“2023-cü il Cümhuriyyətimizin 100-cü ili içərisindəyik. Bu bir əsrdəki son 2 onillik Türkiyənin sürətli və hərtərəfli inkişafı ölkənin tarixində yüksək mərhələ təşkil edir”. Türkiyə Prezident Administrasiyası (PA) Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü, siyasətçi İsmail Safi “Xalq qəzeti”nə bu açıqlamasının davamında dedi:
– Bu dönəmdə iqtisadiyyatda, infrastruktura, müdafiə sənayesinə önəmli yatırımlar edildi. Əvvəlki dövrdə Türkiyədə müasir yolların uzunluğu cəmi 3 min kilometr olduğu halda hazırda 21 min kilometrdən çox ən müasir modellərdə avtomobil yolları, dübel ikiqat yollarımız var. Yüzlərcə modern tunellər, metrolar, dəmiryolları, sürət qatarları, hava limanları inşa edildi. Bugünlərdə Ankara Sivas yüksək sürətli dəmir yolu xətti istifadəyə verildi. İndi İstanbuldan, Ankaradan Türkiyənin hər yerinə təyyarə ilə ucuz biletlə getmək mümkündür.
Şəhər xəstəxanalarına edilən yatırımlar səhiyyədə ciddi dəyişiklik yaratdı, xüsusilə pandemiya dönəmində Türkiyəni xilas etdi. Daha çox detallara varmaq istəmirəm. Amma 20 il içində görülən bütün bu işlər, edilən bu yatırımlar ölkəmizi bundan sonra 50 il idarə edə biləcək sərmayələrdir. Türkiyə iqtisadi gəlirlərinin önəmli bir hissəsini infrastruktura xərclədi. Ölkəmiz bundan sonra 50 il infrastruktura heç bir sərmayə qoymadan mövcud olanlarla davam edə bilər.
Həmsöhbətim ölkənin müdafiə sənayesi sektoruna sərf edilən sərmayələrdən də bəhs etdi:
– Türkiyə NATO-nun müttəfiqi olaraq, qarşıya qoyulan vəzifəni sağlam yöndə yerinə yetirsə də zamanla şahid olduq ki, əslində, ittifaq dostlarımız bizim təhlükəsizlik və müdafiə sənayemizin inkişafına mane olublar. Müdafiə sənayemizin bütün ehtiyaclarını illərlə bu ölkələrdən tədarük etmişik və bu sahəyə ən kiçik bir sərmayə qoymamışıq. Bu bağışlanacaq bir məsələ deyildi. Biz bu səhvi tez bir zamanda düzəltdik. Hazırda müdafiə sənayesində, təqribən, 70 faiz yerli və milli istehsala önəm verilib. Təyyarə, gəmi mühərrikindən tutmuş tank, raket, pilotsuz uçuş aparatlarına qədər milli istehsala nail olmuşuq. Sevindirici haldır ki, Azərbaycanla yanaşı, Yaxın və Orta Şərqdəki dostlarımızdan əlavə, Avropa ölkələri də Türkiyənin bu müdafiə məhsullarını idxal edirlər.
İsmail Safi siyasi, strateji və hərbi cəhətdən mövqelərini möhkəmləndirən Türkiyənin bu inkişafından narahat olan dairələrin qısqanc münasibətindən də söz açdı:
– Misal göstərmək olarsa, bunlardan ən önəmlisi Suriya idi. Biz Amerikanı dost, müttəfiq sansaq da, təəssüf ki, Türkiyənin düşmənlərini, terror təşkilatlarını dəstəklədi. Sərhədlərimizdə, Suriyanın şimalında bir terror dövləti qurmağa cəhd göstərdilər. Amma Türkiyə böyük bir qərarlılıqla, hətta 15 iyul 2016-cı ildə ölkəmizdə dövlət çevrilişinə cəhd edilən günün sabahısı o ərazilərə müdaxilə edərək terror yuvalarını məhv etdi. Bundan başqa, Türkiyənin səyləri ilə Liviyada sülh bərqərar oldu.
