Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında keçirilən “Şuşa günləri” çərçivəsində Daşkənd Dövlət Sənət və Mədəniyyət İnstitutunda Qarabağ geyimlərinin moda sərgisi, Türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun və muğam ifaçılarının konsert proqramı təqdim edilib.
Daşkənd Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov Azərbaycan və Özbəkistan arasında yüksələn xətlə inkişaf edən əlaqələr haqqında danışıb, Şuşanın zəngin incəsənətinin öyrənilməsinin Özbəkistan üçün böyük maraq kəsb etdiyini söyləyib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dövlətləri arasında mövcud olan qardaşlıq münasibətlərinin, mədəni əlaqələrin inkişafından bəhs edərək, rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə gördüyü işlərdən söz açıb. O, çoxsaylı tarixi abidələrlə məşhur, dahi şairlərin, mütəfəkkirlərin vətəni Şuşanın Azərbaycan və Türk dünyasının mədəniyyətindəki rolu və yeri haqqında danışıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə keçirilən “Şuşa günləri” haqqında məlumat verib, Şuşanın nəinki Azərbaycanın, bütün Türk dünyası insanları üçün mühüm və müqəddəs bir məkana çevriləcəyini bildirib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünün tarixindən söz açıb. Azərbaycan Ordusu tərəfindən aparılmış 44 günük Vətən müharibəsi, Özbəkistan dövlətinin və özbək xalqının Azərbaycanın yanında olması, Vətən müharibəsi zamanı bu dəstəyi daha yaxından hiss etdiklərini qeyd edib.
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan–Özbəkistan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü Vüqar İsgəndərov, Özbəkistan Ali Məclisinin deputatı, şair İqbal Mirzə, Türk dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Sureyya Er Azərbaycan və Özbəkistan dövlət başçılarının görüşləri barədə danışaraq, qardaş xalqların tarixin bütün sınaqlarından birgə keçdiklərini, həmrəylik nümayiş etdirdiklərini vurğulayıblar.
Bədii hissədə tanınmış azərbaycanlı modelyer Gülnarə Xəlilovanın müəllifi olduğu “Qarabağ” Milli Geyim Kolleksiyasının moda nümayişi keçirilib. Təqdimat Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yaradılan, Türk dövlətlərini təmsil edən, Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin rəhbərlik etdiyi “Yeddi gözəl” musiqi qrupunun konserti ilə davam edib. Sonra Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun ifasında Azərbaycan və özbək mahnıları səsləndirilib.
Sonda Özbəkistanda “Şuşa günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim olunub.
Qulu KƏNGƏRLİ
Daşkənd