“Türkiyə Böyük Millət Məclisinə (TBMM) millət vəkili seçilsəm, Azərbaycanı təmsil edən bir türk olaraq türk dünyasına xidmətlərimi, öz həyatımda yaşadığım çətinliklərə görə, fiziki qüsurlu insanlara, o cümlədən Qarabağ müharibəsində iştirak edərək bizə zəfər qürurunu yaşadan qazilərimizə hər şəkildə dəstəyimi əsirgəməyəcəyimə söz verirəm”.
Bu sözləri “Yenidən Rifah” Partiyasından Türkiyə Böyük Millət Məclisinə namizədliyi irəli sürülən Azərbaycan əsilli Vəfa Aktuz “Xalq qəzeti”nə açıqlamasında bildirdi. 2018-ci ildə Türkiyədə keçirilən parlament seçkilərində bu ölkənin hakim Ədalət və İnkişaf Partiyasından (AK Partiya) namizədliyinin təsdiqlənmədiyini xatırlayan Vəfa Aktuz dedi ki, hazırda AK Partiya ilə eyni ideyanın daşıyıcısı olan “Yenidən Rifah” Partiyasından namizədliyinin təsdiqlənməsi ilə qürur duyur:
–2019-cu ildə “Yenidən Rifah” Partiyasına dəvət edildim və bu dəvəti qəbul edib partiyaya üzv oldum. Hazırda partiyanın xarici əlaqələr şöbəsində sədr müaviniyəm. Bu partiya Türkiyədə milli görüş ideologiyasının qurucusu mərhum Nəcmeddin Ərbakanın oğlu Fatih Ərbakan tərəfindən qurulub. Mən də din və millətçiliyə önəm verən sağ ideologiyanın tərəfdarı kimi bu partiyadan namizədliyimi irəli sürdüm, opponentlərin çox olmasına baxmayaraq, milyonların arasından namizədliyimin qəbul edilməsinə və mənə olunan etimada görə çox sevindim.
TBMM-də sadəcə millət vəkili olmaq üçün bu mübarizə yolunu seçmədiyini vurğulayan Vəfa Aktuz qeyd etdi ki, başlıca məqsədi Türkiyə parlamentində azərbaycanlıların səsi olmaqdır. Deputatlığa namizəd bundan əlavə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın timsalında bütün türk millətinə bir azərbaycanlı kimi vəfa borcunun olduğunu da söylədi:
– 44 günlük Qarabağ zəfərində Türkiyədən Azərbaycana verilən dəstək danılmazdır. Bu dəstəyin arxasında hər iki ölkənin liderlərinin güclü iradəsi dayanır. Ona görə də bir Türkiyə vətəndaşı və millətim adına mənəvi borcum olaraq hörmətli cənab Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezident seçilməsində bacardığım dəstəyi verməyə hazıram. Partiyamızda öncə yaşanan tərəddüdlərdən çox həyəcan və kədər hissləri keçirsəm də sonrakı fəaliyyətlərimiz gözəl nəticələndi: “Yenidən Rifah” Partiyasının “Cumhur ittifaqı”na daxil olması məni məmnun etdi.
Əlbəttə, millət vəkili olmaq siyasətə yeni addımlarını atan hər kəsin xəyalı ola bilər. Fəqət mənim üçün millət vəkili olmanın başqa bir məsuliyyəti var. Odur ki, Azərbaycanda və Türkiyədə fəaliyyətdə olan təşkilatlarımızın imkanlarından, öz potensialımdan və bilik- bacarıqlarımdan maksimum istifadə edərək Vətənimə, millətimə və bir ürəkdə iki can olan Azərbaycana və Türkiyəyə xidmət edəcəyəm.
İxtisasca pedaqoq olan müsahibimiz Azərbaycanda fəaliyyət göstərən “Gülüstan Kimsəsiz Uşaq və Qadınlara Yardım” İctimai Birliyinə və Türkiyədəki “4 Unsur” dərnəyinə rəhbərlik edir. Uşaq ikən ailəsilə Rusiyada yaşayan Vəfa Aktuz 3 yaşında hər iki ayağını itirib. Hazırda Türkiyə vətəndaşı ilə ailə qurub, 2 qız anasıdır.
Xatırladaq ki, Vəfa Aktuzdan başqa Türkiyədə indiki parlament seçkilərində millət vəkilliyinə daha 5 Azərbaycan əsilli namizəd var: Şamil Ayrım, Dərya Akdəmir, Əsmayə Novruzova Özörmenoğlu, Kərəm Qarabulud və iş adamı Alagöz Cantürk.
Soydaşlarımıza istəklərinə çatmalarını arzu edirik.
M.SULTANOVA
Ankara