Heydərbaba, yolum sənnən kəc oldu,
Omrum kecdi, gələmmədim, gec oldu,
Hec bilmədim gozəllərin nec oldu,
Bilməz idim döngələr var, dönüm var,
İtginlik var, ayrılıq var, ölüm var.
Böyük Şəhriyar bu misraları elə bil ki, onun üçün yazmışdı. “Heydərbaba”nı elə oxudu ki, naləsi həsrətin özünü belə dağladı...ürək yanğısından doğan həzin səsin nisgili mahnının qanadlarında can verdi...eşidənləri oda saldı. Qübarlı könüllər dilə gəldi, “Rübabə Muradovadır oxuyan”, – deyib köks ötürdülər. Hamı bilirdi ki, Cənub həsrətidir onu belə oda salan.
Yaşasaydı, martın 21-də 90 yaşını qeyd edəcəkdi. Dostları, tanışları, sənət yoldaşları onun bitib-tükənməyən Vətən sevgisindən kədərlə danışırlar.
Xalq artisti Flora Kərimova ilə söhbətimiz də bu kədərli notlar üzərində quruldu: “Qonşu idik. Bizdən yuxarı mərtəbədə yaşayırdı. Simasında qəribə bir kədər, gözündə qəm var idi. Qəlbinin nisgili, elə bil, səsinə hopmuşdu. Çox səmimi və ürəyitəmiz idi. Balkonda saatlarla tək oturub ətrafı seyr etməyi xoşlayardı”.
Flora xanım böyük sənətkarın yaradıcılığından danışdı, ifaçılıq tərzinə toxundu. Rübabə Muradovanın həddindən artıq həssas və diqqətli olduğunu, bəzi rollarının ondan sonra digərləri tərəfindən ifasına tənqidi yanaşdığını qeyd etdi.
“Bəs, sizin Leyli obrazını canlandırmağınıza münasibəti necə oldu?”, – sualına “Bir dəfə də olsun tənqid eşitmədim. Digərlərinə iradlarını bildirsə, tənqid etsə də, mənim ifamla bağlı bir dəfə də olsun irad eşitmədim”.
Tamamilə bənzərsiz və güclü səsi olan istedadlı sənətkarı anarkən “Leyli və Məcnun”da Leyli, “Əsli və Kərəm”də Əsli, “Şah İsmayıl”da Ərəbzəngi, “Aşıq Qərib”də Şahsənəm və s. rollarını xatırlayırıq. Onun şah ifalarından olan “Humayun” muğamı, həmçinin “Çahargah”, “Zəminxarə”, ustalıqla oxuduğu xalq mahnılarını yada salırıq.
Sənətdə bəxti gətirən, milyonlarla pərəstişkarının qəlbini öz ifaları ilə ovsunlamağı bacaran ustad sənətkar şəxsi həyatında “qan” ağlayırdı. Böyüyüb boya-başa çatdığı Ərdəbilin xiffətini çəkirdi, Vətən həsrəti ürəyində yara bağlamışdı.
Flora Kərimova “Rübabə ölümdən qorxmurdu, Ərdəbili görmədən öləcəyindən qorxurdu”, – deyir.
“Bir müddət idi ki, xəstə yatırdı. Ona baş çəkəndə rənginin heç də yaxşı olmadığını gördüm. İxtisasca həkiməm deyə, başa düşdüm ki, artıq vəziyyəti yaxşı deyil. Rübabə elə sağlam olduğu vaxtlarda da Vətən həsrətini dilə gətirəndə kövrəlirdi. Amma yataqda, ölüm ayağında “Heç nə istəmirəm. Tək arzum Ərdəbili görməkdir”, – deyib hönkürməsi yurd xiffətinin ürəyinin dərinliklərində yuva saldığını göstərirdi”, – deyə Flora xanım əlavə edir.
Xalq artisti Rübabə Muradova 1983-cü ilin avqustun 28-də 50 yaşında həyatı tərk edərkən böyük sənətini gələcək nəsillərə miras qoydu. Ağır yük kimi ürəyində daşıdığı Vətən sevdasını isə özü ilə apardı...
Leyla AZAD