Kəlbəcər Rayon İcra Hakimiyyəti rayonun erməni qəsbkarları tərəfindən işğal olunmasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirib. İdarə, müəssisə rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Kəlbəcərin işğalından və bu günündən bəhs edən sənədli filmə baxılıb.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Vətən müharibəsi şəhidinin atası Elxan Bayramov, rayon ağsaqqalı Musa Əziz və şair, yazıçı, pedaqoq Elşən Əzim rayonun işğaldan əvvəlki və hazırkı vəziyyətini geniş şəkildə təhlil edərək bildiriblər ki, kəlbəcərlilər hər zaman Ali Baş Komandanın qətiyyətinə və iradəsinə inanaraq doğma torpaqlarına qayıdacaqlarına heç vaxt şübhə etməyiblər.Və şükürlər olsun ki, biz “Dəmir yumruğ”un nəticəsində doğma Kəlbəcərimizə qayıtmışıq. Buna görə də hər bir kəlbəcərli Prezident İlham Əliyevə və Müzəffər Ordumuza minnətdardır.
Rayon sakinləri bundan sonra da bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşəcəklərini, Kəlbəcərin yenidən qurulmasında var gücləri ilə çalışacaqlarını bildiriblər.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri