Bernard Şou ət yesəydi...

post-img

Sosial media, təbii ki, böyük bir dəryadır. Hər gün burada onlarla, bəzən yüzlərlə insanın biliyinin, istedadının, zəngin təfəkkürünün məhsulu ilə tanış olursan. Bəziləri güldürür, bəziləri ağladır, bəziləri isə sadəcə, həyatın bu və digər üzünü əks etdirir. Şairlərimiz yeni şeirlərini paylaşır və s. Necə deyərlər, “qulaq hər gün yeni bir şey eşitməsə kar olar”. 

Dünən “Facebook”da “Sosial Me­dia” – Bircə Əliyeva adlı istifadəçinin paylaşdığı bir fakt və ona yazılmış daha maraqlı bir şərh diqqətimi cəlb etdi. 

Məsələ belədir: “Məşhur ingilis yazıçısı Corc Bernard Şou 25 yaşın­dan vegetarian idi. Və 94 yaşına qə­dər yaşamışdı.

70 yaşı olanda bir jurnalist ona sual verir:

– Özünüzü necə hiss edirsiniz?

Cavab verir:

– Çox gözəl. Lakin həkimlər məni bezdirirlər. Deyirlər ki, əgər ət yeməsəm, öləcəyəm.

90 yaşı olanda isə Bernard Şou həmin suala belə cavab verir:

– Çox gözəl. Artıq məni heç kim narahat etmir. Ətsiz yaşaya bilməyə­cəyəm və məni qorxudan həkimlər artıq yaşamırlar”.

Təbii ki, hadisəni oxuyanda ada­mın dodaqları qaçmaya bilmir. Üzünə təbəssüm qonur. Əhvalın yaxşılaşır. Amma şərhlərdən birindəki fikirləri oxuyanda isə qəşş edib gülməkdən özünü saxlaya bilmirsən. 

Sosial şəbəkə istifadəçilərindən biri (Ruslan Abbasov) yazır: 

– Mən də yemirəm. Kilosu 20 ma­natdır. 

Təbii ki, günümüzün reallığıdır, hər şey bahalaşır. Ət də bahadır. Yəqin ki, onu almağa, doğrudan da, hamının gücü çatmır. Amma bunu sosial şəbəkə istifadəçilərimiz öz is­tedadlarının süzgəcindən keçirərək bu qədər maraqlı təqdim edirlər. O ki qaldı ətin baha olmasına, narahatçı­lığa dəyməz – əvəzində uzun yaşa­maq şansı var. Biz də ət yeməyən­lərə Bernard Şou qədər və ondan da uzun ömür yaşamağı arzu edirik...

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Sosial həyat