Azərbaycan Qran-Prisi 2026-cı ilədək Formula 1 təqvimində qalacaq

post-img

Azərbaycan Qran-Prisi 2026-cı ilədək Formula 1 təqvimində qalacaq. Bu barədə Formula 1-in rəsmi saytı məlumat yayıb. Formula 1-in prezidenti Stefano Domenikali Azərbaycan Qran-Prisi ilə müqavilənin uzadılması barədə danışarkən deyib ki, Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq. Onun sözlərinə görə, birgə inkişafı davam etdirməyi səbirsizliklə gözləyirik.

Cənab S. Domenikali Bakı Şəhər Halqasının Formula 1 üçün çox məşhur məkana çevrildiyini də vurğulayıb: “Bu həmişə maraqlı yarışa evsahibliyi edən inanılmaz trasdır”.

Bakıda keçirilən yarışlar da Formula 1-in prezidentinin sözlərini təsdiqləyir. Belə ki, paytaxtın mərkəzi küçələri xarici qonaqlarla doludur. Formula 1 Azərbaycana ilk dəfə gələn 2016-cı ildən bəri ilk dəfə olaraq 100-dən çox ölkədən azarkeşlər bilet alıblar. İndiyədək bunun heç vaxt olmadığını vurğulayırlar. Nəzərə alsaq ki, BMT-yə 193 ölkə daxildir, demək olar ki, dünyanın yarısı, hətta daha çoxu Bakıya təşrif buyurub. Bu, şübhəsiz ki, qarşıdan gələn Azərbaycan Qran-Prisinə böyük marağın sübutudur. 

Formula 1 inanılmaz mübarizələrə səhnə olması ilə bərabər, həm də iqtisadi əhəmiyyəti olan yarışdır. Onun Bakıda keçirilməsi qeyri-neft sektorunun inkişafına valyuta daxil olması üçün əlavə əhəmiyyətli imkanlar yaradır. Eyni zamanda, Formula 1-in Azərbaycanda keçirilməsi ölkənin xaricdə tanıdılması baxımından əhəmiyyətli bir idman tədbiridir. Bu yarış, həmçinin ölkənin mədəniyyətinin, mətbəxinin və təhlükəsizliyinin nümayiş etdirilməsi üçün də unikal imkan yaradır. Turizmin inkişaf etməsi özü ilə kənd təsərrüfatı, xidmət, nəqliyyat, qida sektorunun da inkişafına təsir göstərir. Formula 1 mövsümü yeni iş yerlərinin açılışı, vergi ödəmələrində artım, kiçik və orta sahibkarların, əsasən də qida, xidmət, nəqliyyat sahəsində çalışanların gəlirinin artması, valyuta daxilolmasının çoxalması deməkdir. Odur ki, Formula 1-in daha üç il müddətinə uzadılması iqtisadi baxımdan da önəmli hadisədir.

“Xalq qəzeti”

İdman