Ölkə Prezidenti İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən işğal dövründə ermənilər tərəfindən Laçında qanunsuz məskunlaşma siyasəti aparıldığını, xaricdə yaşamış ermənilərin həm Laçın şəhərinə, həm də bir neçə kəndə gətirilərək yerləşdirildiklərini və bunun bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayıldığını vurğuladı. Dövlətimizin başçısı Ermənistanın bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməməsini təəssüflə bildirdi.
Yeri gəlmişkən, Vətən müharibəsi erməni vəhşiliyini bütün dünyaya nümayiş etdirdi. Belə ki, Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı Qarabağın dağlıq bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən yağılardan qarış-qarış təmizləndikcə xalqımıza məxsus tarixi və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi aşkarlandı. Düşmənin ən çox dağıtdığı mədəni irs nümunələri sırasında isə İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri daha çox diqqət çəkdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın rayonu bu gün yenidən bərpa edilir. Yaşayış sahəsinin həm təhlükəsizliyinin qorunması, həm də ora keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması qarşıda duran əsas vəzifələrdən biridir.
Laçında tikinti-quruculuq, yenidənqurma prosesi uğurla həyata keçirilir. Ölkə rəhbəri hər bir layihənin icrasını xüsusi diqqətində saxlayır. Dövlətimizin başçısı tərəfindən imzalanan “Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında”, “Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında”, “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” sərəncamlar da bunun bariz ifadəsidir.
Prezident İlham Əliyev daha sonra deyib: “Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.
Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum və çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir”.
Laçında indiyədək çoxsayda mədəni irs nümunələri ilə yanaşı, infrastruktur obyekti də bərpa edilib. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7 min nəfər əhalinin elektrik enerjisi ilə təminatı üçün nəzərdə tutulub. Burada istehsal olunan elektrik enerjisinin Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini təmin etməsi planlaşdırılıb.
Onu da xatırladaq ki, 2021 və 2022-ci illərdə təxirəsalınmaz tədbirlər çərçivəsində “Azərsu” ASC tərəfindən Laçın rayonu ərazisində müxtəlif diametrli borularla ümumilikdə 13 kilometr uzunluğunda su xətləri çəkilib, ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda, zərurət yarandıqda maşınlarla suyun daşınmasını təmin etmək üçün üç nöqtədə sudoldurucu qüllələr quraşdırılıb. Ötən müddətdə Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna da xidmət göstərilib.
Hazırda rayonun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə kəndlərarası, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıb. Dövlətimizin başçısı bu məqamla bağlı deyib: “Beləliklə, bu gün biz Azərbaycan–Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq. Əlbəttə ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar”.
Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr təşkil edəcək.
Laçının Qorçu kəndində inşası həyata keçirilən beynəlxalq hava limanı layihəsi isə əsl memarlıq möcüzəsidir. Yeri gəlmişkən, həmin aeroportun 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Rayonun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi, ümumilikdə, bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasını şərtləndirəcək və logistik mərkəzlərin yaradılmasına töhfə verəcək.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”