“Qərbi Azərbaycan iqtisadiyyatı” elmi-tədqiqat qrupu

post-img

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda “Qərbi Azərbaycan iqtisadiyyatı” adlı müvəqqəti yaradıcılıq qrupu yaradılıb. İnstitutdan qəzetimizə bildirilib ki, bu barədə İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclasında qərar qəbul olunub. 

İnstitutun baş direktoru, iqtisadiy­yat elmləri doktoru professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclas­da bu məsələ geniş müzakirə olunub. Baş direktor bildirib ki, vaxtilə azərbay­canlılar Ermənistan ərazisindən, öz dədə-baba yurdlarından, tarixi torpaq­larımızdan kütləvi şəkildə deportasiya olunublar. 

Hazırda əsas hədəflərdən biri Qər­bi azərbaycanlıların pozulmuş hüquq­larının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ edilməsi və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdları­na qayıtmaq hüququnun təmin edilmə­sidir. 

Xatırladaq ki, Ermənistandan de­portasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün Qərbi Azər­baycan İcması yaradılıb. Prezident İl­ham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Bütün bunları nəzərə alaraq, hesab edirik ki, Qərbi Azərbay­can iqtisadiyyatının da öyrənilməsi, bu sahədə elmi araşdırmaların aparılması dövlətimiz üçün çox faydalı ola bilər.

Qərbi Azərbaycan İcmasının Ziya­lılar Şurasının üzvü, İqtisadiyyat İns­titutunun şöbə müdiri, professor Fuad Qənbərov bildirib ki, Qərbi Azərbayca­nın həm keçmiş, həm də müasir iqti­sadiyyatının öyrənilməsi çox vacib və əhəmiyyətli məsələdir. Qərbi Azərbay­can İcmasının tərkibində bu məqsədlə İqtisadiyyat Komissiyasının yaradılma­sı da təklif olunub. İqtisadiyyat İnstitu­tunda “Qərbi Azərbaycan iqtisadiyyatı” adlı müvəqqəti yaradıcılıq qrupu isə Qərbi Azərbaycan iqtisadiyyatı ilə bağlı elmi tədqiqatlar aparacaq.

“Qərbi Azərbaycan iqtisadiyyatı” yaradıcılıq qrupuna İqtisadiyyat İnsti­tutunun bir qrup əməkdaşı – professor Fuad Qənbərov, aparıcı elmi işçilər Tanrıverdi Paşa, Nəsimi Əhmədov, Çingiz Baxış, Ələsgər Sarıyev, Vilayət Ramazanov və gənc tədqiqatçı Səftər Vəlizadə daxil ediliblər.

“Xalq qəzeti”

Sosial həyat