri olan xalq ehtiyac içində yaşayırdı. Ulu öndər respublika rəhbəri seçiləndən sonra – qısa müddətdə hər şey dəyişdi. Hara baxırdınsa, həyat qaynayırdı. Bir neçə ildə bölgələrdə insanların yaşayış şəraiti yaxşılaşdı, rayonların büdcələrinə xeyli vəsait toplandı. Bu vəsaitlər insanların rifahının yaxşılaşmasına və sosial problemlərin həllinə yönəldildi. O illər uzaq tariximiz deyil. Həmin islahatları həyata keçirən insanların çoxu müasirlərimizdir.Azərbaycanın elə bir şəhəri, qəsəbəsi, kəndi yox idi ki, orada tikinti-quruculuq işləri aparılmasın, məktəblər, xəstəxanalar, yaşayış binaları tikilməsin.
Ulu öndər Azərbaycanın gələciyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürür, nəticədə strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail olurdu. “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır” – deyən Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə təhsil, səhiyyə, mədəniyyət, incəsənət və milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində də ciddi və əhəmiyyətli addımlar atıldı.
Ümummilli liderin Azərbaycanın gələcəyinə ünvanlanmış layihələrinin əsas istiqamətlərindən biri də təhsil və hərbi potensialın yaradılması idi. Təhsil sahəsində çox böyük uğurlar qazanıldı. Hər il yüzlərlə gənc başqa şəhərlərə ən yüksək təhsil almaq üçün oxumağa göndərildi. Azərbaycanda ali təhsil ocaqlarının sayı artırıldı.
Heydər Əliyev sovet dövründə, dəqiq desək, 1971-ci ildə Azərbaycanda milli zabit hərbi kadrları hazırlayan təhsil müəssisəsinin – general Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin açılmasına nail olmuşdu.
Qeyd etmək lazımdır ki, digər müttəfiq respublikaların heç birində hərbi ixtisaslaşmış orta məktəb yox idi. Bu, H.Əliyevin tarixi xidmətlərindən biridir. Hazırda ordumuzun 50-60 faizi həmin məktəbin yetirmələridir.
Sözsüz ki, bu fəaliyyətin ən əhəmiyyətli hissəsini ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr təşkil edir. 1993-cü il iyunun 15-də Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü, xalqımızın nicatının başlanğıcı oldu. Təcrübəli siyasətçi və dövlət xadimi Heydər Əliyev öz nüfuzuna, bacarığına və xalqına arxalanıb insanları azərbaycançılıq, müstəqil dövlətçilik və demokratik ideyalar ətrafında birləşdirib yeni dövlət quruculuğuna başladı. Ulu öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik yarandı, həyatın bütün sahələrini bürümüş tənəzzülə son qoyuldu. Ona görə də Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıtması tarixi zərurətin, sabitlik, ədalət intizarında olan milyonlarla insanın çağırışının gürçəkləşməsi idi. “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nəaliyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm ”. Ümummilli lider hakimiyyətə bu sözlərlə qayıtmışdı və ömrünün sonunadək bu vədinə sadiq qaldı.
Ulu öndər onu da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Bu baxımdan, qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etdi.
Mühüm məsələlərdən biri də ölkənin sərvətlərinin başlı-başına qalması, talanması idi. Digər tərəfdən dənizin və yerin təkindəki sərvətlərdən səmərəli istifadə edilməli, xalqın sərvətinə çevrilməliydi ki, inkişafa, rifaha nail olunsun. Bunun üçün böyük öndər çox ciddi müqavimətləri dəf edərək “Əsrin müqaviləsi ”ni reallaşdırdı. Əfsanə sayılan Bakı–Tbilisi–Ceyhan neft və Tbilisi–Ərzurum qaz kəməri layihələrinin tam reallığa çevrilməsi ümummilli liderimizin uzaqgörənliyinin, qətiyyətinin, zəkasının, müdrikliyinin və böyük siyasətinin nəticəsi idi. Bu, adi saziş deyildi – Bu, iqtisadi inkişafımızın təməli, müstəqilliyimizin təminatı idi.
