Ukrayna əks-hücumla bağlı hazırlıqlarını başa çatdırıb. Bununla yanaşı, Kiyev bir sıra cəbhələrdə döyüşləri də uğurla davam etdirir. Dünən Ukrayna ordusu Xerson vilayətində də əks-hücum əməliyyatı həyata keçirib, Rusiya ordusunun sursat anbarlarına, canlı qüvvə və hərbi texnikanın cəmləşmə yerlərinə zərbələr endirib. Bu barədə “Cənub” operativ komandanlığının nümayəndəsi Natalya Qumenyuk bəyan edib. Məlumatı “Euronews” verib.
Bir gün əvvəl Ukraynanın müdafiə naziri Aleksey Reznikov da bəyan etmişdi ki, Silahlı Qüvvələr çoxdan gözlənilən yaz əks-hücumuna hazırlıqları başa çatdırır və ordu, ümumiyyətlə, hazırdır. “Ukrayna artıq çoxlu müasir texnika, çoxlu sayda müxtəlif tipli zirehli maşın, məsələn, “Bredley”, “Marder”, “Stryker” alıb: “Bundan əlavə, İsveçdən CV-90 alınacaq. Hazırda qoşunlar komandanlığın hücum qərarını gözləyir”, – deyə Reznikov bildirmişdi.
Dünən Ukrayna Prezidenti Volodimir Zelenski də deyib ki, Ukraynanın əks-hücum planına Krımın işğaldan azad edilməsi də daxildir. Onun sözlərinə görə, Ukraynanın uğuru əsasən Qərbin davamlı silah təchizatından asılıdır.
Təbii ki, Rusiya da özünün mövqelərini gücləndirməyə çalışır. RF-nin Ukrayna ərazisindəki qüvvələri Zaporojye AES ətrafında hərbi cəhətcə möhkəmlənmək üçün tədbirlərini artırıb. Bu, Zaporojye vilayətindəki Kaxovka su anbarının şərqindəki mövqeləri əldə saxlamaq üçün edilir.
Dünən Böyük Britaniyanın Müdafiə Nazirliyi peyk çəkilişlərinə əsaslanaraq, belə bir məlumat yayıb ki, Rusiya qüvvələri Avropada ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-in bir neçə reaktorunun damında da atəş nöqtələri yaradır.
Qeyd edək ki, Rusiya AES-ə nəzarəti 2022-ci ilin martında ələ keçirib. Ancaq bu, ilk haldır ki, reaktorların yerləşmiş olduğu bina müdafiənin taktiki planlaşmasına daxil edilir. Görünür, Rusiya bu mövqeləri ona görə qurur ki, Ukraynanın qarşıdakı böyük əks-hücumundan narahatdır. Bu addım isə AES ətrafında döyüşlərin gedəcəyi təqdirdə onun təhlükəsizlik sisteminin pozulması ehtimalını artırır. Amma adi atıcı silahlardan reaktorların zədələnməsi ehtimalı azdır, çünki stansiyanın konstruksiyaları çox möhkəm qurulub.
Ukrayna Silahlı Qüvvələrinin Dneprin aşağı axarında, Xerson rayonunun Korsunka məntəqəsindən şimaldakı mövqelərdə, eləcə də Rıbalçe kəndindən cənub-şərqdə olan Rusiya obyektlərinə və Kozaçi Laqeri kəndindəki rus ordusuna məxsus müşahidə məntəqəsinə endirdiyi zərbələri uğurlu hesab etmək olar. Bunu geolokasiya kadrlarından da görmək mümkündür.
Natalya Qumelyuk da təsdiq edib ki, Ukrayna ordusu Xerson vilayətində həyata keçirdiyi əks-hücumları artıq planlı şəkildə aparır.
Bununla yanaşı, Ukrayna taxılının dünya bazarlarına çıxarılması ilə bağlı mövcud problemlərin aradan qaldırılması istiqamətində də beynəlxalq səylər davam etdirilir. Dünən Brüsseldə Ukraynanın müharibə gedən ərazilərindən taxıl və digər bitkilərin idxalını və tranzitini birtərəfli qaydada məhdudlaşdırmış 5 ölkəyə qadağaların ləğvi müqabilində ciddi dəstək verilməsi təklif edilib. Avropa Komissiyası Ukraynadan Avropa İttifaqına buğda, qarğıdalı, kolza və günəbaxan ixracını məhdudlaşdırmış və taxıl ehtiyatlarının çoxluğundan zərər çəkmiş 5 ölkənin fermerlərinə birtərəfli qaydada 100 milyon avro yardım göstərilməsi barədə razılıq əldə edib.
Bu barədə dünən Avropa Komissiyası sədrinin müavini Valdis Dombrovskis özünün “twitter” hesabında yazıb. O, Ukrayna taxılının idxalına qadağa qoymadığı üçün Rumıniyanın Avropa Komissiyasından yardım alacağını bildirib: “Avropa Komissiyası Ukraynadan gətirilən ərzaq məhsulları ilə bağlı Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstanla razılığa gəlib. Müqavilənin əsas elementləri: idxala milli məhdudiyyətlərin ləğvi, dörd növ məhsul -buğda, qarğıdalı, kolza və günəbaxan üçün müstəsna ehtiyat tədbirlərinin tətbiqi, təsirə məruz qalan 5 ölkədə fermerlərə 100 milyon avro yardım göstəriləcək”.
Dombrovskis həmçinin vurğulayıb ki, Avropa İttifaqı gələcəkdə Ukraynadan günəbaxan yağı və bir sıra digər məhsulların idxalına əlavə məhdudiyyətlər tətbiq edə bilər. Avropa Komissiyası bu məhsulların məhdudiyyətsiz idxalının avropalı istehsalçılara vurduğu zərərin həcmini müəyyən etmək üçün araşdırmalara başlamağa söz verib.
“Avropa Komissiyası həmrəylik olaraq quru və çay marşrutları ilə digər ölkələrə də Ukraynadan ərzaq ixracını təmin etməyə çalışacaq”, – deyə Dombrovskis qeyd edib. Varşava, Budapeşt, Bratislava, Sofiya və Buxarestlə üçüncü ölkələrə idxal və tranzitlə bağlı əldə olunmuş razılaşmaları Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də bəyənib: “Bu razılaşma sayəsində Ukrayna dünyanı yedizdirməkdə davam edəcək, bizim fermerlərin isə yaşamaq üçün vəsaiti olacaq”.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

