Novruz bayramı ürəklərdə saf duyğuların oyanması, insanlar arasında səmimiyyət, mehribanlıq və qardaşlıq tellərinin möhkəmlənməsi, onların bir-birinə qayğı və diqqətinin artırılması üçün gözəl zəmin yaradır...
Heydər ƏLİYEV,
Ümummilli lider
Hər bir xalqın öz milli bayramları, ənənəvi adət-ənənələri mövcuddur. Türk xalqlarının da ortaq bayramlarından biri, hər il gəlişini səbirsizliklə, intizarla gözlədiyimiz, ruzi-bərəkət rəmzi olan Novruz bayramıdır. Çünki martın 21-i qışın sonu, yazın ilk günüdür. Bahar bayramı təbiətin oyanışından, yazın gəlişindən xəbər verir.
Sovet dövründə bolşeviklər qədim zamanlardan bəri sevə-sevə yaşatdığımız və hər il təntənə ilə qeyd etdiyimiz Novruz bayramına dini don geyindirib, rəsmi şəkildə keçirilməsinə qadağalar qoymuşdu. Buna baxmayaraq, hər bir obada, hər bir evdə bu bayram hər il çal-çağırla, müxtəlif şənliklərlə qeyd edilib. “Kos-kosa” oyunu minilliklərdən bəri yaşlıların da, uşaqların da dillər əzbəri olub:
Keçi – A kosa-kosa, gəlsənə,
Gəlib salam versənə.
Çömçəni doldursana,
Kosanı yola salsana.
Keçəl – A uyruğu, uyruğu,
Saqqalı it quyruğu.
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər...
Yaxşı yadımdadır. Keçən əsrin 60-cı illərinin ortalarında heç kəsin gözləmədiyi vaxt, Novruzla bağlı Bakıda bahar bayramının gəlişini bildirən atributlarla rastlaşdıq. Çərşənbə axşamlarının birində iri və kiçik ərzaq mağazalarına, dükanlara daxil olarkən piştaxtaların üzərində bellərinə qırmızı lent bağlanmış səmənilərin göz oxşadığını gördük. Məlum oldu ki, bu gözəl tədbiri ilk dəfə dövlət xadimi, alim, yazıçı Şıxəli Qurbanov təşkil etmişdir. Hətta, Novruz bayramı günü ilk Baharqız Qız qalasının yanında faytonda, camaatın arasında peyda oldu. Bu, Azərbaycanın Xalq artisti Safurə İbrahimova idi. Bundan sonra hər il Novruz bayramında müxtəlif aktrisalar əhali arasında Bahar qızı libasında görünürdülər.
Ədəbiyyatdan və təsviri sənətdən fərqli olaraq, kinematoqrafçılar bu el bayramına çox gec müraciət ediblər. Rejissor H. Seyidzadənin 1969-cu ildə quruluş verdiyi “Dəli Kür” filmində ilk dəfə bayram aşı süfrəyə gəldi.
Xalqımıza xas olan bir sıra milli xüsusiyyətlər bu tarixi filmdə qabarıq şəkildə tamaşaçıya çatdırılmışdır. Xüsusilə, Novruz bayramı məhz “Dəli Kür” filmində öz parlaq əksini tapmışdır. Filmdə bahar bayramının necə keçirildiyi bir neçə epizodda təsvir olunmuşdur.
Birinci epizod
Kənd sakini Məmmədəli faytonda Qori Seminariyasının müəllimi Aleksey Çernyayevskini (Bakıda adına küçə də vardır) kəndə aparır. O, kəndə tez çatmaq üçün atları qovur. Bu vaxt onların arasında belə bir dialoq gedir:
Qonaq – Atlara yazığın gəlmir? Niyə qovursan?
Kəndli – Qonaq, bəlkə sən tələsmirsən. Ancaq mən özümü evə tez çatdırmalıyam. Bu gün bayram axşamıdır.
Qonaq – Hə, müsəlmanların təzə ili.
Kəndli – Hə, hə, Novruz bayramıdır. Bu axşam gərək hamı uşaqlarını başına yığıb şadlıq eliyə.
Qonaq – Uşaqlar çoxdur?
Kəndli – Kasıbın nəyi də olmasa, uşaqdan bol olur. Bizim kəndə niyə gedirsən?
Qonaq – Bayrama...
Bu dialoqda müəlliflər müxtəlif millətlərdən olan tamaşaçılara ölkəmizdə hər il keçirilən Novruz bayramı haqqında, adət-ənənəyə görə bayram axşamı ailə üzvlərinin mütləq evdə olmalarının vacibliyi barədə informasiya xarakterli məlumat verirlər. Digər tərəfdən, varlılar, kimi kasıblar da yazın gəlişini səbirsizliklə gözləyir, hərə öz imkanı daxilində Bahar bayramını qeyd edir. Filmdə buna işarə olunur.
