Bir neçə gün əvvəlin söhbətidir. Səhər saat doqquz radələri olardı. “Bülbül” prospekti 30-da – “Xalq qəzeti” redaksiyasının yerləşdiyi doğma ünvana çatmaq üzrəydim.
Yaxınlıqdakı supermarketdən 35–38 yaşlarında bir nəfər çıxdı və əlindəki siqaretin nazik cığara örtüyünü çıxarıb atdı. İstədim onu götürüb bir neçə metr aralıdakı zibil qabına atım. Ərindim. Baxışlarım həmin şəxsə tərəf yönəlmişdi. Bir neçə addım atdıqdan sonra o, addımlarını bir qədər yavaşıtdı. Alışqanını çıxardı. Görünür, siqaret çəkməyə hazırlaşırdı. Bir neçə addım da irəli gedib, bu dəfə siqaretin qapağının altındakı kağız örtüyü çıxarıb hündürlüyü təqribən 80-90 santimetr olan artırmanın üstünə qoydu.
Mən onun arxasınca gəlirdim. Aramızda cəmi 3–4 metr məsafə vardı. O, sanki, mənim çox da kəskin olmayan, amma hər halda ağsaqqalcasına qınayıcı baxışlarımı kürəyində hiss edib geriyə boylandı. Bir anın içində baxışlarımız toqquşdu. Ayaq saxlayıb geri qayıtdı, bir neçə saniyə qabaq artırmanın üstünə qoyduğu əl içindən balaca kağızı götürüb yaxınlıqdakı zibil qutusuna atdı və ani olaraq mənə tərəf boylanıb gülümsündü.
Mən bunu üzr istəmək jesti kimi qəbul etdim və səhvini anladığı üçün ondan razı qaldım. Əlimi cibimdən çıxarıb sinəmin üstünə qoydum və başımı razılıq əlaməti olaraq azca aşağı endirdim. O da başını hörmət əlaməti olaraq yavaşca tərpətdi. Nə mən, nə də o, dinib-danışdıq. Zatən, buna artıq ehtiyac da yox idi.
O, bir neçə saniyədən sonra yeraltı keçidə düşüb sonra gözdən itdi. Mən isə iş yerimin qarşısındakı uca çinar ağacına baxıb fikrə daldım. Düşündüm ki, görəsən, bu qollu-budaqlı ağac dil açıb danışmalı olsaydı, nə deyərdi?
Bəlkə də belə deyərdi:
– Ey, doğma Bakımızın əziz sakinləri! Gəlin, şəhərimizi təmiz saxlayaq, onu dünyanın ən səliqəli şəhərlərindən birinə, lap elə birincisinə çevirək...
Bu zaman yeraltı keçiddən çıxıb redaksiyaya tərəf gedən iş yoldaşım, tanınmış jurnalist Zərifə Bəşirqızını gördüm. Yeni iş günü başlayırdı...
M.HACIXANLI, “Xalq qəzeti”