“Azərbaycanda çay mədəniyyəti”

post-img

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoqraf İlhamə Məmmədovanın bu yaxınlarda işıq üzü görən kitabında ölkəmizdə ilk dəfə çay mədəniyyətinin etnik xüsusiyyətləri elmi surətdə öyrənilib.


“Azərbaycanda çay mədəniyyəti” adlı  monoqrafiyada tarixi vətənimiz bütöv halda tədqiqata cəlb olunub, Bakı, Təbriz, Lənkəran, Ordubad, Ağdam, Ərdəbil, Urmiya, Zəncan və s. kimi şəhərlərin çayla bağlı adət-ənənələri və çayxanaları təsvir olunub.
Yeni nəşrdə göstərilir ki, çay azərbaycanlıların süfrəsinin bəzəyi sayılır. Armudu stəkana süzülmüş çay yorğunluğun candan çıxarılmasında, soyuq havalarda can isitməkdə, yayın qızmar günlərində isə insanların yanğısını söndürməkdə əvəzsiz içkidir. Qonaqpərvərliyin, sosial əlaqələrin rəmzi olan Azərbaycan çay mədəniyyəti 2022-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Yerli və xarici müəlliflərin əsərlərinə istinad edən, təhlillər aparan müəllif çay mədəniyyətinin tarixi ilə yanaşı, bu bitkinin ölkəmizdə yetişdirilməsi barədə də maraqlı faktlar aşkara çıxarıb. Zəngin materiallara söykənən araşdırıcı qeyd edib ki, Azərbaycanda çayın becərilməsindən başlayaraq onun dəmlənib içilməsinə qədər bütün proseslər bu mədəniyyətin tərkib hissələridir. 
Çayın vətənindəki (Çin) və onun yayıldığı müxtəlif ölkələrdəki ənənədən fərqli olaraq, yerli çay dəmlənməsi (dəm və dağ suyun ayrı-ayrılıqda hazırlanması), dişləmə çay (qəndlə içilən acı çay), armudu stəkan, çayın mərasimlərdəki təqdimatı və s. Azərbaycan çay mədəniyyətinin əsas xüsusiyyətləridir. Monoqrafiyada çay dəstgahı qabları barədə də danışılıb. Müəllif çay süfrəsi qablarının bölgələrdə müxtəlif adlarla işlənməsini də nəzərə çatdırıb. 
Kitabda yerli və memuar mənbələrə istinadən Səfəvilər dövründə yaranan qəhvəxanalar, oraya toplaşan dərvişlər, nəqqallar, növhəxanlar, mərəkəçilər, qəzəlxanlar, aşıqlar, rəssamlar, mirzələr və b. fəaliyyəti, həmçinin qəhvəçi peşəsi də araşdırılıb. Qeyd edilib ki, Səfəvilər dövrü qəhvəxanalarında xalq aktyorları müxtəlif tamaşalar göstərir, xalq teatrını yaşadırdılar. 
Tədqiqatçı, musiqi sənətimizin aparıcı simalarından olan aşıqların qəhvəxanalara yığışdığına da diqqət çəkir. Cənubi Azərbaycanın, Şərqi Anadolunun əksər şəhər və kəndlərində aşıqlar qəhvəxanada çıxış edirdilər. Aşıq qəhvəxanalarının sahibləri aşıq yaradıcılığını dərindən bilən şəxslər idilər. 
 “Azərbaycanda çay mədəniyyəti” kitabı gözəl tərtibatı ilə də göz oxşayır, illüstrativ materiallar əsərin əyaniliyini artırır. Tədqiqat işində otaylı-butaylı Azərbaycanın məişətində mühüm yer tutan içkilər ilk dəfə tarixi-etnoqrafik tədqiqata cəlb olunub. 


Əsəd ƏLİYEV,
tarix üzrə fəlsəfə doktoru, dosent 

Sosial həyat