Dünyanın ən populyar avtoidman yarışlarından biri olan Formula 1 davam edir. Bu yarışların ölkəmizdə keçirilməsi qürurvericidir. Keçirilən yarışlar ölkəmizin iqtisadi potensialına, eləcə də turizm sektorunun inkişafına müsbət təsir göstərir. Ölkəmizdə bu kimi beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycan gəncləri yaxından iştirak edirlər. Onlar yarış müddətində müxtəlif vəzifələrdə çalışaraq yeni təcrübələr əldə edir, nəzəri və praktiki təlimlərdə iştirak etməklə öz bacarıqlarını təkmilləşdirirlər.
Yarışları izləmək üçün 100-dən çox ölkədən sürət həvəskarları, eləcə də yerli tamaşaçılar Bakıya gəlib. Formula 1 yarım milyarddan çox auditoriyaya sahib olduğundan yarışlar beynəlxalq səviyyədə ölkəmizin nüfuzunu artırır. Bunu ölkəmizə təşrif buyurmuş xarici qonaqlarla yanaşı, vətəndaşlarımız da bildirirlər.
Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Habil Niftalı bildirdi ki, artıq Azərbaycan dünya siyasi arenasında qalib ölkə kimi tanınır. “Tək bu yarış deyil, digər beynəlxalq yarışların da Azərbaycanda keçirilməsi, müxtəlif yarışlarda Azərbaycan bayrağının yüksəklərə qaldırılması Azərbaycanın dünyada tanıdılması baxımından önəm kəsb edir. Formula 1 yarışları ərəfəsində Azərbaycana çox sayda turist gəlir. Bunu həm bron edilən hotel nömrələrindən, həm də tur proqramlardan bilmək olur. Yarışlar dövründə ölkəyə gələn turistlər digər dövrlərdə gələnlərdən çox fərqlənirlər. Bu da yarışın ən yüksək səviyyədə keçirilməsi və daha üst səviyyəli bir yarış olmasından xəbər verir”.
“1inci Academy” Təhsil Mərkəzinin meneceri Nərmin Yusifova isə bildirdi ki, qlobal səviyyədə keçirilən bu yarışa baxmaq üçün dünyanın hər yerindən turistlər ölkəmizə axın edir: “Artıq 7 ildir ki, davam edən yarışlar ölkəmizin tanınması, ölkəyə xarici vətəndaşların cəlb olunması baxımından çox müsbət hadisədir. Ölkəmizə turistlər axın edirlər. Azərbaycan qlobal səviyyədə tanınır. Formula 1 həyəcan və gərginliklə keçir. Yarış sayəsində fərqli ölkələrdən Bakıya gəlmiş qonaqlarla da tanış olmaq imkanımız yaranır. Eləcə də xarici ölkələrdə adımızın tez-tez hallanması çox gözəl haldır”.
R.ABİŞOV, “Xalq qəzeti”



