İşğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri Qarabağın iqtisadi dirçəlişi ilə davam edir. Regionun iqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı filiz yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm potensialı buna imkan verir.
Düşməndən təmizlənən yaşayış sahələrinə investor marağı da getdikcə artır. Bu isə müasir istehsal, ticarət və xidmət infrastrukturunun yaradılmasını, innovativ texnologiyaların tətbiqini, bölgənin potensialının səmərəli reallaşdırılmasını təmin edir.
Ölkəmizdə həyata keçirilən iqtisadi siyasət sənaye sektorunun, xüsusilə də qeyri-neft sahəsinin sürətli inkişafına təkan verir. Bu baxımdan sənaye zonalarının yaradılması xüsusi önəm kəsb edir. Ağdam Sənaye Parkının qurulması da məhz bu məqsədə xidmət edir.
İndiyədək bu sənaye parkında 14 sahibkarlıq subyekti rezident, 5 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Qeyri-rezident olan sahibkarlıq subyektinin 4-ü tikinti sektoru ilə bağlıdır. Onların bəzisi artıq məhsul istehsalını həyata keçirir.
“Yüksəl Beton” QSC Sənaye Parkının ərazisində beton istehsalı müəssisəsi inşa edilib, məhsulun topdan və pərakəndə satışına başlanılıb. Şirkətin istehsal etdiyi beton məhsulu Ağdam Sənaye Parkı ilə yanaşı, rayonda aparılan tikinti-quraşdırma işlərində də istifadə olunur.
Beton istehsalının topdan və pərakəndə satışı ilə məşğul olan daha bir qeyri-rezident sahibkarlıq subyekti “PMD Projects“ MMC-dir. Bu şirkət Ağdam şəhərində inşa olunan “Park Forest Otel Ağdam” mehmanxanasının tikintisini də həyata keçirir. 2,16 hektar ərazidə inşa edilən “Park Forest Otel Ağdam” mehmanxanası 110 nömrədən ibarət olacaq. Mehmanxananın ərazisində əsas bina ilə yanaşı, konfrans mərkəzi, açıq havada üzgüçülük hovuzu, uşaq oyun meydançası, gəzinti yolları və istirahət zonaları yaradılacaq. Tikinti işlərinin 2024-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Mehmanxana inşası isə füsunkar təbiəti ilə seçilən, saf havası, tarixi abidələri ilə tanınan bu diyarın turizm potensialının inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir.
Ağdam Sənaye Parkında daha iki qeyri-rezident sahibkarlıq subyekti–“Kontakt Kaspi” MMC və “Mirinşaat” MMC də tikinti sektoru ilə bağlıdır. Onlardan birincisi beton istehsalı müəssisəsi inşa edəcək, ikincisi isə parkın ərazisində “Tikinti materiallarının bazası” layihəsini həyata keçirəcək.
Qeyd edim ki, qeyri-rezident sahibkarlıq subyektlərindən biri yanacaq sektoru ilə bağlıdır və ilk qeydiyyatdan keçib. Bu, “Azpetrol” MMC-dir.
Beləliklə, Ağdamda yeni yaradılan müəssisələr yerli istehsalın artımına təkan verməklə bölgənin resurslarının dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütövlükdə isə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.
Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri