Bahar

post-img

Səməd VURĞUN

Bahar

(ixtisarla) 

Bahar, istəklimsən başdan-binadan,

Ən gözəl qızısan sən təbiətin.

Xoşbəxt yaranmısan xoşbəxt anadan,

Gözünün odusan şeirin, sənətin,

Ən gözəl qızısan sən təbiətin.

Mənim də şair tək qanım qaynardır,

Yerdə arzularım gül açır rəng-rəng.

Başımda daima fikirlər vardır,

Daima döyünür sinəmdə ürək,

Yerdə arzularım gül açır rəng-rəng.

Bahar, qoy suların gurhagur axsın,

Sinəmin üstündən keçsin sellərin.

Başımın üstündə şimşək də çaxsın,

Qoy tufan qoparsın əsən yellərin.

Dən olub səpilək gəl səninlə mən,

Göyərək torpaqda sünbüllər kimi.

Qızlar gülab çəksin qoy ətrimizdən,

Baharın zinəti al güllər kimi.

Qoşa çinar olub bitək yol üstə,

Göylərə boy ataq öz ölkəmizdə.

Yayın istisində Muğanda, Mildə,

Yolçular dincəlsin qoy kölgəmizdə.

Min il ömür sürək səninlə qoşa,

Bir canda döyünən iki ürək tək.

Min il nəfəs verək torpağa, daşa,

Nəsildən-nəsilə təzələşərək.

P.S. Qeyd edək ki, dahi şairimiz Səməd Vurğunun özü də Novruz bayramı günlərində – martın 21-də anadan olub.

Sosial həyat