Planetimizdə yeni dünya düzəni yaranmağa başlayır, ən azı hazırda onun bir çox səciyyəvi cizgiləri sezilməkdədir. “Böyük yeddilər” ilə “Pekin-Moskva-Tehran oxu”nda birləşən dövlətlər bir-birlərinə meydan oxumağa başlayıb. Belə ki, hər iki tərəf dünyada siyasi, iqtisadi və hərbi hökmranlığa iddialıdır.
Görünən budur ki, qlobal siyasət meridianlarında qütbləşmə artıq diplomatik mərhələdən əzələ nümayişi müstəvisinə keçir. Vaşinqton və Pekin həlledici döyüşlərə qədər öz müttəfiqlərinin sayını artırmağa və bu yolla komandalarını gücləndirməyə tələsir. Mövqelər artıq ortadadır. Kim kimin yanındadır, o da bəllidir.
İki həftə əvvəl Pekində rəsmi səfərdə olan Braziliya Prezidenti Lula da Silvanın bəyanatlarından bəlli oldu ki, Latın Amerikasının ən böyük ölkəsi də Çinin “lokomotiv”i olduğu ekspress qatarında yer alır. Lakin hələlik Vaşinqtonla Pekin arasında seçim etməkdə tərəddüd edən ölkələr də az deyil. Yəqin ki, tezliklə onlar da son qərarlarını verməli olacaqlar.
Bir müddət əvvəl “Böyük yeddilər”in XİN rəhbərləri Yaponiyanın Karuizava kurort şəhərində bir araya gələrək planetin üzləşdiyi siyasi və hərbi böhranlardan çıxış yollarını müzakirə ediblər. Gərgin keçən müzakirələr üç gün davam edib.
Dünyadakı prosesləri Təhlükəsizlik Şurasından (TŞ) daha çox Qərbin yeddi zəngin dövləti yönləndirir. “Sarı əjdaha” və müttəfiqlər isə bununla razılaşmır, “biz də səhnədəyik, ayaqdayıq” deyirlər.
Yeri gəlmişkən, mayın ortalarında “Böyük yeddilər”in liderləri Xirosimada toplaşacaqlar. Bu şəhərin adı çəkiləndə qeyri-ixtiyari olaraq narahat oluruq. Axı bu həmin Xirosimadır ki, 1945-ci ilin sentyabrında ABŞ Prezidenti Trumenin göstərişi ilə oraya atom bombası atılıb. Eyni acı taleyi digər yapon şəhəri Naqasaki də yaşayıb.
Amma siyasətdə daimi dostlar olmadığı kimi, əbədi düşmənlər də olmur. Taleyin istehzasına baxın ki, indi Yaponiya Birləşmiş Ştatların Sakit okean hövzəsində ən yaxın tərəfdaşıdır. Şübhəsiz, Tokionu Vaşinqtona yaxınlaşdıran əsas səbəb əzəli rəqibi Çinin sürətlə artan hərbi və iqtisadi gücüdür. Seul da Şimali Koreyanın təhdidlərindən qorunmaq üçün ABŞ-ın himayəsinə sığınıb.
Bəli, 78 il əvvəl “Gündoğar ölkə”nin iki şəhərinə atılan ilk və son nüvə silahı bu gün bütün dünyanın başı üzərində bir kabus kimi dolaşır. Şimali Koreya diktatoru Kim Çen In isə az qala hər həftə yeni nüvə sınaqları keçirir və bu yolla təkcə Yaponiyanın deyil, hətta ABŞ-ın da gözünün odunu almağa çalışır.
Bu yandan da bir çox dövlətlərarası beynəlxalq hüquq normaları faktiki olaraq işləmir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən ikisi –Çin və Rusiya Şimali Koreya liderinə “gözün üstə qaşın var” demir. Bu məqamda çağdaş dünyanın ən müdrik və xarizmatik dövlət başçılarından olan Rəcəb Tayyib Ərdoğanın məşhur “dünya beşdən böyükdür!” ifadəsi yada düşür.
Rusiya–Ukrayna müharibəsi, Çinin Tayvana mümkün hərbi təcavüzü, özünü dəcəl uşaq kimi aparan Şimali Koreyanın nüvə hədələri, Suriyada, Yəməndə, son günlər isə Sudanda ağır zorakılıqlarla müşahidə olunan qanlı toqquşmalar və s. hazırda müasir dünyanın siyasi mənzərəsinin əsas mövzularıdır. Bütün bu ağır problemləri həll etmək mümkün olacaqmı? Təəssüf ki, suala birmənalı cavab vemək çətindir.
Yaxın Şərq planetimizin ən həssas nöqtəsi olaraq qalır. Hətta belə bir deyim var ki, kim bu bölgədə əsas söz sahibidirsə, məhz, o, bütün dünyaya nəzarət edir. Son illərə qədər burada Vaşinqtonun sözü keçərli idi. Son vaxtlar isə vəziyyət bir qədər dəyişib. Belə ki, son illərdə bölgəyə səfər edən yüksək ranqlı Çin rəsmilərinin sayı artıb.
Qeyd etmək lazımdır ki, Pekin gözlənilmədən regionda barışmaz rəqiblər təsiri bağışlayan Ər-Riyadı və Tehranı bir araya gətirərək barışdırıb. Bu, aydın səmada şimşək çaxması kimi təəccüblü haldır. Hər halda, bu dövlətlərin gələcəkdə bir-biri ilə sıx əməkdaşlıq edəcəyi şübhə doğurur, çünki maraqlar bambaşqadır.