İkinci epizod
Kənddə bayram əhval-ruhiyyəsi duyulur. Zurnaçılar oynaq hava çalırlar. Kənd camaatı əllərində məşəllər bir-birini bayram münasibətilə təbrik edir. Fişənglər atılır, uşaqlar tonqalın üstündən tullanırlar.
Qızlar bir yerə toplaşıb bayramı evdə qeyd edirlər. Oğlanlar evin bacasından onlara torba sallayırlar.
Bu epizoddakı dialoq da Novruz bayramı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirir:
Şamxal – Görək bəxtimizə nə gələcək.
Qızlar torbanı göydə tuturlar.
Pakizə – Qoy, görüm içində nə var. Bunun ki, içi boşdur.
Məsmə xala – Ay qızlar, onlar bayram payını almamış damdan düşməyəcəklər.
Qızlardan biri – Ey damdakılar, payınızı alın.
Qızlar gülüşürlər. Oğlanlar bacadan torbanı çəkirlər.
Osman – Nə yaman ağırdır.
Şamxal – Bu nədir?
Osman – Pişik.
Uşaqlar gülüşürlər. Qızların yanına gəlirlər.
Məsmə xala – Uşaqlar, süfrəni salın, xörəyi gətirirəm.
Uşaqlar bardaş qurub süfrənin ətrafında əyləşirlər.
Məsmə xala – Buyurun, balalarım, bayram aşı yeyin. Həmişə şadlıqlarda olun!
İkinci epizodda, əsasən, Novruz bayramının atributlarından ikisi ilə tanış oluruq: torba atdı və bayram axşamı süfrəyə aşın gətirilməsi. Müasir dövrdə torbanı bacadan sallamırlar, evin qapısına qoyub zəngi çalırlar. Evin yiyəsi torbaya və ya papağa bayram payından qoyur.
Üçüncü epizod
Cahandar ağanın qızı Salatın rus Əhmədin evinə yaxınlaşaraq pəncərəni döyür və qaçır. Əhməd pəncərəni açıb bayıra baxır. Heç kəsi görməyib, gülü götürür və pəncərəni örtür.
Salatın bəy qızıdır. O, çox yaxşı başa düşür ki, atası onu savadlı olsa da, rus ləqəbi daşıyan, poçt işçisi Əhmədə ərə verməyəcək. Ona görə də Salatın rus Əhmədlə üz-üzə gəlmək istəmir, ancaq onu qəlbən sevir. Bayram axşamı Əhməd üçün ayrı bir iş görə bilməsə də, bir dəstə çiçəklə onun bayramını təbrik etməyi özünə borc bilir. Bu və ya digər epizodlarda müəlliflər o dövrdə qadınların hüquqsuzluğunu bir daha tamaşaçıların nəzərinə çatdırırlar.
Dördüncü epizod
Uşaqlar rus Əhmədin evinə gələndə Çernyayevskini görürlər. Onlar ev yiyəsinin və qonağın bayramlarını təbrik edib, heybələrini masanın üstünə boşaldırlar.
Xalqımızın gözəl adətləri çoxdur. Bu adətlər babadan-oğula, oğuldan nəvə və nəticəyə, beləliklə, nəsildən-nəslə keçərək, bu gün də davam edir. Rus Əhməd tək yaşayır. Onun bayram süfrəsi açmağa imkanı yoxdur. Digər tərəfdən də uşaqlar xəbər tuturlar ki, ev yiyəsi tək deyil. Artıq onların tanış olduqları Çernyayevski də rus Əhmədin qonağıdır. Bax, ona görə də filmin müəllifləri azərbaycanlıların qonaqpərvərliyini tamaşaçıların diqqətinə çatdırmaq üçün bu səhnədən istifadə edirlər.
Beşinci epizod
Qonaq – İl nə üstə təhvil oldu?
Məmmədəli – Eh, ilan üstə.
Uşaqlar yumurta döyüşdürürlər.
Qonaq – Bayramın mübarək, oğlan.
Səttərxan – Sağ ol, Rus.
Qonaq – Döyüşdürək?
Səttarxan – Döyüşdürək. Urus, bu toyuq bu yumurtanı doğub. Əgər udsan bu toyuğu və bu yumurtaları apararsan. Uduzsan, şapkanı alacağam ha.
Əhməd – Onu neynirsən, başuva qoyacaqsan?
Səttarxan – Eh, o başa qoymalı şapka deyil ki. Onun içinə qoz-fındıq yığmaq olar.
