Qurban Qurbanov “Xalq qəzeti” redaksiyasına 34 qolla gəlmişdi...

post-img

Rəhmətlik Mahal İsmayıloğlunun baş redaktor kimi "Xalq qəzeti"nə rəhbərlik etdiyi illər idi. Onda mən də yenicə, 1995-ci ilin payızında "İdman"dan ayrılıb bu qəzetə keçmişdim. Bir gün kollektivimiz o dövrün ənənəsinə uyğun olaraq qərara aldı ki, 1996/97-ci illər mövsümündə Azərbaycanın 6-cı milli futbol çempionatında ən çox top vuracaq hücumçu üçün xüsusi mükafat təsis edib, birincilik başa çatdıqdan sonra onu redaksiyada sahibinə təqdim etsin. Mükafat kimi də Cənubi Koreya istehsallı "Daewoo" televizoru seçildi.

Bəs niyə indi 27 il əvvələ qayıdıram? Buna səbəb var, özü də bu mülayim, tə­ravətli aprel səhəri kimi xoş bir səbəb. Bu gün, aprelin 13-də həmin 6-cı çempiona­tımızda rəqib komandaların qapıçılarını hamıdan çox məyus etmiş, hazırda isə təkcə futbol ictimaiyyətimizin deyil, bütün Azərbaycanın uğurları ilə qürur duyduğu, bir böyük məşqçi kimi xarici klubların da maraq dairəsində olan, onların öz sıra­larında görmək istədikləri Azərbaycan klub futbolunun şəriksiz lideri Ağdamın "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanovun doğum günüdür. Ötən ilin elə bu vaxtlarında Prezident İl­ham Əliyevin sərəncamı ilə Azərbaycan­da futbolun inkişafında xidmətlərinə görə Vətənin yüksək mükafatı "Şöhrət" ordeni ilə təltif olunmuş Qurban Osman oğlu Qurbanov ömrünün 51-ci baharı münasi­bətilə yaxından, uzaqdan – dost-tanışlar­dan, həmkarlarından, azarkeşlərdən təb­rikləri qəbul edir. Əlbəttə ki, "Xalq qəzeti" də bu təbriklərə qoşulur. 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra milli çempionatlarımı­zın gedişini diqqətlə izləyənlər bilirlər ki, futbolçu kimi Q.Qurbanov üçün ən uğurlu mövsümlərdən biri 1996/97-ci illərə təsa­düf etmişdir. Sayca altıncı olmuş həmin çempionatda "Neftçi"nin hücumçusu 30 oyunda rəqib qapılarından 34 top ke­çirərək, komandasının qızıl medallar qazanmasında mühüm rol oynamışdır. Bununla da Qurban həmin çempionatda bütün görüşlərdə onu meydana çıxaran məşqçilərinin, eləcə də, komanda yol­daşlarının, pərəstişkarlarının ümidlərini tam doğrultmuşdur. 

O, 16 komandanın mübarizə apardı­ğı çempionatda dəqiq zərbələri ilə zirvə­ni "Neftçi"nin fəth etməsinə böyük töhfə vermişdir. Həmin mövsümdə çempion komanda hücumda çox məhsuldar oy­nayaraq, 98 dəfə qol (orta hesabla hər görüşdə 3-dən çox) sevinci yaşamışdır. Onlardan da üçdəbiri təkcə bir futbolçu­nun payına düşmüşdür. 

Nəticədə 34 qolun müəllifi Q.Qurba­nov bu göstəriciyə görə bombardirlərin siyahısında finişə ikinci çatan komanda yoldaşı Samir Ələkbərovu (25 qol) xeyli qabaqlamışdı. Siyahıda üçüncü pillənin sahibi "Kəpəz"in (Gəncə) hücumçusu Rövşən Əhmədov isə 18 top vurmuşdu.

Futbolçu kimi karyerasına 1990-cı illərdə doğma Zaqatalanın "Daşqın" ko­mandasından başlayan Q.Qurbanov sonralar çıxışlarını Azərbaycanın digər klublarında, habelə, Rusiyanın "Dinamo" (Stavropol), "Baltika" (Kalininqrad), "Fa­kel" (Voronej), "Volqar-Qazprom" (Həş­tərxan) komandalarında da uğurla davam etdirmişdir. Statistika onun Azərbaycan milli komandası heyətində 1992-ci ildən 2005-ci ilədək 68 oyunda iştirak edib 14 qolun müəllifi olduğunu da xatırladır.

Statistikadan söz düşmüşkən, onu da deyim ki, əgər o dövrdə sovet futbolunda ən məşhur statistik Konstantin Yesenin idisə (şair Sergey Yeseninin oğlu), Azər­baycanda bu işin ustası mərhum həmka­rım Abas Əzimov sayılırdı. 