Əlbəttə, bizim üçün əsas böyük uğur qardaş Türkiyənin dünyanın ən böyük güc mərkəzlərindən birinə çevrilməsi ola bilər. Bütün Türk dövlətlərinin bir araya gələrək sarsılmaz birlik yaratması hava-su kimi zəruridir. Bu, xeyli dərəcədə Türkiyədə keçiriləcək seçkilərin nəticələrindən asılıdır.
Dünyanın belə bir həssas məqamında Prezident Rəcəb Tayyib Ərdoğan kimi güclü və qətiyyətli bir liderin yaxın illər ərzində də Türkiyəyə rəhbərlik etməsi çox vacibdir. Ümid edirik ki, müdrik Türk xalqı bu il mayın 14-də ən doğru seçimini edəcək. Bütün hallarda, Türkiyənin seçiminə biz hörmətlə yanaşmağa borcluyuq.
On dörd aydır ki, dünyanın əsas diqqəti Ukraynaya dikilib. Burada iki böyük slavyan ölkəsi arasında barışmaz savaş gedir. Yeni dünya düzəni Ukrayna münaqişəsinin nəticəsindən çox asılıdır. Buna görə də nə vuruşan tərəflər, nə də onların müttəfiqləri geriyə çəkilmək istəmir.
Aydın İBRAHİMOV,
BDU-nun Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor, siyasi icmalçı
Karl Marks yazırdı ki, siyasət iqtisadiyyatı özündə təcəssüm etdirir. Hansı ölkə iqtisadi cəhətdən güclüdürsə, siyasətdə də üstün mövqelərə sahib olur. Bunu Çinin nümunəsində də görmək olur.
Son illər Çinin iqtisadi inkişafı ona müstəqil siyasət aparmaq imkanları yaradır. Çin Qərbdən fərqlənən başqa bir idarəetmə quruluşuna malik ölkədir. Onun daxili və xarici siyasətini Kommunist Partiyası müəyyənləşdirir, ölkə iqtisadiyyatı isə liberal bazar qanunları ilə tənzimlənir. Bu, unikal bir modeldir.
Çinin uzun onillər boyu siyasi cəhətdən dünya ağalığına iddialı olmaması, ona Qərbdən kifayət qədər modern texnologiyalar almağa kömək edib. Artıq vəziyyət dəyişir. ABŞ-ı ən çox Rusiya ilə Çinin yaxınlaşması qıcıqlandırır.
Pekinin Rusiyadan enerji asılılığı var. Bu iki ölkəni yaxınlaşdıran həm də onların Qərbin təzyiqlərini birlikdə dəf etməyə də məcbur olmalarıdır. Çinin Üçüncü Dünya ölkələrinə təsir imkanları böyükdür.
Planetimizin yeni nüfuz dairələrinə bölünməsi prosesi başlanıb. ABŞ dünyanı əvvəlki kimi təkbaşına idarə edə bilmir. Aydındır ki, Çin, xüsusilə Avropa qitəsində ABŞ-ın əsas rəqibidir. Siyasi sahədə Pekin “Köhnə qitə”də xüsusi rol oynaya bilmir. Lakin Asiya və Afrikada Çinin iqtisadi nüfuzu durmadan güclənir.
İqtisadi cəhəti bir kənara qoysaq, Çin özünün siyasi modelinə görə də ABŞ üçün təhlükəlidir. Belə ki, “Bir ölkə, bir xalq, bir partiya, iki sistem (sosializm və bazar iqtisadiyyatı)” modeli başqa ölkələrə də sirayət edə bilər ki, ABŞ bunu istəmir.
Yuxarıda sadaladığımız amillər ABŞ-ın rəhbər tutduğu demokratik prinsiplərlə uzlaşmır. Eyni zamanda, Vaşinqtonun yeganə güc olması şansı azalır ki, artmır.
Pekin praqmatik xarici siyasət xətti həyata keçirir. Çinlə rəqabət aparmaq çətindir. Ona görə ki, Pekin tərəfdaş ölkələr qarşısında siyasi tələblər irəli sürmür. ABŞ Rusiyanı hər vəchlə Çinin nüfuz dairəsindən çıxarmaq istəyir. Çin isə hər vasitə ilə bu oyunu pozur.
Çin dünyanın gələcək iqtisadi və siyasi inkişafı ilə bağlı öz baxış bucağını ortaya qoyub. Əvvəllər bu, yalnız Cənubi Şərqi Asiya regionu ölkələri üçün səciyyəvi idi, indi isə başqa regionları da əhatə edir.
Əvvəllər Pekinin belə bir iddiası yox idi. Bu, yeni prosesdir. Bu, ABŞ və digər Qərb döblətlərini bərk narahat edir. Faktiki olaraq, Çinin təkcə iqtisadi deyil, həm də siyasi və mədəni ekspansiyası baş verir.
Rusiya ilə Çinin xarici siyasət məsələlərində inteqrasiyası baş verir. ABŞ bundan çox əndişələnir. Sual olunur. Vaşinqton bu tandemin öhdəsindən gələ biləcəkmi? Düşünürəm ki, bunu zaman göstərəcək. Ən düzünü isə Allah bilir.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”


