XX əsr bəşəriyyət üçün kosmosa yol açdı. 1961-ci il aprelin 12-də Yuri Qaqarin “Vostok” kosmik gəmisi ilə ilk dəfə Yer ətrafında dövrə vurdu. Beləliklə, yeni astronavtika dövrü başlandı. Əlbəttə ki, kosmosun tədqiqi qadınların iştirakı olmadan həyata keçirilə bilməzdi. Qadının kosmosa ilk uçuşu 1963-cü il iyunun 16-da reallaşdı. Ancaq bu gün kosmik uçuşların statistikası qadınların xeyrinə deyil: astronavtların ümumi sayının yalnız 11 fazini qadınlar təşkil edir.
“Qadın hiyləgər məxluqdur. Əvvəlcə kosmosa kişini göndərdi, nə olacağına baxdı və yalnız bundan sonra özü uçdu”. Ancaq bu lətifə müasir reallıqların tam əksini göstərir. Çünki qadınlar son illər, demək olar ki, kosmosa çox az uçurlar. İlk uçuşdan sonra keçən 72 il ərzində 700-ə yaxın insan kosmosda olub və onlardan təqribən 80 nəfəri qadındır. Buna görə də, bu sahədə vəziyyəti müəyyən qədər yaxşılaşdırmaq üçün müvafiq tədbirlər həyata keçirilir. Məsələn, hər il aprel ayının dördüncü cümə axşamı (bu il aprelin 27-sinə düşür-red.) Beynəlxalq İKT-də Qızlar Günü kimi qeyd olunur. Növbəti belə mühüm tədbirin də son illər kosmik ailənin üzvü olan Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Belə ki, Azərkosmos və Kosmik Nəsil Məşvərət Şurasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Space Generation Azerbaijan” (SG Azerbaijan) tədbiri keçiriləcək. “Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusuna həsr olunmuş konfrans aprelin 27-də ADA Universitetində təşkil olunacaq.
Bu məclisin məqsədi qızları informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb etmək, onların burada rolunun artırılmasına dəstək verməkdir. Eyni zamanda “SG Azerbaijan” tədbirinin də əsas məqsədi gənclərə kosmos sahəsində düzgün təhsil, peşə seçimində yol göstərmək və onları kosmos sahəsinin imkanları barədə maarifləndirməkdir. Xatırladaq ki, ölkəmizdə artıq peyklərimizin idarə olunmasında peyk mühəndisi, hüquqşünas, iqtisadçı, peyk əməliyyatları üzrə operator, peyk təsvirləri üzrə mütəxəssis kimi çalışan peşəkar qadınlar vardır.
Məclisdə Azərbaycanın bütün bölgələrindən tələbələr, gənc mütəxəssislər, alimlər və kosmos həvəskarları iştirak edəcəklər. Tədbirə qatılanlar gün ərzində qadınların kosmik elm və texnologiyada iştirakını təşviq etmək məqsədi daşıyan sessiyalarda, panel müzakirələrdə və vebinarlarda, eləcə də netvörkinqdə iştirak etmək imkanı qazanacaqlar.
Toplantının keçirilməsində digər kritik məqam gender bərabərliyinə nail olunmasının və qadınların səlahiyyətlərinin artırılmasının vacibliyini vurğulamaqdan ibarətdir. Azərbaycanda gender bərabərliyi istiqamətində irəliləyiş var, bununla belə, bir sıra problemlər də müşahidə olunur. Xüsusilə, STEAM sahəsində kişi və qadın fəaliyyətinə dair bəzi stereotiplər var. “SG Azerbaijan 2023” Azərbaycanda qadınların kosmik sənayedə və STEAM-də inkişafı sahəsində böyük irəliləyişləri nümunələrlə göstərən mövcud vəziyyətin aydınlaşdırılması üçün platformadır. Tədbir çərçivəsində bu istiqamətdə təkmilləşdirmə və inkişaf yolları göstəriləcək. Təşkilatçılar kosmos sənayesinin imkanları və çağırışları haqqında məlumatı ictimaiyyətə və xüsusən də qadın auditoriyasına çatdırmağı vacib bilirlər.
Qeyd etmək lazımdır ki, Kosmik Nəsil Məşvərət Şurası qlobal qeyri-hökumət təşkilatıdır. O 18–35 yaş arası universitet tələbələrini və gənc mütəxəssisləri Birləşmiş Millətlər Təşkilatında, kosmik agentliklərdə, sənayedə və akademiyada birləşdirmək və təmsil etmək məqsədi daşıyan qeyri-kommersiya şəbəkəsidir.
S.ELAY,
“Xalq qəzeti”