Novruzu belə qarşılayarlar!

post-img

Gülməyin, inanın ciddi sözüm­dür. Çünki Qazaxın Yuxarı Salahlı kəndində hər il martın 21-də keçi­rilən Novruz şənliyinin tarixi Bra­ziliyanın adıçəkilən şəhərində baş tutan ənənəvi karnavaldan daha qədimdir. Sadəcə biz uzun illər sovetlər birliyinin sərt rejimində yaşadığımızdan Yuxarı Salahlı­ya diqqət ayırmaq, bu bayramın kütləviliyini artırmaq, nəinki res­publikamızın hər yerindən, hətta dünyanın müxtəlif ölkələrindən qonaqlar dəvət etmək imkanımız olmayıb. Olubsa da, imkan ver­məyiblər. Braziliyalılar ilk karna­vallarını 1840-cı ildə keçirdiklərini iddia edirlər. Olsun, etiraz etmirik. Amma əslində onların bu bayramı 20-ci əsrin 30-cu illərindən son­ra başlayıb. Bəs Yuxarı Salahlıda nə vaxt? Bu kənddə doğulub bo­ya-başa çatan Molla Pənah Vaqif hələ XVIII əsrdə özünün bir qoş­masında deyirdi:

 

Yenə bayram oldu xublar evində,

Sanasan, açılıb tazə gül bu gün.

Bənəfşə zülfləri alasan ələ,

Şanə tək gəzəsən telbətel bu gün.

 

“Bu gün” deyəndə aydındır ki, bura­da söhbət Novruz bayramından, martın 21-dən gedir.

...Yuxarı Salahlı kəndinə gəlmişəm.Bayrama hələ üç gün qalır. Amma 4 min nəfərdən çox sakini olan kənd artıq bay­ram libasındadır. Cavanlar bir yerə top­laşıb, həmin günün ssenarisini müzakirə edirlər. Lap balacalar indidən tonqal tə­darükü görür, taxta, ağac parçalarını hər bir evin qarşısında topalayırlar.Əllərdə müxtəlif maskalar, qəribə geyimlər də gözə dəyir. Bir-birinə göstərir, məsləhət­ləşirlər. Ara-sıra qara zurnanın, sazın səsi eşidilir, məşq edirlər. Kimsə “Ay qız, tap görüm, mən kiməm” şeirini dönə-dönə ucadan təkrarlayır. Maraq göstərdi­yimizi hiss edən rayon icra hakimiyyətinin Yuxarı Salahlı üzrə nümayəndəsi Nəsib Şəmsiyev deyir ki, qız paltarı geyinib sev­diyi qızın evinə gedəcək oğlandır. Düz­dür, bir ara bizi tənqid etdilər ki, kişi niyə qız paltarı geyinir? Amma bu, bir bayram zarafatıdır, həm də oğlanın əlinə fürsət düşür ki, çoxdan gözaltı elədiyi qızgilə gedib ona yaxından baxa bilsin. Bundan başqa, cavanlar magistral yolun kənarına çıxır, rəqs edir, hətta maraq göstərən sü­rücüləri də dəvət edirlər.

İncə Dərəsinə gedən yolun kənarın­dakı çayxanaya yaxınlaşırıq. İçəridə də çox adam var, bayırda da. İki-bir, üç-bir yığışıb söhbətləşirlər. Mövzu isə yalnız Novruz bayramı, həmin gün günortadan sonra başlanacaq karnavaldır. Maraqlı­dır ki, ağsaqqallar gənclərdən də çox bu şənliyə maraq göstərirlər. Hətta məsləhət verir, həmin gün nə geyinəcəklərini, han­sı rəqsləri ifa edəcəklərini, oxuyacaqları mahnıların adlarını soruşurlar.

– A bala, bura gəl, – deyə yaşlı kişi kənarda dayanıb nə barədəsə qızğın söhbətləşən cavanlardan birinə əl edir. O da yüyürüb ağsaqqalın qarşısında əmrə müntəzir kimi dayanır.

– De görüm, maskalarınız hazırdırmı və kimlərin evinə getməyi nəzərdə tutmu­sunuz?

Ağsaqqalın ucadan dediyi sözləri eşitsəm də, oğlanın bir qədər astadan danışığını başa düşə bilmirəm. Qeyri-ixti­yari onlara yaxınlaşırıq. Osman Mustafa­yevdir, 69 yaşı var, düz 32 il kənd soveti­nin sədri, icra nümayəndəsi işləyib.

