Mərhum sənətkara ehtiram

post-img

Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhər Mədəniyyət Mərkəzində mərhum sənətkar Kamil Ramazanovun fərdi rəsm sərgisi keçirilib. Sərgidə regional idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları, rayon ziyalıları, rəssamlar və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Vətən torpaqlarının azad­lığı uğrunda canlarını fəda edən şəhid­lərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov bildi­rib ki, mərhum rəssam Kamil Ramaza­nov özündən sonra qoyub getdiyi gözəl rəsmləri ilə ikinci həyat qazanıb. 1978-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib. Bir çox respublika və ümumittifaq sərgilərinin, eləcə də M.Füzulinin 500 illik yubiley ilə əlaqədar Fransada təşkil olunmuş sərginin iştirakçısı olub. Rəssa­mın sağlığında 30-dan çox fərdi sərgisi keçirilib, əsərləri Bakıda Nizami, İstiqlal, İncəsənət muzeylərində və Dövlət Rəsm Qalereyasında nümayiş etdirilib. 

Qeyd edilib ki, Kamil Ramazanovun yaradıcılığı əsasən rəngkarlıq sahəsinə aiddir. O, süjetli tablo, portret, mənzərə və bir çox maraqlı əsərlərin müəllifi kimi tanınır. Əsərlərində vətənpərvərlik möv­zusuna xüsusilə geniş yer ayırıb. 

Rəssamın ailə üzvləri onun mədəni irsini qədirbilənliklə qoruyub saxlayır. 

Rəssamlar Firudin Quliyev, Adil Əsədli, Şöhrətdin Səbziyev və başqala­rı, həmçinin mərhum rəssamın ailə üzv­ləri çıxış edərək təəssüratlarını bölüşüb, xatirələr söyləyiblər. Mərhumun qardaşı nəvəsi, Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdi Rüqəyya Ramazano­va onun bir zaman qələmə aldığı “Qara­bağ” adlı şeiri məharətlə səsləndirib və alqışlanıb. 

Sonda mərhum sənətkarın yaradıcı­lığına aid 60 yaxın rəsm əsərinə baxış olub.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sosial həyat