Qurban Qurbanov Azərbaycan Prem­yer Liqasının dəfələrlə çempionu, artıq 15 ildir baş məşqçi olduğu Ağdamın "Qa­rabağ" komandasının "sükanı arxasında" özünü çox inamlı hiss edir, onu səbrlə, təmkinlə irəli aparır. Məhz belə yorul­maz, məqsədyönlü və gərgin fəaliyyətin nəticəsidir ki, bu gün biz "Qarabağ"ın avrokuboklarda daimi nümayəndəmizə çevrilməsi ilə fəxr edirik. Bu isə məşqçi­nin həyata keçirdiyi yüksək səviyyəli işin təsdiqidir.

Təsadüfi deyil ki, ölkə çempionumuz yenə məqsədə çox yaxındır, onun oyun­çuları əl uzatsalar, qızıl medallara çatar. Komanda 29 turdan sonra, yəni finişə cəmi yeddi addım qalmış yaxşı xal ehti­yatı yaratmışdır. Ona görə də bu anlar­da adama elə gəlir ki, "Qarabağ" hətta ikinci pillədə olan və cəmi bir il ərzində yaxşılığa doğru çox dəyişən, çempionat hələ başa çatmasa da, artıq qarşıdakı qitə miqyaslı turnirlərdən birinə vəsiqəni özünə təmin etmiş "Sabah" üçün də əl­çatmazdır.

Komandanın gənc və istedadlı hü­cumçusu Musa Qurbanlının atasının ad gününə 20 qolla gəlməsini də qeyd edək. Yaxşı töhfədir! Artıq millimizin də üzvü olan və işıqlı gələcək vəd edən Musa çempionatın finişinədək həmin rəqəmi xeyli artıra da bilər. Yəqin ki, bu gümanı­mız doğru çıxar.

Q.Qurbanov öz işini dərindən bilən mütəxəssis olduğu kimi, həm də ad-sa­nından asılı olmayaraq, bütün rəqiblərə hörmətlə yanaşan, ədalətli oyunu hər şeydən üstün tutan və sadəliyi ilə seçilən insandır. Nəcib keyfiyyətləri sevən futbol da məhz belə insanların üzünə gülür və onları mükafatlandırır. On beş il, yəni 2008-ci ildən bəri eyni komandanın uğur­lu baş məşqçisi olmaq heç kimə asan gəlməsin, bu, hər mütəxəssisin işi deyil.

Qayıdaq yenə 1997-ci ilə – "Xalq qə­zeti"nin mükafatının Qurban Qurbanova təqdim edilməsi mərasiminə. Səbəbkar redaksiyamıza tək gəlməmişdi. Bir qa­pıçı kimi də, şərhçi kimi də məşhurlaşan AFFA-nın baş katibi Çingiz İsmayılov, "Neftçi"nin məşqçisi Asif Əliyev, Qurbanın oyundaşları, komandanın kapitanı Yunis Hüseynov, dünya çempionatlarının seç­mə yarışlarında Azərbaycan milli koman­dasının ilk qolunun müəllifi Vidadi Rzayev də qonağımız idilər. Çay süfrəsi arxasında səmimi şəraitdə, əsl futbol ab-havasında davam edən söhbətdə qonaqlar təşəb­büsə, futbola göstərdiyi diqqətə görə "Xalq qəzeti" kollektivinə minnətdarlıqla­rını bildirdilər, redaksiya rəhbərliyi də öz növbəsində onlara Azərbaycanda futbo­lun daha da inkişafı naminə çoxlu qol və qələbə sevinci arzuladı.

Qəzetimizin 1997-ci il iyun tarixli nöm­rələrindən birinin 14-cü səhifəsində yer almış "Ölkə çempionatının ən məhsuldar oyunçusu "Xalq qəzeti" redaksiyasında" sərlövhəli materialda öz əksini tapmış həmin görüşdəki çıxışında Qurban Qur­banov fikrini belə ifadə etmişdir: – Müka­fata görə redaksiya kollektivinə təşəkkür edirəm. Vurduğum qollarda komanda yoldaşlarımın, xüsusən də Yunis Hüsey­novla Vidadi Rzayevin dəqiq ötürmələrini qeyd etmək istərdim. İlk dəfədir qəzet re­daksiyasında belə bir görüşə dəvət olun­muşam və buna görə çox şadam...

Həmişə şad olun və futbolumuza daha gur işıq saçın, böyük məşqçi! 

P.S. Bu yazını çapa hazırlayarkən bəzi məqamları arxiv materialları va­sitəsilə dəqiqləşdirmək üçün vaxt ayı­rıb, mənə yaxından köməklik göstərən hörmətli həmkarlarım Qabil Əliyevə və Elçin Abbasova təşəkkürümü bildirməyi özümə borc sanıram.


Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Sosial həyat