Gəncədə “Xarıbülbül ətirli Novruz bayramı”

post-img

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev Meydanında keçirilən “Xarıbülbül ətirli Novruz bayramı” bura toplaşan minlərlə şəhər sakininin və qonaqların böyük sevincinə səbəb olub.

Tədbirdə Gəncə ŞİH-in rəhbərləri, Türkiyənin və Gürcüs­tanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.

Mərasim iştirakçılarını əvvəlcə elimizin qədim adəti üzrə əl­lərində şərbət olan milli geyimli qızlar qarşılayıblar. Daha sonra onlar incəsənət, sənətkarlıq və yaradıcılıq sərgilərinə baxıblar.

Ümumşəhər tədbirində körpələr evi–uşaq bağçaları kollek­tivlərinin, pəhləvanların, idmançıların güləş, taekvando, bədii gimnastika və şahmat üzrə nümunəvi çıxışları izlənilib. Gəncə Uşaq evinin, uşaq incəsənət məktəbinin, “Xəmsə” nağaraça­lanlar ansamblının çıxışları maraqla qarşılanıb.

Gəncə Dövlət Dram Teatrı kollektivinin Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının motivləri əsasında hazırla­dığı “Bazar meydanı” tamaşası xoş təsir bağışlayıb.

Dədə Qorqud və Bahar qızı iştirakçıları salamlayaraq, on­lara xeyir-dua verib, xoş arzularını bildiriblər, Gəncə Dövlət Kukla Teatrı kuklalarının, həmçinin Novruzun atributları olan Keçəl və Kosanın maraqlı çıxışları izlənilib, yumurta döyüş­dürülüb.

Daha sonra Novruz Bayramına həsr olunan musiqili proq­ram başlanıb. Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbay­canın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda can­larından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Konsert proqramında Gəncə Dövlət Filarmoniyası solistlə­rinin milli ruhda təqdim etdikləri mahnılar və “Xəmsə” mahnı və rəqs ansamblının rəqs nömrələri alqışlarla qarşılanıb.

Tədbirin yekununda “Cəngi” musiqisinin sədaları altında cəngavərlər möhtəşəm Novruz tonqalını alovlandırıblar.

Ümumşəhər tədbirindən sonra iştirakçılar Gəncə Uşaq evi­nin sakinləri ilə birlikdə bayram süfrəsi ətrafında nahar edib, onları Novruz bayramı münasibətilə təbrik edərək, xoş arzu­larını bildiriblər.

 

H.ZEYNALOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

19-4.jpg

Sosial həyat