Niderlandlı Mark ter Mors bir həftədən çoxdur ki, Bakıdadır. Deyir ki, darıxmamaq üçün dostu ilə birlikdə Azərbaycana səyahət edib: “Azərbaycan o ölkələrdəndir ki, son vaxtlar çoxlu informasiyalar eşidilir. Araşdırıb ölkənizlə bağlı məlumatlar əldə etmişdim. Bakı doğrudan da, gözəl şəhərdir. Burada insanların gülərüzlüyü, müasirliyi xüsusilə diqqətimi çəkdi. Bakının gəzməli və görməli yerləri ilə artıq tanış olmuşam. Eşitmişəm ki, Azərbaycanın regionlarında da istirahət etməli gözəl yerlər var. Növbəti illərdə yenidən ölkənizə gəlməyi planlaşdırıram. Formula 1-ə minnətdar olmalıyıq ki, bizi belə bir gözəl şəhərlə yaxın etdi”.
Sürət həvəskarı Formula 1-in Bakı yarışının yaddaşlarda xüsusilə dərin iz qoyacağını bildirdi: “Bakı Şəhər Halqasında keçirilən yarışları hər il izləmişəm. Amma gərgin anlarla dolu mübarizəyə canlı şahidlik etmək tam başqadır. Əminəm ki, Bakıda keçirilən Formula 1 yarışı tamaşaçıların yaddaşında dərin iz qoyacaq”.
Sudanlı Leena Mussaad sürət həvəskarıdır. Formula 1 dünya çempionatının demək olar ki, bütün mərhələlərini televiziyadan izlədiyini deyir. Yalnız Dubayda bu yarışlara canlı tamaşa edib: “Bakı trekində avtomobillərin yarışı tam başqadır. Burada hər an, hər saniyə sürprizlərlə doludur. Bakı trası sərt döngələri ilə çox maraqlıdır”.
Leena Mussaad Bakı, Azərbaycanla bağlı təəssüratlarını da bildirdi: “Şübhəsiz, yarışın təşkil olunduğu məkan da tamaşaçı üçün çox böyük əhəmiyyət kəsb edir. Bakı sanki sürət yarışına əlavə rəng qatır. Yarışdan sonra gecənin yarısınadək rəfiqəmlə birgə şəhəri gəzirik. Yeməklərinizin tayı-bərabəri yoxdur. Kabab, üzüm yarpağından dolma, toyuq və badımcan ləvəngesini xüsusilə sevdim! Yarışdan sonra da bir neçə gün burada qalacağam. Artıq Bakıda dostlarım da var”.
Pakistanlı Ecaz Danish da Formula 1 həvəskarlarındandır. O bildirir ki, bu yarışın məhz Bakıda keçirilməsi onun cəlbediciliyini daha da artırır: “Düşünürəm ki, Formula 1-in şəhər traslarında təşkili onu daha da maraqlı edir. Ən sürətli Bakı treki isə bu yarışa əlavə rəng qatır.
İngiltərəli Laurence Edmandson Formula 1 yarışlarının idman və əyləncə proqramı şəbəkəsində çalışır. O deyir ki, unikal Bakı trasında Formula 1 yarışları möhtəşəm keçir: “İstər yarış iştirakçıları, istərsə də azarkeşlər həmişə qeyd edirlər ki, Bakı şəhər treki ən maraqlı traslardan biridir. Bu mötəbər yarışları Xəzər dənizi ətrafında, məhz Bakı şəhərində belə möhtəşəm trasda izləməkdən hamı zövq alır”.
Qonaq paytaxt Bakının təmiz və gözəl, yerli sakinlərin isə çox mehriban olduğunu vurğuladı: “Yarışın keçirildiyi ərazidə xarici turistlər həddindən artıq çoxdur. Onlar bir neçə gün ərzində sanki doğmalaşıblar. Düşünürəm ki, burada heç kim özünü yad hiss etmir. Bizə nəsə lazım olanda yoldan keçən istənilən şəxsə çəkinmədən müraciət edirik. Bilirik ki, əllərindən gələn köməyi edəcəklər. Yarışdan sonra gəzməyə çıxırıq. Bakı qədimliyi ilə yanaşı, həm də müasirliyi ilə bizi heyran edir”.
L.SABİRQIZI,
Fidan HÜQUQQIZI,
“Xalq qəzeti”




