Türkiyədən izmirli dostumuz Zəki Hözərin xoş duyğularla dolu mesaj göndərərək, bizi türkiyəli rəssam, 86 yaşlı Devrim Erbilin Bakıdakı Heydər Əliyev Mərkəzində açılan “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisinə dəvət etməsi xoş bir xəbər oldu.
Bildiyimiz qədərincə,“Rəsmin şairi” adlandırılan Devrim Erbil həyatının 60 ilini tarixi İstanbulda yaşayıb və yaradıb. Buradakı Gözəl Sənətlər Dövlət Akademiyasında təhsil alıb. Abstraksionist rəssam kimi tanınıb. Bu şəhərə bağlılıq onun yaradıcılığının hər guşəsindən boy göstərir.
...Sərginin açılış mərasimində bütün bunlar daha təfsilatlı xatırlanır. Mərkəzin direktorunun birinci müavini Fərqan Novruzov məlumat verir ki, bu mötəbər məkan fəaliyyəti dövründə çoxsaylı yerli və beynəlxalq tədbirlərə evsahibliyi edib. Budəfəki qonağımız dünyanın bir çox muzey kolleksiyalarında rəsm əsərləri ilə yer alan və yüzlərlə sərgisi açılan Devrim Erbil Türkiyənin təsviri sənətinin məşhur simalarındandır. D.Erbilin İstanbula həsr edilən əsərləri xüsusilə məşhurdur. Buradakı sərgisində isə müəllifin Bakıya həsr edilən əsərləri də ilk dəfə yer alır.
Sərginin kuratoru Renk Erbil çıxışında tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürlərini bildirir. O, Erbil ailəsinin Azərbaycana sevgisindən danışaraq deyir ki, sərgidə gözəl Bakını əks etdirən əsərlər də var. “Biz heç yerdə və heç bir məkanda bu qədər geniş sayda əsərlər sərgiləmirik, sadəcə, Azərbaycanın, Erbil ailəsi olaraq bizim qəlbimizdə tam başqa yeri olduğu üçün Bakıda genişmiqyaslı sərgi açaraq bu əsərləri nümayiş etdirmək istədik”.
Tanınmış türk sənətşünas, professor Kiymet Giray Devrim Erbilin həyat və yaradıçılığından danışır, onun türk təsviri incəsənətinin ən önəmli təmsilçisi, eyni zamanda dünya miqyasında tanınmış fırça ustalarından olduğunu söyləyir: “Bunun sayəsində İspaniya hökumətinin təqaüdünə də layiq görülüb. O, Madrid və Barselonada başladığı sənət araşdırmalarını daha sonra London və Parisdə davam etdirib. Türkiyənin bir sıra nüfuzlu dövlət mükafatlarına, o cümlədən Dövlət rəssamı adına layiq görülüb. Eyni zamanda bir çox beynəlxalq sərgi və layihələrin iştirakçısıdır. Türkiyədə onun adını daşıyan Müasir İncəsənət Muzeyi və Fond da fəaliyyət göstərir. Əsərlərində təbiət mövzusuna üstünlük verən rəssam bütün həyatını incəsənətə həsr edib. O, bir çox məqalələrin müəllifi, dünya üzrə mötəbər konfrans və seminarların təşkilatçısıdır, radio və televiziyada fəal işi ilə tanınır.
Ünlü rəssam Devrim Erbilə söz verilir. O, fərdi sərgisinin Bakıda keçirilməsindən qürur hissilə danışır. Deyir ki, dünyanın bir çox ölkəsində sərgiləri açılıb, amma buradakı kimi səmimi insanları hər yerdə görmək mümkün deyil. “Sərgimin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə dərin təşəkkürümü bildirirəm. Mənim qardaş Azərbaycana böyük hörmətim və sevgim var. Hamınızı səmimiyyətlə bağrıma basıram. Mənə burada Qarabağın da rəsm əsərini çəkib-çəkməyəcəyim barədə sual verdilər. Otuz il acısını birgə çəkdik, təbii ki, oranı görəndən sonra rəsmini də çəkəcəyəm. Bu, mənim Bakıya ilk səfərim olmasa da, buralara yenə də gəlmək niyyətindəyəm.”
Qeyd edək ki, Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi 3 ay davam edəcək.
N.QƏDİMOĞLU,
Ə.ƏLİYEV,
“Xalq qəzeti”