Şəhriyarın “Bakı miniatürləri” necə yaranmışdı?

post-img

İnsafən, Şəhriyar yaradıcılığı Arazın bu tayında zaman-zaman qədərincə tanıdılıb. Sovet zamanında şeirləri, poemaları Bakıda işıq üzü görüb. 1979-cu il İran inqilabından 1985-ci il sovet yenidən qurmasına doğru Quzey Azərbaycanda Şəhriyar şəxsiyyətinə və yaradıcılığına maraq görünməmiş dərəcədə artdı. 

Həmin dövrdə Bakıda buraxılmış əl boyda bir kitaba çəkilmiş illüstrasiyalar isə xüsusi maraq doğurdu. Hamı Şəhri­yarın “Bakı portretləri”nin və əsərlərinə çəkilmiş şövqlü miniatürlərin müəllifinin kimliyi barədə maraqlandı və bu barədə AzTv böyük rezonans doğuran bir veriliş də hazırladı. İllər əvvəl Arazın bu tayında Şəhriyar sevgisini yenidən alovlandırmış həmin rəsmlərin müəllifi kim idi? Tə­dqiqatçı jurnalist Elmin Nurinin bu sualı cavablandıran müsahibəsini təqdim edi­rik:

“Budəfəki müsahibimiz Əlyazma­lar İnstitutunun baş rəssamı, miniatür sənətinin ən peşəkar davamçılarından biri Fəxrəddin Əlidir. Fəxrəddin bəy Güney sevdalısı kimi də tanınır. Şimali Azərbaycandan böyük Məhəmmədhü­seyn Şəhriyarla ilk əlaqə quran sənət­çi olmaqla yanaşı, bu tayda onun port­retini çəkən ilk rəssam kimi də tanınır. 

– Fəxrəddin müəllim, necə oldu ki, 40 il əvvəl Şəhriyar obrazına müraciət etdiniz? 

– Milli hökumətin süqutundan sonra Cənubi Azərbaycandan Bakıya gəlmiş alim Qulamhüseyn Beqdeli İran inqila­bından sonra mənimlə söhbət zamanı dedi: “Bu yaxınlarda İrana gedəcəm, sən gəl Şəhriyarın əsərlərinə miniatürlər çək”. Mən də “Heydərbabaya salam” poeması­na 60-a yaxın miniatür işlədim. O, gözəl xəttat idi. Mən çəkdiyim miniatürlərə uy­ğun olaraq sözlər yazdı. İndinin özündə də Şəhriyara heç kəs müraciət etməyib. O, eynən Füzulinin aqibətini yaşayıb. Ni­zaminin, Xətainin əsərlərinə miniatür çə­kilib, amma Füzuli qalıb kənarda...

– Deyəsən, siz Füzulinin də əsərlə­rinə miniatürlər çəkmisiniz?

– Mən bütün klassiklərə miniatür çək­mişəm. Ədəbiyyatımızda Qətran Təbri­zi, Dədə Qorquddan belə Əlağa Vahidə qədər hamısına miniatür çəkmişəm. Biz Qulamhüseyn müəllimlə Şəhriyarın mi­niatürlərini yaratdıq. Sonra o çıxdı getdi Təbrizə...

– Şəhriyarın portreti necə yaran­dı?

– Beqdeli mənə dedi ki, “Şəhriyarın portretin çək, mən onu aparım”. Dedim ki, baş üstə. Şəhriyarın portretini işlədim. Düzdü, onun fotosuna baxdım, amma kompozisiya mənə məxsus idi. Dağlar, yaşıllıqlar və s. Mənzərələri də portretə əlavə etdim. Bəydili portreti Təbrizə apa­randa mən onu yola saldım. Bizə imkan vermirdilər. Portreti keçirmək olmazdı. Bir yəhudi arvaddan naxışlı çərçivə almış­dıq. Çox qədim və möhtəşəm çərçivə idi. Dedilər ki, yox buna icazə vermək olmaz. Nəhayət, Beqdeli bir siyasət işlətdi. Ya­landan dedi: “Bu mənim atamın portreti­dir, qoymaram ki, burda qalsın”. 