Azərbaycanın düşmənləri ölkəmizin iqtisadiyyatına ciddi zərbələr vurmaq üçün dəridən-qabıqdan çıxdıqları bir vaxtda böyük siyasi xadim tarixi İpək yolunun bərpası məsələsini qaldırdı. Şərqlə Qərbi birləşdirən ən səmərəli yol elə tarixi İpək yoludur. O, dünya dövlətlərini özünəməxsus “dəmir” məntiqlə inandırdı. Onların elmi institutlarının on illərlə işləyib həll edə bilmədiyi problemlərin Heydər Əliyev Bakıda keçirilən bir beynəlxalq konfranda söylədiyi çıxışında elmi əsaslarla şərhini verdi. Dünya bunun şahididir. Dünya siyasətçiləri bunu yüksək qiymətləndirirlər. Gizli deyil ki, ermənilər də bu siyasətin uğuru qarşısında təlaş keçirməyə başlamışdılar.
Cəsarətlə demək olar ki, 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 nüfuzlu təşkilatın nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən Beynəlxalq konfrans bütün varlığı dövründə Azərbaycanın xarici siyasət tarixinin ən böyük hadisələrindən biridir. Böyük İpək Yolunun dirçəldilməsi təkcə Azərbaycanın deyil, Türk dünyasının və Avropa – Asiya dövlətlərinin dirçəlişində, onun iqtisadi-mənəvi oyanışında misilsiz rol oynamışdır.
Azərbaycan xalqının taleyi ilə aparılan pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə Heydər Əliyevin rəhbərliyi altında son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, qanunsuz silahlı dəstələr ləğv olunmuşdu. Bunlar da, bütövlükdə, Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı.
Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişinə cəhdlərin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdı.
Ulu öndərin qurduğu Azərbaycan tərəqqiyə və inkişafa istiqamət götürüb irəliləyirdi. Böyük realist və praqmatik siyasətçi olan Heydər Əliyev isə insan üçün əbədi olmayan dünyanın təbii qanunlarına bələd idi. Elə bu səbəbdən də müstəqilliyinin ən məsul dövründə olan Azərbaycanı xoşbəxt gələcəyə aparacaq liderin kim olacağı sualı onu çox düşündürür və narahat edirdi. O, bu məsələni həll etməli idi. Bu, Vətənə xidmətin ən ali nümunəsi idi və Heydər Əliyev bunu özünə müqəddəs borc bilirdi. Heydər Əliyev o vaxtlar hökumətə uğurla rəhbərlik edən İlham Əliyevin üzərində dayandı və doğma xalqına müraciət ünvanlayaraq yazırdı : “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm ”.
Tarix bu böyük dahinin uzaqgörənliyini bir daha təsdiqlədi. Bunun təsdiqi üçün elə də böyük bir vaxt lazım gəlmədi. Çünki İlham Əliyev millət atasının missiyasını davam etdirməyin sirrini çox gözəl bilirdi. Prezident İlham Əliyev qısa bir müddətdə uğurlara imza atdı və ən böyük uğuru isə 44 günlük Vətən müharibəsində əldə edilən Qələbəmiz oldu. İgidlərimizin uca zirvələrə sancdığı üçrəngli Qələbə bayrağı işğal olunmuş torpaqlarımızın hər bir yerində qürurla dalğalanaraq, bu torpaqların kimə məxsus olduğunu düşmənlərimizə və dünyaya əminliklə bir daha çatdırdı. Bu möhtəşəm Qələbə Vətənimizin hər bir övladına əbədi bir qurtuluş baharı, azərbaycanlı olmaq ucalığı və şərəfi bəxş etdi. O uğurlar böyük qələbələrin estafeti kimi bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır.
Vətən HÜSEYNOV,
Binəqədi rayonu 3 saylı tam orta məktəbin tarix müəllimi

