Hər gün paytaxtdan və bölgələrdən redaksiyamıza məktublar gəlir. Vətəndaşlar narazı qaldıqları məsələlərlə bağlı müraciətlər edir, problemlərinin həllinə çarə arayırlar. Aldığımız məktubların bəziləri təhqiqata göndərilir, bəziləri isə qəzetdə dərc olunur. Tənqidi yazılara aidiyyəti orqanlardan aldığımız cavablar şikayətlərə diqqətlə yanaşıldığını, “Xalq qəzeti”nin məhz xalqın tribunası olduğunu göstərir...
“Mədəniyyət evi siyahıya salınıb”
Şəmkir rayonunun Kür qəsəbəsindəki Mədəniyyət evinin ciddi təmirə ehtiyacı olması ilə bağlı qəzetimizdə verilmiş tənqidi məqaləni iki ünvana– Şəmkir Rayon İcra Hakimiyyətinə və Mədəniyyət Nazirliyinə göndərmişdik. Fevralın 1-də göndərdiyimiz məktubla bağlı Mədəniyyət Nazirliyi cavab göndərib. Aparat rəhbəri Xanlar Ağalarov bildirir ki, nazirliyin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili, mədəniyyət müəssisələrinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə kompleks islahatlar aparılır. 2023–2026-cı illər ərzində tikintisi nəzərdə tutulmuş layihələrin siyahısında Kür qəsəbə Mədəniyyət evinin əsaslı təmiri də nəzərdə tutulub. Şəmkir Rayon İcra Hakimiyyətinin indiyədək susqunluğunu isə başa düşə bilmirik.
Ümid qalıb fiziki və hüquqi şəxslərə...
Qəzetin 23 fevral 2023-cü il tarixli nömrəsində dərc edilmiş “Lerik camaatının avtobus dərdi” sərlövhəli replikada rayonun kəndlərinə getmək üçün marşrut olmadığından bəhs edilirdi. Məsələyə münasibət bildirmək və tədbir görülmək üçün məqaləni rayon icra hakimiyyətinə göndərmişdik.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdan aldığımız cavabda bildirilir ki, 2011-ci ildən kənddaxili yolların 20 km-dən çox hissəsinə büdcə vəsaiti hesablna asfalt döşənib. Daxili imkanlar hesabına kəndarası avtomobil yollarıında təmir işləri aparılıb və hər növ maşınların hərəkətinə şərait yaradılıb. Bakı və Sumqayıta 100-dən çox mikroavtobus sərnişin daşısa da, kəndlərə marşrut avtobusları işləmir. Bununla bağlı rayonda yaşayan sahibkarlara marşrut xətti açmaları üçün avtobuslar alınması təklif edilsə də, RİH-nə müraciət edən olmayıb. Sahibkarlardan müraciət daxil olsa, qanuna müfafiq kömək göstəriləcək.
Şirkətə müraciət edilib
Bakı Şəhər Ticarət və Xidmət Departamentinin sektor müdiri Mübariz Atayev istehlakçıların haqlı şikayətlərinə cavab verib. Bildirib ki, Xırdalan şəhərindəki “Bazarstore” marketdə saxlama kameralarının kilidlənməməsi ilə bağlı “Azərsun Holdinq”in rəhbərliyinə müraciət edilib. Yaxın günlərdə qüsur aradan qaldırılacaq.
“Xalq qəzeti”