İranda Nizamini gözdən salmaq cəhdləri

post-img

Nüfuzlu humanitar platforma olaraq dünyada təsir dairəsini getdikcə genişləndirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi builki Bakı Forumunda Prezident İlham Əliyevin böyük Azərbaycan şairi haqqında səsləndirdiyi “Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir” fikri dərhal qonşu İrandakı fars şovinist dairələrin xüsusi qısqanclığı ilə qarşılandı. Tehranda Nizami həftəsinin və konfransının keçirilməsi, burada “Nizaminin fars şairi”, Azərbaycanın qədim mədəniyyət mərkəzi “Gəncənin İran şəhəri” olmasının iddia edilməsi tarixi reallığın gülünc şəkildə təhrif edilməsi, tarixi həqiqətin inkar edilməsi cəhdi idi.

AMEA-nın müxbir üzvü Əbülfəz Qu­liyevlə bu mövzuda söhbəti aşağıdakı suallarla davam etdirdik.

– Son 1 əsrin ədəbi-ictimai xro­nikası göstərir ki, fars ədəbiyyatşü­nas və ideoloqları Nizami Gəncəvi­nin Azərbaycan şairi olmasını inkar etməyə çalışsalar da, buna nail ola bilmirlər. Ümumiyyətlə, akademik Maarın dediyi kimi, “Nizamidən baş­dan-başa türk iyi gəldiyini” yaxşı bilən İran şovinist dairələri, hansı yol­la olur-olsun, bu ümumşərq dahisini Azərbaycandan qoparmaq istəyirlər. Bu mümkün olmadıqda isə onun bö­yüklüyünü və dünya şöhrətini aşağı­lamağa çalışırlar.

– Farslar həmişə Nizamini Firdovsiyə qısqandıqlarından ondan sevgi və rəğ­bətlə bəhs etməyiblər. Çünki əmindirlər ki, Nizami fars dilində yazsa da, fars deyil, farslığa bağlı olmayıb. Firdovsiyə təmtəraqlı heykəllər qoysalar da, onu göylərə qaldırsalar da, bunu Nizami ilə bağlı etmirlər. Sadəcə, onlar Nizaminin dünya şöhrətinin Azərbaycan xalqına nəsib olmasını istəmirlər. Beynəlxalq Nizami mərkəzinin Azərbaycanla bağlı uğurlu fəaliyyəti də bu baxımdan qonşu ölkədə narahatlıq doğurur. Qısası, İran­da Nizami sevgisi saxta və birtərəflidir. Bunun çox sayda sübutları var.

Nizami Gəncəvinin milli mənsubiyyə­ti, məkanı həmişə İran alimlərində qıcıq və həsəd hissi yaratmışdır. Elə buna görə XVII əsrdən başlayaraq Nizami Gəncəvinin əlyazma nüsxələrinə Niza­minin “İranın Qum şəhərində doğulması” barədə əsassız məlumatı saxtakarcası­na daxil etməkdən belə çəkinməmişlər. İndi də onun fars mənşəli olması fikrini ortaya atıb bu mövzuda İranda konfrans keçirmək, beynəlxalq aləmə bu yalanla­rı sırımaq fikrinə düşmələri də ənənəvi saxtakarlığın davamından başqa bir şey deyildir. 

Bu da onu göstərir ki, din qardaşı kimi ortaq mədəniyyət paylaşdığımız farsların millətçi ideoloqları bu saxtalaş­dırma əməllərinə bu gün başlamamış, tabeliyində uzun əsrlər hüzur içində ya­şadıqları türklərin haqq-sayını yerə vur­muş, bu xalqa qarşı bədxahlıqdan hələ də əl çəkməmişlər. Şimali Azərbaycanın 7 milyonluq xalqı (indi 10 milyondan çox) ikinci dəfə dövlət müstəqilliyinə qovuş­duqdan sonra Güneydəki 35 milyonluq azərbaycanlıların da müstəqillik və milli birlik arzusuna düşəcəyini düşünərək, bundan xoflanaraq hakim İran millətçilə­ri bütün ideoloji sahələrdə (şiəçilik amili başda olmaqla) əks-təbliğat, dezinfor­masiya fəaliyyətinin dairəsini daha da genişləndirməyə çalışmış, diplomatik korpusu da bu işə səfərbər etmişdir. 

Bu yaxınlarda əlimə keçən bir kitab da fikrimi tam şəkildə təsdiq edir. Bu üzdəniraq nəşrlə tanışlıq göstərdi ki, Nizami Gəncəvi problemi İranda dövlət siyasəti səviyyəsinə qaldırılmışdır və bu istiqamətdə dezinformasiya tədbirləri bir neçə on illərdir ki, altdan-altdan müxtəlif münasibətlərlə həyata keçirilir. Ona görə də həmin kitab haqqında düşüncələrimi qəzetin sevimli oxucuları ilə bölüşmək qərarına gəldim. 

– Mümkünsə, bu bərədə bir az ət­raflı məlumat verin.