Siyasətçi Türkiyə – Rusiya münasibətlərinə də toxundu:
– Rusiya ilə münasibətlər Türkiyə üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə çox balanslı, ağıllı siyasət tətbiq edərək həm Rusiyanın, həm də Ukraynanın təqdirini qazanıb. Çünki güclü dövlətlər arasında Türkiyə, bəlkə də, Rusiya və Ukrayna arasında sülhün bərqərar olması üçün çalışan yeganə ölkədir.
Ölkəsinin Türk dünyası ilə bağlı çox dəyərli fəaliyyətinin olduğunu bildirən İsmail Safi dedi:
– Türkiyə ilə türk dövlətləri əvvəllər də sıx əməkdaşlığın qurulmasında maraqlı olub. Amma bunun üçün də Türkiyənin iqtisadi vəziyyətinin əlverişli olması böyük əhəmiyyət daşıyırdı ki, bu da bizim günlərdə mümkün oldu. Doğrudur, bütün hökumətlər Türk dünyası ilə yaxşı münasibətlərə cəhd etdilər. Amma təbii ki, bu həm də iqtisadiyyata bağlı olan məsələdir. Xüsusilə 90-cı illərdə türk respublikalarının Türkiyəyə daha çox ehtiyacı olduğu dönəmlərdə, təəssüf ki, ölkəmiz iqtisadi baxımdan güclü olmadığına görə kifayət qədər dəstəyini verə bilməyib. Amma bu durum son illərdə sürətlə kompensasiya edildi.
Güclü bir Türkiyə, başda Azərbaycan olmaqla Türk dünyasına, dəstək oldu. Ölkəmiz Qarabağ savaşında Qərb tərəfindən təklənmiş Azərbaycanın haqlı mücadiləsini qətiyyətlə müdafiə etdi. Qarabağın terrorçu ermənilərin işğalından təmizlənməsində və azad edilməsində Türkiyə tərəddüdsüz və qərarlı bir şəkildə Azərbaycanın yanında oldu. Eyni şəkildə, Özbəkistanda, Qırğızıstanda yaşanan münaqişələrdə, Türkmənistanın türk dünyasında daha fəal yer almasında Türkiyənin rolu inkaredilməzdir.
Türk dünyası ilə bağlı qurulmuş olan Türk Şurasının (Türk Konseyi) Türk Dövlətləri Təşkilatına (TDT) çevrilməsində Türkiyənin əməyi və dəstəyi həlledici oldu. Hazırda Orta Asiya bölgəsindən Qafqaz, Balkan ölkələri, Anadolu, Yaxın və Orta Şərqə qədər ərazilərdə müstəqil, azad Türk cümhuriyyətləri bir təşkilat halına gələrək çox güclü bir struktur olma yolunda sürətlə və qərarlılıqla irəliləyir.
Həmsöhbətim Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinin Türk dünyası üçün də önəmli və əlamətdar bir tarix sayıldığını söylədi:
– Bu il Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə yanaşı, Türklərin tarix səhnəsində aparıcı rola sahiblənməsinin də 1000 illiyi gündəmə gəlib. Türklər son minillikdə Yaxın və Orta Şərqdə, Balkanlarda, Orta Asiyada meydana gələn Türk dövlətləri ilə çox güclü, böyük mədəniyyətlər qurdular. Son 200 ildə zəifləyən Türk dünyası başda Türkiyə, Azərbaycan və Orta Asiyanın bütün Türk cümhuriyyətləri olmaqla, son yüzillikdə yeni bir ruh və enerji ilə çağdaş tarixdə fəal rol qazandı. Bu birliyi hamımız görür və təqdir edirik”.
Söhbəti hazırladı:
Mehparə SULTANOVA,
“Xalq qəzeti”
Ankara


