I yazı
Türkiyə və Azərbaycan arasındakı əlaqələlərin inkişaf səviyyəsinin durmadan yüksəlişi analoqu olmayan reallıqlardandır. Ulu öndərin dəfələrlə dediyi kimi, eyni kökdən olan xalqlarımız öz tarixi dostluğuna, ənənələrinə həmişə sadiq olmuş və bu ənənələr xalqlarımızın dilini, dinini, mənəviyyatını yaşatmışdır. Məhz bunlara görə Türkiyə ilə Azərbaycan arasında olan dostluq əlaqələri xüsusi xarakter daşıyır.
İlk növbədə, tarixi təməllərə söykənən bu əlaqələr bu günümüzün geosiyasi gerçəklikləri baxımından da olduqca önəmli və zəruri olmuşdur. XX əsrin əvvəllərində baş verən tarixi hadisələr bu əlaqələrin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb etmişdir. 1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında Türkiyə yaxından iştirak etmişdir. Məhz Türkiyənin dəstəyi ilə Azərbaycanın dövlət müstəqilliyi təmin olunmuş, bolşeviklərin və daşnakların Bakı və ətraf rayonlarda azğınlıqlarına son qoyulmuşdur.
1991-ci ildə SSRİ dağıldıqdan sonra da Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə oldu. Məhz həmin dövrdən də xalqlarımızın uzun həsrətinə son qoyuldu. Siyasətçilərin də qeyd etdiyi kimi, bütün ölkələrin yanında, beynəlxalq aləmdə Azərbaycana əl tutan, kömək duran Türkiyə Cumhuriyyəti və onun səlahiyyətli nümayəndələri oldu.
Bu birlik, təsadüfi deyil ki, bölgənin içtimai-siyası həyatında olduqca önəmli bir missiyaya sahibləndiyindən, həm də regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Təsadüfi deyil ki, dünyanın ən mötəbər tədbirlərində səsləndiyi kimi, Türkiyə və Azərbaycan böyük enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq nümayiş etdirərək, ümumilikdə regionun, eyni zamanda, Avropanın iqtisadi imkanlarının genişlənməsinə mühüm zəmin yaradırlar. Regionda təhlükəsizliyin təminatında, münaqişələrin sülh yolu ilə həllində Türkiyə və Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarında eyni mövqedən çıxış edir və ikili siyasətin yaratdığı problemlərlə mübarizə də hər iki ölkənin qardaşlıq və dostluq maraqlarından irəli gəlir. İllərdir dalana dirənmiş Dağlıq Qarabağ probleminin həlli və Azərbaycan torpaqlarının 30 ildən sonra azad edilməsi də bu birliyin təntənəsindən qaynaqlanan faktlardandır.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan və Türkiyə arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Bir millət – iki dövlət” kəlamları iki qardaş xalqın birliyinin möhtəşəm sloqanına çevrilmişdir.
Heç şübhəsiz ki, bütün türk dünyasının adını fəxrlə çəkdiyi və Azərbaycan–Türkiyə münasibətlərinin inkişafında əvəzsiz xidmətləri olan Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmir-əlin fəaliyyəti Azərbaycan–Türkiyə münasibətlərinin önəmli səhifələrindəndir. Süleyman Dəmirəl – Heydər Əliyev dostluğu və qardaşlığının buradakı rolu isə dünyanın diqqətində olan və xüsusi önəmi ilə fərqlənən faktlardandır.
Tarixin gedişatı da təsdiqləyir ki, beynəlxalq münasibətlərdə dövlətlər arasında dostluq, adətən, maraqlar ətrafında cərəyan edir. Münasibətlər liderlərdən və istəklərdən asılı olmayan bir məkan kimi qəbul edilir. Müvafiq olaraq, dövlətlər beynəlxalq siyasətin əsas üzvləri və iştirakçısı olsalar da, dövlət və hökumət liderləri münasibətlərin, dostluq əlaqələrinin yaranmasına və formalaşmasına mühüm təsir göstərə bilirlər. Bu həm də dövlətlərarası münasibətlərin formalaşmasında şəxsiyyətlərin rolunu təsdiqləyir, həm də münasibətlərin inkişafında və ya tənəzzülündə xususi status kimi görünür. Bunu təsdiqləyən misallar kifayət qədərdir. Məsələn, tarixən və bu günün özündə də Türkiyə–İran münasibətləri daha çox ziddiyətləri ilə gündəmdə olub. Əslində, hər şeyin bəlli olduğu bir zamanda kimin haqlı və ya haqsız olub-olmaması məsələsinə toxunmaq istəməzdik. Amma, Mustafa Kamal Atatürk və Rza şah Pəhləvi dönəmində (1923-1938) bu münasibətlərin dostluq, hətta qardaşlıq münasibətlərinə çevrildiyini də inkar etmək mümkün deyil. Məhz böyük Atatürkün dəvəti ilə Rza şahın Türkiyəyə səfəri, təxminən, bir ay çəkdi. Bu, bir dövlət başçısının başqa ölkəyə etdiyi ziyarətdən fərqli bir səfər idi. İran–Türkiyə münasibətlərini öyrənən tədqiqatçıların təbirincə desək, həmin dövrdə iki ölkə arasında münasibətlərdə elə ciddi dəyişikliklər baş verdi ki, onu sıradan bir hadisə kimi də dəyərləndirmək olmur. Dostluq və iqtisadi əməkdaşlıq haqqında Sədabad paktının imzalanması ilə mübahisələr, o cümlədən, torpaq iddiaları aradan qaldırıldı. Tədqiqatçıların da yazdığı kimi, təxminən, 15 ili əhatə edən həmin dövrdə iki ölkə arasındakı münasibətlərin əsasını iki liderin şəxsi dostluğu təşkil etdi. İki lider arasındakı əlaqələr, bir tərəfdən keçmişdəki problemlərə məhəl qoymadan, digər tərəfdən, sərhəd problemlərinin həlli və yeni əməkdaşlıq müqavilələrinin bağlanması Türkiyə–İran münasibətlərini fərqli bir müstəviyə gətirdi.
Amma Atatürkün vəfatından və xarici təzyiqlər nəticəsində hakimiyyəti oğlu Məhəmməd Rzaya verən Rza şahın hakimiyyətindən sonra Türkiyə və İran fərqli siyasi əlaqələr qurdular və ayrı düşərgələrdə yer aldılar.
Süleyman Dəmirəllə Heydər Əliyev dostluğu da lider və şəxsiyyət faktorunun cəmiyyətdəki, eləcə də dövlətlərarası münasibətlərdə nə qədər önəmli olduğunu birmənalı təsdiqləyir. Əslində Süleyman Dəmirəl–Heydər Əliyev dostluğu Azərbaycan–Türkiyə münasibətlərinin, həm də türk dünyasının həmrəylik rəmzi kimi dəyərləndirilməkdədir.
Türkiyə ilə münasibətlərdən danışanda xalqlarımızın tarixi birliyi vurğulandığı kimi, Azərbaycanda yada düşən ilk adlardan olan Süleyman Dəmirəl Heydər Əliyevin ən yaxın dostu, böyük siyasi və dövlət xadimi kimi xoş duyğularla xatırlanır. 1924-cü ildə İsparta vilayətinin Atabəy rayonunun İslamköy kəndində anadan olan Süleyman Dəmirəlin bütün həyat və fəaliyyəti Türkiyənin dövlətçilik tarixi ilə bağlıdır. Hələ 40 yaşında baş nazir postunu qazanan Süleyman Dəmirəl Türkiyənin ən gənc baş naziri olaraq Çankaya köşkünə 7 il rəhbərlik edib və siyasi fəaliyyəti dövründə 7 dəfə hakimiyyətə gəlib. 1993-cü il mayın 16-da dövlət başçısı seçilmiş və Türkiyənin 9-cu prezidenti olmuşdur.
Süleyman Dəmirəlin siyasi həyatının Azərbaycan səhifələri birmənalı olaraq, Heydər Əliyevlə dostluğu ilə bağlıdır. Böyük Türk dünyasının iki böyük oğlunun dostluq və qardaşlığı xalqlarımızın birliyinin önəmli səhifələrindən olmaqla, həm də bu birliyi zənginləşdirən yeni səhifələri olmuşdur. Bu tarix təkcə Azərbaycan və Türkiyənin qardaşlığına əzəli müttəfiqliyinin deyil, eləcə də bütün türk dünyasının birlik və həmrəyliyinə hədəflənməsi ilə diqqət mərkəzində olmuşdur.
Bu birliyin bütün səhifələrində HeydərƏliyev – Süleyman Dəmirəl cütlüyü böyük əhəmiyyət kəsb edir. Dövlətçilik tariximizin önəm daşıyan bu təməllərinin hələ Sovetlər dönəmindən, 1967-ci ildən başlayır desək, bəlkə də yanılmarıq. Amma Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövrünü də bu qardaşlığın bariz nümunəsi hesab etmək olar. Ulu öndərin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” adlanan tarixi sənəd bir ilk olaraq təsdiqləyir ki, Türkiyə Azərbaycanın yanındadır.
İki böyük türkün birgə səyi ilə həmin il mayın 28-də Naxçıvanı blokadadan xilas edən və “Ümid körpüsü” hesab olunan Sədərək–Dilucu körpüsü istifadəyə verilir.Yenə də Heydər Əliyevlə Süleyman Dəmirəl bir yerdədir.
Azərbaycanın neft strategiyası böyük ziddiyyət və çətinlikləri dəf edərək həyata vəsiqə alır. Bu tarixi addımın atılmasında Türkiyənin və onun hökumət başçısının yeri və rolu danılmazdır. Burada da iki tarixi şəxsiyyət bir yerdədir.
Dünyanın aparıcı aeroportları sırasında yer alan Heydər Əliyev Beynəlxalq Aeroportu kompleksi 1999-cu il oktyabrın 18-də türk dünyasının görkəmli şəxsiyyətləri Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən açılır. İki böyük dövlət xadimi yenə bir yerdədir.
Nəhayət, bəlkə də zaman baxımından əvvəlcə deyilməli olan, amma həyati baxımdan mükkəmməl bir faktı da xatırlamamaq mümkün deyil. 1995-ci il mart ayının 12-də Kopenhagendə BMT-nin Dünya Sosial İnkişaf Zirvəsində iştirak edən Türkiyə Prezidenti Süleyman Dəmirələ Ankaradan Azərbaycanla bağlı “Tam məxfi” adlı şifrəli sənəd verilir. Sənəddə Azərbaycan Prezidenti Heydər Əliyevə sui-qəsd planları barədə məlumatlar əks olunubmuş. Heydər Əliyevə böyük təxribat planı haqqında məlumat verən Süleyman Dəmirəl təkidlə ona: “Bu situasiyaya görə dərhal Bakıya qayıtmalısınız. Dəyərli dostum, fürsəti əldən buraxmayın”, – deyə tövsiyə edir. Sonralar Heydər Əliyev “Əziz dostum Süleyman Dəmirəl təhlükə gözlədiyini mənə bildirdi. Məni bu günlərə gətirdiyiniz üçün sağ olun, həyatımı qurtardınız”, – deyəndə də onlar bir-birinin yanında idilər.
Süleyman Dəmirəl–Heydər Əliyev dostluq və qardaşlıq münasibətlərinin tarixi bu gün həm də xalqlarımızın şərəfli tarixidir. Görəsən, tarixi qardaşlıq ənənələrimizə yeni rənglər qatan və xalqlarımızın birliyinin möhkəmlənməsinə töhfələr verən elə bir hadisə olubmu ki, orada Heydər Əliyev və Süleyman Dəmirəlin yeri olmasın?! Heç şübhəsiz ki, yox!
Ortaq tariximizin əvəzsiz dəyərlərini xalqlarımıza, dövlətlərimizə miras qoyan dahi şəxsiyyətlər sırasında onların müəyyənləşdirdiyi yol 30 il düşmən əsarətində qalan torpaqlarımızın – Qarabağın xilas yolu oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhz bu ənənələrə sadiq qalaraq, iki qardaş ölkə arasında münasibətləri “Şuşa Bəyannəməsi” ilə tarixi müttəfiqlik zirvəsinə qaldırdılar. Bu yol Türk dünyasını daha böyük hədəflərə doğru aparır.
Namiq ƏHMƏDOV, “Xalq qəzeti”

