Sprint yarışında “Red Bull Racing”in pilotu qalib oldu

post-img

“Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən möhtəşəm Formula 1 Azərbaycan Qran-Prisi uğurla davam edir. Dünyanın ən sürətli avtomobillərinin mühərriklərindən çıxan ildırım gurultusuna bənzər səs Bakı trasında əks-səda verir. Bolid sürətli avtomobillər təhlükəli və sərt döngələrdə şütüdükcə tamaşaçılara adrenalin yaşadır. 

Yarışın ikinci günü sprint yürüşünün təsnifat turu ilə start götürüb. Hər biri iki pilotdan ibarət 10 komandanın qatıldığı təsnifat turu üç sessiyadan ibarət olub. 

Yürüşün ümumi nəticəsinə görə, sprint yarışının start düzülüşü müəyyən­ləşib. “Ferrari” komandasının pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing”in pi­lotları Serxio Peres və Maks Ferstappen ilk üçlükdə qərarlaşıblar. 

Sessiya vaxtı “Williams”ın pilotu Loqan Sarjent qəza törədib. Bolid təh­lükəsizlik cəddinə çırpılaraq yararsız hala düşüb. Pilot ümumi sıralamada 11-ci olub, növbəti mərhələyə vəsiqə qazansa da, onun bolidi yarışı davam etdirmək üçün yararlı vəziyyətdə olmayıb.

Sonra isə “Formula 2” üzrə Azərbay­can Qran-prisi keçirilib. Gərgin keçən mübarizədə “Prema Racing”dən Oli­ver Bearman qalib adına layiq görülüb. “Prema Racing”dən Frederik Vesti ikinci, “Hitech”dən Jak Kroufurd üçüncü yeri tu­tublar.

Sonlara yaxın zərcirvari qəza baş ve­rib və dörd pilot mübarizəni dayandırıb. Ümumilikdə 11 sürücü sonadək yarışa bilməyib.

Günün sonunda Azərbaycan Qran-Prisində sprint yarışları keçirilib. Gərgin keçən mübarizədə “Red Bull Ra­cing” komandasının pilotu Serxio Peres sprint yürüşünün qalibi olub. “Ferrari”nin pilotu Şarl Lekler yarışı ikinci, S.Peresin komanda yoldaşı Maks Ferstappen isə üçüncü pillədə qərarlaşıblar. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. İlk səkkiz pillədə qərarlaşan pilotlar xal qazanıblar.

Bununla da “Red Bull Racing”in pilotu Maks Ferstappen 75 xalla turnir cədvəlin­də liderliyini möhkəmləndirib. Yarışın qa­libi olan və səkkiz xal qazanan “Red Bull Racing”in digər pilotu Serxio Peres ikinci­dir – 62 xal. Sprintdə ikinci olan Şarl Lek­ler yeddi xal əldə edib və 13 xalla ümumi sıralamada səkkizinci pilləyə yüksəlib.Turnir cədvəlində ilk üçülüyü “Aston Mar­tin” komandasının pilotu Fernando Alon­so tamamlayır. Onun aktivində 48 xal var.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 pilotlarının iştira­kı ilə “Fan Forum” baş tutub. Yarış həftəsi zamanı Formula 1 azarkeşlərinin həyə­canla gözlədikləri pilotlarla görüş - Fan Forum Dənizkənarı Bulvar ərazisində yerləşən Fanzonada keçirilib. Burada yerləşən səhnədə təşkil olunan sessiya­da dünyaşöhrətli F1 pilotları avtoidman həvəskarları ilə görüşüblər. Komandalar üçün ayrılmış 20 dəqiqə ərzində azar­keşlər səhnədəki F1 ulduzlarını yaxından görmək imkanı əldə ediblər. Tədbirdə bütün F1 komandaları – “Alpha Tauri”, “Williams”, “Ferrari”, “Haas”, “Red Bull”, “Mercedes”, “Alpine”, “Mclaren”, “Aston Martin” və “Alfa Romeo” komandalarının pilotları iştirak ediblər.

Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 28-30-da Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi də böyük maraq doğurub. Formula 1-in fan zonasında azarkeşlərin maraqla izlədikləri müxtəlif illərə aid klassik avtomobillər nümayiş etdirilir. 

AAF-ın avtomobil həvəskarlarına daha bir sürprizi aprelin 30-na təsa­düf edəcək. Belə ki, Formula 1-in yarış halqasında klassik avtomobillərin yürüşü təşkil olunacaq. Yürüşə 30-a yaxın klas­sik avtomobil qatılacaq. 

Qeyd edək ki, Azərbaycan Qran-Pri­sinin ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst və sıralanma yarışları baş tutub. Sərbəst yürüşün qalibi “Preme Ra­cing” komandasının pilotu Oliver Berman olub. İkinci pillədə “Hitech”in üzvü İsak Hajar, üçüncü yerdə isə “Campos Ra­cing”dən Kuş Maini qərarlaşıblar. Oliver Berman sıralanma turunu da qələbə ilə başa vurub. “Rodin Carlin” komandası­nın üzvü Enzo Fittipaldi və “ART Grand Prix”in pilotu Teo Purşer sonrakı yerləri tutublar. 

“Red Bull Racing” komandasının pilo­tu Maks Ferstappen Formula 1 üzrə sər­bəst yarışda əlçatmaz olub. Şarl Lekler (“Ferrari”), Serxio Peres (“Red Bull Ra­cing”) sonrakı yerləri tutublar. Sıralanma turunda isə Şarl Lekler qalib gəlməklə poul qazanıb. Bu, Ş.Leklərin cari mövsü­mün qazandığı ilk pouldur. Monakolu pi­lot Bakı şəhər halqasında ardıcıl üçüncü poul əldə edib. Aprelin 30-da keçiriləcək Azərbaycan Qran-Prisində Ş.Lekler yarı­şa birinci mövqedən start verəcək. Sıra­lanma turunda Maks Ferstappen ikinci, Serxio Peres isə üçüncü pillələrə sahib olublar. 

Leyla QURBANOVA, “Xalq qəzeti”



İdman