Qonaq – Özünü gözlə. Hop, uduzdun. Deməli, deməli mənim şapkamın içinə qoz-fındıq yığa bilməyəcəksən...
Əslində, Qori Seminariyasının müəllimi Aleksey Çernyayevski Azərbaycan kəndinə yumurta döyüşdürməyə gəlməmişdi. Tarixdən bizə məlumdur ki, o, Azərbaycanda Qori Seminariyasında təhsil almaq üçün uşaq toplamaqla məşğul idi. Lakin Çernyayevski rus Əhmədlə birgə bu işi həyata keçirərkən olmazın maneələrlə rastlaşır. Biz burada yaxın keçmişdə xalq içində maarifçiliyin necə çətinliklə yayılmasını və xurafata qarşı mübarizənin nə qədər ağır olmasını görürük.
Digər tərəfdən, xalqımız papağı namus və qeyrət simvolu kimi qəbul edib. Ona görə də uşaqlar Çernyayevskinin başındakı şapkanı papaq əvəzi qəbul etmirlər. Bu gün quzu dərisindən tikilmiş belə papaqları başlarına qoyanların bəziləri danışıqlarında və hərəkətlərində elə yanlışlıqlara yol verirlər ki, başlarındakı papağa hörmətsizlik etmiş olurlar.
... Lakin Qori Seminariyasını bitirib kəndə qayıdan, kənd uşaqlarının maariflənməsi keşiyində duran gənc müəllinlərin də başında papaq yox, şapka görürük. Deməli, zaman keçdikcə, həyat inkişafa doğru gedir, xalqın milli-mədəni səviyyəsi illər ötdükcə, durmadan artır.
Filmdə xalq mərasimi
“Yeddi oğul istərəm” macəra filmi keçən əsrin 20-ci illərinin əvvəllərində Azərbaycan kəndinin ab-havasını, əhval-ruhiyyəsini göstərməklə yanaşı, burada milli adət-ənənələrimizdən, misal üçün, Novruz bayramından, “Kos-Kosa” xalq mərasimindən ustalıqla istifadə edərək, maraqlı səhnələr canlandırmışdır.
Burada bahar bayramı şənliyi görünür. Kənd qızlarından birinin komsomolçu Şahsuvara verdiyi bayram payını – səmənini komsomolçu yoldaşlarının yanına gətirir.
Cavanlar musiqi sədaları altında rəqs edir, qızlar əllərində səməni aparırlar. Balaca uşaqlar yumurta döyüşdürürlər. Kosa, Keçi və Keçəl mahnı oxuya-oxuya kəndin küçələri ilə gedir, uşaqlar oynaya-oynaya böyüklərlə birgə oxuyurlar:
Kosa –
Novruz, Novruz baharı, hey baharı,
Bağçamızda gül olsun, ay gül olsun.
Bal olmasın, neynək, yağ olsun,
Evdəkilər sağ olsun, ay sağ olsun.
Keçi – Hə, arvadlar evə getsin, Kosanın payını gətirsin.
Kənddə Novruz bayramının qeyd olunması filmin dramaturji xətti ilə, bir tərəfdən kəndlilərin torpağı şumlamaları, digər tərəfdən yazın gəlişi ilə üzvi şəkildə bağlanır. Ən əsası isə Azərbaycan folkloru film vasitəsilə əyani şəkildə təbliğ olunur.
Filmdə Bahar bayramı ilə bağlı çox vacib bir səhnə var. Cəlal və Humay çay kənarında oturub dərdləşirlər.
Humay – Dedim, səməni qoyub sənin qabağına çıxıram. Novruzun gəlişinə babamın xeyir-duasını alarıq. Götürüb gedərsən məni Peykanlıdan, apararsan uzaqlara. Nə güllə səsi eşidərik, nə də ağlama. Amma neynim, fələk qıymadı bizə, muradımı gözümüzdə qoydu.
Cəlal – Hara getsək, nə güllə səsindən, nə də ağlamaqdan qaça bilərik.
Humay – Axı niyə?
Cəlal – Çünki zəmanə belədir, Humay, başa düş.
Bu səhnəyə baxanda düşünürsən ki, sovet hakimiyyətinin ilk günlərində yüzlərlə gənc oğlan və qız məhz Novruz bayramında min bir həsrət və intizarla gözlədikləri vüsala yetə bilmədilər. Səbəb, Cəlalın dediyi kimi, onlar hara getsələr də, nə güllə səsindən, nə də ağlamaqdan qaça bilmədilər, irəlidən isə 30-cu illər gəlirdi...