– Həmin kitab böyük Azərbaycan şa­iri Nizami Gəncəvi yaradıcılığının fəlsəfi tədqiqinə həsr olunub. Müəllifi İran İs­lam Respublikasının şiə filosofu, əllamə Məhəmmədtəqi Cəfəridir. İranda nəşr olunub-olunmadığı bəlli olmayan, fars dilindən tərcümə edildiyi bildirilən bu nəşrin adı da belədir: “Nizami Gəncəvi­nin şeirlərində hikmət, ürfan və etik möv­zular”. İlk baxışda böyük bəşəri ideallar tərənnümçüsü Nizami Gəncəvi yaradıcı­lığına müraciət etmək işində qəribə bir şey yoxdur. Amma məsələyə dərindən fikir verəndə başqa mətləblər, bəd niy­yətlər ortaya çıxır. 

– O hansı mətləblərdir?

– Adətən, bir dildən başqa dilə tər­cümə işi ilə məşğul olanlar elm, ədəbiy­yat və mədəniyyət adamları olur. Amma çox qəribədir ki, bu kitabı dilimizə tər­cümə edən, ona ön söz, təqdimat yazan şəxslər İran İslam Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşlarıdır. Radikal şiəçilik ideologiyasının ixracına və təbli­ğinə xidmət edən bu kitabın Azərbayca­na necə yol tapması, dövlət idarələrinə hədiyyə şəklində paylanması da başqa bir məsələdir. Əsas mətləb isə aşağıdakı kimidir.

İranın millətçilərinin dəmtutanların­dan olan Məhəmmədtəqi Cəfəri bu kita­bında dünya ədəbi fikrinin, az qala, “şe­irin Allahı” kimi qəbul etdiyi dahi Nizami Gəncəvi haqqında elmi əsası olmayan qeyri-etik fikirlər səsləndirmiş, Nizami­nin şeiriyyət və söz sənətkarlığına kölgə salmağa çalışmışdır. Görünən budur ki, bu əsəri yazmaq qəsdinə düşən müəl­lif nizamişünasları və onların sanballı əsərlərini kənara qoyaraq özünün “dar və naqis şəxsi pəncərəsindən” bax­maqla dahi Nizami Gəncəvi ədəbi irsinə birtərəfli şəkildə nəzər salır. Və gəlinən qənaətlər onu göstərir ki, alim heç də gördüklərini deyil, şəxsən axtardıqlarını iddia edir. 

– Nizami kimi dünya şöhrətli və geniş öyrənilmiş bir mütəfəkkir şair barədə subyektiv, həm də cəfəng mü­lahizələr toqquşdurmaq yalnız sifariş və muzdlu xidmət ola bilər... 

– Təəssüf ki, bu əsər Nizami Gən­cəvi yaradıcılığı haqqında əsassız və birtərəfli müddəa və fikirlərlə doludur. Ona görə də dediyiniz “sifariş və muzdlu xidmət” məsələsi istisna edilmir. Əks hal­da, müəllif ya ağlını, ya da məsuliyyətini itirib. Başabəla Cəfəri dini ibadətin növ­lərindən, dua və onun növlərindən söz açır, şeir, poeziya haqqında uzun-uzun fikirlər söyləyir. O, Məhəmməd peyğəm­bərdən başlayır, İmam Əlinin şeirlərin­dən bəhs edir, şairlərin yalan danışma­sından, vəsf etdikləri obyekti, həqiqəti təhrif etməsindən şikayət edir.

Qurana əsaslanan müəllif şeiri və şairliyi inkar edir. Guya, Quran ayələrinə əsaslanaraq şairliyi dəlilik kimi təsdiqə çatdırmağa çalışır. Bu inkaredici fikirlə­rini, istinad üçün gətirilən Quran ayələri­nin ardından müəllif “islam şeiri” kimi bir məfhum irəli sürüb onun təsdiqi ilə məş­ğul olur. Müəllifin şeirə verdiyi tərifdən “ideologiyaya pərçimlənmiş şeir” müla­hizəsi açıq-aydın ortaya çıxır. Lüzum ol­madığı halda mövzudan kənara çıxaraq şiə imamlarının ədəbiyyata münasibə­tindən uzun-uzadı söhbət açır. 

Ən nəhayət, mətləb üstünə qayı­dan bu başabəla alim böyük ustad Ni­zami Gəncəvinin oğluna nəsihətdəki bir beytdən: “Şeirə dolaşıb fənninə girmə, çünki yalanı daha gözəldir” fikrindən ya­pışıb bu misralardakı düşüncələri “şeir haqqında söylənən mənfi fikir” adlan­dırır. Müəllifin “Şairlik üçün təbi-rəvan gərəkdir, sözə hər don geydirən şair ol­maz” beytini də dahi Nizaminin “vicdan əzabı” kimi dəyərləndirməsi, “Məgər in­sanların həqiqi günəşə olan ehtiyacını şairin sehrəngiz intizamlı yalançı bulud­ları ilə örtüb puç və boş qələmə vermək olarmı?” kimi mürtəce qənaət və nəticə ifadə etməsi qüdrətli söz ustasının nadir şairlik istedadını gözdən salmaq niyyəti­ni açıq-aydın göstərir. 

(ardı var)

 

Hazırladı:
Tahir AYDINOĞLU, “Xalq qəzeti”



Sosial həyat