Yaxından tanış olub hal-əhval tut­duqdan sonra zarafatla dediyim “Siz də karnavalda iştirak edirsiniz?” – sualıma gülümsəyərək cavab verdi:

– Bilirsiniz, bu elə ənənəvi, həm də kütləvi bir tədbirdir ki, burada hər işə nəzarət, diqqət olmalıdır. Təsəvvür edir­sinizmi, martın 21-dən sonra kənddə nə qədər ev var, hamısının darvazası açıq olacaq. Cavanlar dəstə-dəstə çalıb oyna­ya-oynaya bu evlərə gedəcəklər, müxtəlif səhnələşdirilmiş tamaşalar göstərəcək­lər, hədiyyə verib, hədiyyə alacaqlar. Gecə saat 3-ə, 4-ə kimi davam edən şənliklər gərək davasız-şavasız keçsin. İnsafən, bizim cavanların hamısı ağıllıdır, zərərli vərdişlərdən uzaqdırlar.

– Yəni deyirsiniz, onların arasında bayram günü heç spirtli içki qəbul edən olmur?

Sualımdan sanki diksinir, “Siz nə da­nışırsınız, – deyir. – 5–6 il qabaq hiss etmişdik ki, bir nəfər gözümüzə yaxşı dəymir. Cavanlar onu necə tənbeh et­mişdilərsə, kənddən o gedəndir, qayıtmır. 

Qonşuluqdakı Səməd Vurğun Po­eziya evinin qarşısına da xeyli adam toplaşıb. Kimsə astadan çalınan sazın müşayiətilə şeir deyir, özü də Səməd Vurğundan.

 

Bahar nə xoş gəlir, ruha dad verir,

Xəyala, duyğuya qol-qanad verir.

Var olsun şerimiz, şairlərimiz!

Hər gülə, çiçəyə təzə ad verir.

 

Xoş təsadüfə baxın ki, həmin gün, martın 21-i bu kənddə doğulub boya-ba­şa çatan, Yuxarı Salahlının böyük oğlu, poeziyamızın Günəşi sayılan Səməd Vurğunun ad gününə təsadüf edir. Nəsib Şəmsiyev deyir ki, martın 21-də burada həmişə əsl poeziya bayramı olur.

Kəndin icra nümayəndəsinin sözünə qüvvət, torpağındandır, suyundandır, ya nədəndirsə, Yuxarı Salahlıda, az qala, hər üç nəfərdən biri şeir yazır, hər beş nəfər­dən biri peşəkarlıqla saz çalıb, oxuyur…

On gün qabaq elə bu mart gün­lərinin birində 73 yaşı tamam olan, Səməd Vurğun nəslinin nümayəndələrin­dən biri – Məhəmməd Vəkilovla söhbət edirəm. Deyir ki, Yuxarı Salahlının Nov­ruz bayramını keçirmək ənənəsi geniş təbliğ olunmalı, yayılmalıdır. Həmin gün Yuxarı Salahlı bütövlüklə səhnələşdiril­miş məkana çevrilir, şeirin, sözün, sənə­tin qibləgahı olur. Biz bununla fəxr edirik.

…Hələ sovet rejiminin adət-ənənələ­rimizə qadağalar qoyduğu dövrlərdə belə, öz keçmişinə sadiq qalan kənd sakinləri Novruzu müstəqillik dövründə daha canlı, daha maraqlı keçirirlər. Bu bayramı izləmək, onun iştirakçısı olmaq üçün qonşu rayonlardan, hətta Gürcüs­tandan, paytaxt Bakıdan da bura gələnlər olur. Kəndin hər tərəfində alovlanan bay­ram tonqalları Yuxarı Salahlını gecədən xeyli keçənədək nura qərq edir, hər yer işıqlı olur. Salahlı karnavalı görənləri həm təəccübləndirir, həm də heyrətləndirir.

Kəndin digər yaşlı sakini, kənd ağ­saqqallar şurasının sədri, 71 yaşlı Abdul­la Məmmədov deyir ki, bu kənd karna­valının, əslində, bir neçə əsrlik tarixi var. Əvvəllər dəri materialdan müxtəlif geyim elementləri və maskalar hazırlanar və bayram axşamı gənclər onları geyinər­dilər. Amma indi parik və digər aksesu­arlar tapmaq xeyli asan olduğundan heç dəriyə ehtiyac qalmır.

Onu da qeyd edək ki, səhər tezdən qapı-qapı dolaşan kənd sakinləri ötən Novruz bayramından bu günədək rəh­mətə gedən adamların ailəsinə başsağ­lığı verir, bir növ onların dərdlərinə şərik olduqlarını göstərir, yasdan çıxarırlar. Ev sahibləri isə ayaqüstü onlara baş çəkən, dərdini bölüşən həmkəndlilərinə şirinlik paylayırlar.

…Yuxarı Salahlıdan ayrılıram. Artıq şər qarışıb. Amma adamlar hələ də ev­lərinə çəkilməyiblər. Hansısa müğənninin oxuduğu mahnının sözləri qulaqlarımda əks-səda verir:

 

Səməni düzülüb indi yan-yana,

Xoş ətir yayılır, bu şirin cana.

Bahar xoş gəlibdir Azərbaycana,

Novruz bayramınız mübarək olsun!

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri, 

Qazax rayonu

19-2.jpg

Sosial həyat