Novruz həyatın davam etməsinə işarədir
Həyatda hər şeyə – məhəbbətə, insanlığa, səadətə var-dövlətlə, qızıla, daş-qaşla qiymət verənlər uçuruma yuvarlanıb məhv olurlar. Bu həyatın yazılmamış qanunudur. Həm də “Qızıl uçurum” melodramının ideyasıdır.
Müəlliflər bu filmə Bahar bayramı epizodunu salmaqla bir daha qeyd edirlər ki, Novruz adamların bəxtini, iqbalını aydınlaşdıran, ümid verən bir bayram kimi məişətimizə, həyatımıza daxil olmuşdur. İnsanlar bu əziz gündə əhd edir, arzu və istəklərini bildirirlər.
Filmin qəhrəmanı Şəfiqə də gözəl ailə qurmaq, xoşbəxt olmaq arzusu ilə yaşayır. Kənddə bayram axşamıdır. Uşaqlar od qalayıb üstündən tullanırlar. “Ağırlığım, uğurluğum burda qalsın”, – deyərək şənlənir, çalıb oxuyurlar. Şəfiqə əlində nimçə evə gəlir. O, atası Əhməd kişiyə “Bayramın mübarək!”, – deyir. Əhməd kişi süfrəyə əyləşərək cavab verir: “Səninlə belə, hə, qızım bu ili də belə yola salırıq”.
Şəfiqə – Ata, il nə üstə təhvil olur?
Əhməd – Qoyun ustə.
Şəfiqə – Yaxşı olacaq?
Əhməd – Hə, onda bolluq olur, əmin-amanlıq olur.
Arxa plandan qapının açılması eşidilir. Hər ikisi çevrilib qapıya baxır. Kimsə qapıdan torba asır.
Əhməd – Qonağımız gəlib, qızım, dur, yola sal.
Şəfiqə torbanı götürür və bayram payı qoyur.
Əhməd – Qızım, Novruz bayramında gözəl rəvayətlər var. Belə deyirlər ki, il təhvil olanda axar sular süd kimi ağarır. Bax, onu kim görsə, cəmi diləkləri hasil olur.
“Qızıl uçurum”da maarifçilik funksiyasını daşıyan bu epizoddan fərqli olaraq, “Qara gölün cəngavərləri” tarixi-inqilabi filmində əksini tapmış Novruz el şənliyindən tamamilə başqa məqsədlər üçün istifadə olunmuşdur.
1905-ci il. Fəhlə qəsəbəsində neftçi fəhlələr tətil edirlər. Fəhlə Qulu həbs edilir. Novruz bayramının gəlişi ilə neftxuda belə bir fənd işlədir.
Neftxuda – Əziz bayram gəlir. İstəyirəm, Qulunu buraxım. Qoy, arvad-uşağınan görüşsün. Sonra bir də keçirərik qarmağa. Dostlarıynan bir yerdə...
Sonrakı epizodda artıq fəhlə qəsəbəsində neftçilərin Novruz bayramını qeyd etmələrini görürük. Qulunun təklifi ilə meydana toplaşanlar mütləq rəqs etməlidirlər. Oynamağı bacarmayanlar kasıb fəhlələrə kömək məqsədilə pul verməlidirlər.
Meydanda adam əlindən tərpənmək olmur. Qızlar səməni aparır, kəndirbaz oynayır, uşaqlar xoruz döyüşdürürlər.
Neftxuda və oğlu meydana gəlirlər. Onlar rəqs edə bilmədikərinə görə cərimə olunurlar.
Quram – Bu müftəxorlar bilsinlər ki, pulları nəyə xərclənir. Dəli olarlar.
Neftçi Quramın sözlərindən aydın olur ki, Bahar bayramında yığılan pullar heç də kasıb fəhlələrə yox, inqilab işinə sərf olunacaqdır. Çox təəssüf!
Haqqında söhbət açdığımız kino əsərlərindən başqa kino işçilərimiz “Gün keçdi” lirik kinopovestində, “Xatirələr sahili” film-düşüncədə, “Ev” kinodramında, “Sübhün səfiri” tarixi-bioqrafik filmində, “Yaz ayları” və “Gəldi Kosa” animasiya, “Novruz çələngi” sənədli filmlərində müxtəlif nöqteyi-nəzərdən Bahar bayramını ekranda canlandırmağa çalışmışlar.
Təəssüflər olsun ki, xalqımızın əziz bayramı olan Novruzdan Azərbaycan kinosunda bu illər ərzində çox az istifadə olunub. Halbuki əsrlərin süzgəcindən keçib gələn Novruz bayramı bu gün kinematoqrafçılara müxtəlif növ və janrlarda maraqlı əsərlər yaratmaq üçün dəyərli mövzular verə bilər.
Aydın KAZIMZADƏ,
Əməkdar incəsənət xadimi, kinoşünas