“Mələk xislətli, tuti dilli, ər ürəkli Mərziyyə!”

post-img

Azərbaycanın Xalq yazıçısı, professor Əzizə Cəfərzadə, ilk dəfə olaraq 1974-cü ildə Cənubi Azərbaycanın aşıq və şair qadınları haqqında da məlumat verən, Azərbaycan qadınlığının bir növ poetik salnaməsi adlandırılan, daha çox ah-fəryad səsləri ucalan “Azərbaycanın aşıq və şair qadınları” adlı antologiyanı “Gənclik” nəşriyyatında çap etdirmişdi.

Keşməkeşli həyatını, böyük vətənpərvərlik hisslərini şeirin diliylə əbədiləşdirmiş, qısa, lakin çoxməna­lı ömrünün şeirə dönmüş qəlpələrini bizə yadigar qoyub getmiş fədai şair Mərziyyə Əhmədi Üskülü Dalğanın həyatı və fəaliyyəti haqqına qısa mə­lumatın və “Mən Günəşi sevirəm”, “Dalğa”, “Mən və Dəmavənd” əsərlə­rinin də yer aldığı “Azərbaycanın aşıq və şair qadınları antologiyası” 2005-ci ildə yenidən Ə.Cəfərzadənin tərtibin­də “Avrasiya Press” nəşriyyatında çap edilib. 

Xalq yazıçısı Ə.Cəfərzadənin alovlu şair, istedadlı nasir, publisist, fədakar müəllim, yalnız Cənubi Azər­baycanda deyil, İranda, bir çox Şərq ölkələrində milli qurtuluş hərəkatının iradəli yolçusu, xalqımızın əfsanəvi igid qızı kimi tanınan Mərziyyə Əhmə­di Üskülüyə məhəbbəti daha çox idi. O, cənublu xanım şairə doğma ana məhəbbəti bəsləyirdi. Onu “qızı”, “gə­linim”, “balam” adlandırırdı.

Mərziyyə Əhmədi Üskülünü Azər­baycanın bu tayında tanıdan ikinci yazı olan “Səni kim unudar, Mərziyyə!” adlı məqaləsində Ə.Cəfərzadə yazırdı: “Şəklinə baxıram sadə bir qız, nəcib bir insan, ziyalı bir müəllim canlanır gözlərimdə. Səndə nə böyük istedad, nə böyük təpər varmış. Az ömrün­də gördüyün işlər hesablansa, kitaba sığmaz, Mərziyyə xanım! Amma mən sənə xanım da deyə bilmirəm, ana öz balasına xanım deyərmi? Sən mənim xalqımın istedadlı, gənc qəlbini el uğ­runda şam kimi şölələndirən balası­san! Silaha sarıldın, atəş açdın o zərif əllərinlə, nifrət yağdırdın - gül yarpağı dodaqlarınla, zəmanənin zöhhaklarına qarşı üsyana çağırdın - qızlıq səsinlə!

Mərziyəcan! Sən dünyada 29 il yaşadın. Bu 29 ildə nələr etdin, nələr etmədin, gizli dərnəklərdə dünyanın ən mütərəqqi inqilabi nəzəriyyələrini öyrəndin və öyrətdin, şeirlər yazdın, hekayələr yazdın, yaşıdlarının inqila­bi mübarizə yolu haqqında böyük bir xatirat yazıb İranın fədai gənclərinin mübarizə yolunu işıqlandırdın. Bütün bunlar yaşının ölçüsünə sığmır, mə­nim balam!”.

Professor Əzizə Cəfərzadə Mər­ziyyə Üskülünün “savak”çılarla gərgin mübarizədə neçə-neçə şah nökərini öldürdükdən sonra amansızcasına güllələnməsinə ağı deyirdi: “Sən hələ nələr yazardın, nələr yarada bilərdin, lakin qoymadılar. Güllələdilər səni... Bu, adi atışmada atılan güllə deyildi. Səhər saat 10-da “Sübhün nazəndə çağında” amma elə o gün sənə dəyən güllələr səni İran xalqının mübarizə tarixinə yazdı, qanla yazdı, silinməz əbədi xətlə yazdı. Cəngavərlik səhifə­sində sən Janna d`Arkın daha şöhrətli, mələk xislətli, tuti dilli, ər ürəkli igidim!”

Əzizə xanım 1987-ci ildə qələmə aldığı “Yora bilməz yollar sizi...” (Cə­nubi Azərbaycanda yaşayan qadın şairlərin yaradıcılığı haqqında) adlı məqaləsində də M.Ə.Üskülüyə, onun yaradıcılığına səmimi münasibətini bil­dirmişdi.

Güney Azərbaycan vətənpərvəri, adını tarixə qızıl qanı ilə həkk edən M.Ə.Üskülünün taleyindən “Mərziyyə” poemasında yanıqlı bir dillə, poetik eh­tirasla söhbət açan Xalq şairi Bəxtiyar Vahabzadənin də, “Hər kəs Günəşi sevsə” poemasında “Bu sədlərin, sər­hədlərin üzərindən qanımı qaynadan qardaş duyğusu nə nağıldı, nə fərziyə!” söyləyən Xalq şairi Sabir Rüstəmxan­lının da, Xalq yazıçısı Əzizə Cəfərza­dənin fəryad dolu “Səni kim unudar, Mərziyyə!” məqaləsinin çapını təşkil edən, onun surətini çoxaltdırıb geniş oxucu kütləsi arasında yayan profes­sor Abbas Zamanovun da xalqımızın igid qızı Mərziyyə Əhmədi Üskülüyə məhəbbəti sonsuz idi.

Lətifə MİRZƏYEVA,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi

Sosial həyat