Bəşir Səfəroğludan yadigar şəkil

post-img

Sosial şəbəkələrdə çeşidli və bir-birindən maraqlı statuslara rast gəlirik. Onlardan bəzilərini “Xalq qəzeti”nin səhifələrinə çıxarmağı lazım bilirik ki, silinib getməsin. Bu dəfə Azərbaycan Yazıçılar Birliyi “Turan” Ədəbi Məclisinin sədri Rəfiqə Şəmsin “Yadigar şəkil” adlı xatirəsi diqqətimizi cəlb etdi...

“Onun dünyayla mücadiləsi ömrünün 44-cü baharında bitdi. Sadə, lakin şərəfli bir ömür yaşadı Azərbaycanın Xalq artisti Bəşir Səfəroğlu. Az danışdı, amma çox güldürdü. Bizə simsar adam idi. 

Üzünün ciddi ifadəsi ilə yumoru tə­zad təşkil edirdi. Atamın: “Ay qız, Bəşir gəlir, dur əl-ayaq elə!” deməsi ilə anam dərhal hərəkətə keçirdi. Bəşir dayım gələndə sənət dostlarını da gətirirdi bizə. Şəmsi Bədəlbəyli və Lütfəli Abdul­layevi ilk dəfə 7 yaşımda görmüşdüm evimizdə. Atam muğamı çox sevirdi. Valları oxutdurur, muğamın sədaları altında istirahət edirdilər. Mənim yaxşı səsim vardı. Hətta mənə məktəbdə “Ça­hargah”ı Mənsuriyyəsi ilə bərabər 45 dəqiqə oxutdurmuşdular. 

Bir gün Bəşir dayım atamla pəncərə­mizin altından keçərkən səsimi eşidib: “Ay Heybət, bu oxuyan uşaq kimdi?”- deyə soruşdu. Atam da cavab verdi: “Bizim gözüçıxmışdı”. Atam qadın-qız xeylağının səsini ucaltmasını qəbul et­məzdi. Bəşir dayım otağa girib məni yanına çağırdı. Uzun hörüyümü qoluna dolayıb məni özünə tərəf çəkdi və nə illah elədisə, oxumadım. Atamla onun arasında belə bir dialoq oldu: O, üzünü atama tutaraq: “Ver, bu uşağı aparım Asəf Zeynallıya, bu, hazır müğənnidi ki...” – dedi. Atam onun üzünə tərs-tərs baxıb: “Bir artistimiz var, bəsdi” – dedi (bu, Bəşirə işarə idi). 

Həyat yoldaşı Minirə xanım da işə qarışdı. Mümkün olmadı. Bununla da mənim musiqi karyeram bitdi... 

1969-cu il martın 23-də xalqın se­vimli aktyoru Bəşir Səfəroğlunun ölüm xəbəri ildırım sürəti ilə əks-səda verdi. Sanki tavan uçub, altında qalmışdıq ha­mımız. Axşam böyüklər evə dönəndə atamın yaxasında qara haşiyəli şəkil asılmışdı. Bir yaz günü doğulmuşdu, bir yaz günü də dünyadan köçdü. Ondan bizə neçə-neçə digər şəkillər də yadi­gar qalıb. Birini “Facebook”da təqdim edirəm. Əyləşənlər sağdan 1-ci atam, ortadakı Bəşir Səfəroğludur. Qalanlarsa yaxın qohumlarımızdır.

Bəşir Səfəroğlunun iki qız yadiga­rı qalır – onun sənətini yaşadan Xalq artisti Afaq Bəşirqızı, bir də Zümrüd xanım (memar). Adını Zümrüdün qızı Bəşirə yaşadır. Azərbaycan Televiziyası onun yaradıcılıq yolu və ailəsi haqqında sənədli film çəkmişdir”.

P.S. Bu kövrək qeydləri “Xatirələr yaşadır” da adlandırmaq olardı. Hər bir halda maraqlıdır.

Ə.NƏCƏFXANLI, “Xalq qəzeti”

Sosial həyat