Yeddiqüllə zindanı – tarixin şahidi

post-img

İstanbulun Fateh bölgəsində yerləşən Yeddiqüllə zindanı tarix boyu gözətçi qülləsi, heyvanxana, konsert və tamaşalara evsahibliyi edən bir məkan, bəzən isə məhkumların cəzalandırıldığı bir yer olaraq tanınıb. Günümüzdə muzey kimi ziyarət edilən bu məkan möhkəm qala divarları və qüllələrlə əhatə olunub. 

Eramızın 390-cı ilində Roma impa­ratoru Theodosius tərəfindən inşa edil­miş bu tikilidən əsasən Bizans impe­ratorluğu dövründə xarici ölkələrdən bura təşrif buyurmuş kralları və digər rəsmi qonaqları qarşılamaq üçün istifa­də olunurdu. O zamanlar burada cəmi dörd qüllə inşa edilmişdi. II Mehmet adı ilə tanınan Fateh Sultan Mehmetin İs­tanbulu fəth etməsindən sonra daha üç qüllə əlavə olunmuşdur. 

Qüllələr - Gənc Osman, Cəbbəxa­na, III Əhməd, Xəzinə, Zindan, Top və Bayraq adlanır. 

Gənc Osman qülləsi - Osmanlı padşahların arasında ən gənc hökm­dar olan Osman paşa bu binanın ikinci mərtəbəsində qətlə yetirildiyi üçün qül­ləyə onun şərəfinə bu adı veriblər. 

Cəbbəxana qülləsi - o dönəmlərdə bura silah-sursat anbarı kimi istifadə olunduğuna görə bu cür adlandırılıb. 

III Əhməd qülləsi - Osmanlı hökm­darlarından olan III Əhmədin bu qüllə­nin tikintisində böyük əməyi olmuşdur. Buna görə qülləyə onun adı verilib. La­kin müəyyən dövrlərdə baş verən zəl­zələlərə tab gətirməyən qüllə dağılıb məhv olmuş, dövrümüzə qədər gəlib çıxa bilməmişdir. 

Xəzinə qülləsi - Adından da məlum olduğu kimi, burada dövlətin xəzinəsi saxlanılırdı. Lakin III Murad taxta çıxan­dan sonra naməlum səbəblərdən xə­zinə saraya aparılıb.

Digər adı Yazılar qülləsi olan Zin­dan qülləsi məhkumların saxlandığı və işgəncə verildiyi yer olaraq nəzərdə tutulmuşdu. Lakin qüllədə baş vermiş yanğınlar nəticəsində taxta hissələrə ciddi ziyan dəymişdir.

Top qülləsi - baş verən yanğınlar­da zərər görmüş digər qüllələrdən biri də bu qüllədir ki, burada da məhkumlar saxlanılırdı. 

Bayraq qülləsi - qüllələrin içində ən sağlam qüllədir. Bu qülləyə türk bayrağı sancılır və şanlı türk əsgərləri də gecə-gündüz bu bayrağın keşiyində dayanırdılar. 

Yeddi qüllə zindanları çox qədim tarixə malik olduğuna görə, bu barədə çoxlu əfsanələr də yayılmışdı. Yayı­lan rəvayətlərə görə burada saxlanılan məhkumların qüllənin divarlarına hop­muş hayqırtı səsləri hələ də eşidilmək­dədir. 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Sosial həyat