Qızlar halaya gəlir...

post-img

Masallıda Novruz şənliyin­dən ucalan sədalar dağlarda əks-səda verirdi: 

Ay lo-lo, qızıl üzük laxladı,

Ay lo-lo, verdim anam saxladı...

Ortada nənələr, qızları və nəvələri rəqs edib oxuyurdular. Onlar məşhur “Halay” folk­lor xalq kollektivinin üzvləri idi. Heyranlıqla tamaşa etdik. Səs səsə qoşulub xəyalla­rı uzaq əsrlərə aparır, qədim el havalarına köklənən rəqslərlə ayrı bir aləm yaradırdılar. Bayram proqramına daxil olan digər çıxışla­rın önəmini azaltmadan deyə bilərik ki, “Ha­lay”ın çıxışı xüsusilə ürəyəyatan idi. 

Cənub bölgəsinin hər tərəfində qədim xalq yaradıcılığının mayası qədirbilənliklə qorunur. “Halay” da ki, Azərbaycanı dünya­ya tanıdanlardandır desək, şişirtmə olmaz. Mahmudavarda yarım əsr bundan öncə Üm­bülbanu Cəbiyeva “Halay”ın ilk fidanı və ya­radıcısı olub. İlbəil ansambl genişlənib, dün­yanı gəzib, tanınıb. “Qızıl buta”, Qızıl balta” beynəlxalq mükafatlarını alıb. “Halay”ın məşhur “Masallı toyu” kompozisiyasını seyr­çilər, yəqin ki, yaxşı xatırlayarlar. 

Mahmudavarın yaşı 80-85 olan ağbir­çəkləri vaxtilə doğma kollektivin üzvləri kimi folkloru təbliğ etmələrindən qürur duyurlar. Bir neçə il əvvələ qədər rayon mədəniyyət və turizm şöbəsinin müdiri olmuş Əməkdar mədəniyyət işçisi Lətifə Mövsümovanın da “Halay”ın üstündə zəhməti çox olub. Bu ünlü kollektivi təkcə Türkiyənin 15 şəhərində çıxış edib. Ansambl neçə-neçə beynəlxalq festi­valda gözəl çıxışları ilə seyrçiləri və tələbkar münsifləri heyrətdə qoyub. İraq, Macarıstan, Rusiya, Belarus və digər ölkələrdə milli mə­dəniyyətimizi layiqincə təmsil edib. 

...Ötən əsrin əvvəllərində bəstəkar Müs­lüm Maqomayev Lənkəranda dərs dediyi vaxt şagirdlərinə bayatı və nəğmələr topla­dar, xor oxumağı öyrədərmiş. Dostlarından biri ondan soruşur: 

– Müslüm müəllim, neçə ildir çəltik zə­milərində oxuyan qızlardan nəğmələr topla­yırsan. Bəs, bu nəğmələr yığılıb qurtarma­dımı?

Müslüm Maqomayev cavab verir:

– Nə dəryada balıq qurtarar, nə də Talış­da nəğmə...

Tarixdən daha bir fakt: hələ 1930-cu ildə ilk dəfə Üzeyir Hacıbəyli cənub zonasının xalq mahnılarını toplayaraq, onların dördü­nün əsasında gözəl bir xor əsəri yaradıb.

Bu gün “Halay”a Masallı Mədəniyyət Mərkəzinin Mahmudavar Folklor Evinin direktoru Natəvan Əliyeva rəhbərlik edir. Natəvan xanım kollektivin banisi Ümbülba­nu Cəbiyevanın nəvəsidir. Əlindən gələni edir ki, kollektiv ənənələri layiqincə yaşatsın. Mərkəzin direktoru Vəkil İsmayılov dedi ki, bu bayram günlərində “Halay” öz kəndlərin­də, Ərkivan qəsəbəsində, qonşu Biləsuvar, Cəlilabad və Neftçala rayonlarında çıxışlar edir və özünün “alov” dilimləri ilə ətrafına toplaşanların ürəyini isidir, gözünü işıqlan­dırır. 

“Halay”ın pərvazlandığı Mahmudavarda “Baba bulağı” Təbiət evi var. Əsl turizm mə­kanıdır. Qızlar burada da rəngarəng mahnı və rəqs nömrələrini həvəslə təqdim edirlər. Şən səsləri ruh oxşayır: 

Dolayı gəl, dolayı, həsiri basma, dolan, gəl,

Süpürmüşəm sarayı, həsiri basma, dolan gəl...

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

18-2.jpg

Sosial həyat