O vaxtlar da ara qarışmışdı. Portretin kimə məxsusluğunu tanımadılar. Dedilər ki, yaxşı apar, amma bu çərçivəni qo­parmalısınız, Nikolay dövründən qalıb. Nə isə çərçivəni çıxartdıq. Dünya miq­yasında bir qanun var ki, bir sənət əsə­rini başqa ölkəyə aparmaq olmaz. Gərək xüsusi komissiyada onun sənət dəyəri heçə endirilsin ki, həmin əsəri başqa yerə aparmaq olsun. Amma biz istəyirdik ki, Şəhriyar bu portreti görsün.

– Şəhriyar o portereti görə bilmiş­dimi?

–1990-cı ildə Tehranda Beqdelinin “Şəhriyarla görüş” adlı kitabı çıxmışdı. Bu kitabda o yazırdı: “Mən ilk dəfə Şəhriya­rın görüşünə çıxanda eyvanda durmuş­du. Yaxınına gəldim. İstədim ayağından öpəm, imkan vermədi, əlindən öpməyə çalışdım, yenə imkan vermədi, məni ta­nıyırdı. Məni görəndə ağladı. Dedim ki, ay ustad, sənin Bakıdan bir portretini gətirmişəm. Orda Fəxrəddin adında bir nəqqaş var, o sənin portretini çəkib. Dedi hardadı portret? Dedim, aşağıda maşın­dadır. Tez düşdüm gətirdim. Çox şadlan­dı, kövrəldi də”.

Ondan sonra Beqdeli Bakıya gələndə mən onun əsərlərinə çəkilmiş miniatürləri də verdim ki, Şəhriyara aparsın. Şəhriyar deyib ki, “Fəxrəddin bizim qardaşımızdır. Mən onun boynunu qucaqlayıb əllərin­dən öpürəm”. Portret bu taydan o taya aparılan gözəl bir ərməğan oldu.

Sonradan Təbrizdə mənim Şəhriyara aid bir kitabım da çıxdı. 15 miniatürüm də o kitabda var. Mən də sevindim ki, axır ki orda da mənim kitabım çıxdı. Kitabda Şəhriyarın mənə dediyi sözlər də yazıl­mışdı.

–Nə yazılmışdı ?

–Yazılmışdı: “Əllərinə qurban olum, nə gözəl şəkillərdir. Məni indiyə qədər heç kəs saymayıb. Adımı belə tutmayıb­lar. O taylı qardaşımın göndərdiyi şəkil mənim üçün ən dəyərli hədiyyədir”.

–Telefon danışıqlarınız da olub­muş ....

– Bir gün həmin Beqdeliyə dedim ki, Şəhriyarın telefon nömrəsini mənə ver­sin. Təbriz, Məqsudiyyə küçəsi, 38 nöm­rəli evdə yaşayırdı. Zəng vurdum, əvvəl­cə oğlu götürdü, sonra ustadın özünə verdi. Dedim ki, ustad mənəm, Bakıdan sənin portretini çəkən Fəxrəddin. O bunu eşidib çox kövrəldi. Onunla əlaqə quran ilk sənətçi mən olmuşam. Mən onunla danışanda nə Bəxtiyar Vahabzadə, nə də Süleyman Rüstəm onun səsini eşitmişdi. 

–Həmin danışıqdan yadınızda nə qalıb?

–Demişdi: “Fəxrəddin sənin əllərinə qurban olum”. Cavab verirdim ki, ustad elə demə, mən sənə qurban olum. Vəziy­yəti çox ağır idi. Həyat yoldaşı da çox pis halda idi. Şəhriyar mənə demişdi ki, ay Fəxrəddin, kaş mən öləydim onun yerinə. Bu qoca vaxtımda nə bəlaya düçar olmu­şam. Mən ona təsəlli verməyə çalışırdım. Çox vaxt ikimiz də kövrəlirdik. 

Atam yaşında kişi idi, onunla danı­şanda, elə bil, atamla danışırdım. De­yirdim ki, ustad, hər şey yaxşı olacaq belə deməyin, biz sizin yolunuzu gözlə­yirik. Hətta arzumuz var ki, sizi təyyarə limanından şəhərə qədər çiyinlərimizdə gətirək”. Amma onun gəlməyinə imkan vermədilər. 

–Şəhriyarla bağlı daha nələr etmi­siniz?

–Seçilmiş əsərlərini buraxmışam. Mənim xeyli miniatürlərim də o əsərlərin içində var.

Elmin NURİ ”. 

 

Çapa hazırladı:
T. RÜSTƏMLİ, “Xalq qəzeti”



Sosial həyat