Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Gəncədə “Heydər Əliyev təhlükəsizlik orqanlarının fəxri rəhbəridir” adlı tədbir keçirilib.
Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, DTX-nin rəhbər heyəti və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncədə yerləşən ali təhsil müəssisələrinin rektorları, Milli Məclisin deputatları və təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.
Çıxış edənlər Heydər Əliyevin xüsusi xidmət orqanlarındakı 25 illik fəaliyyətindən ətraflı bəhs edib, dahi rəhbərin bu təsisatda apardığı milliləşmə prosesindən, fəaliyyəti dövründə çoxlu sayda azərbaycanlı kadrların xidmətə qəbul edilməsindən söhbət açıb, onun dərin zəkası, geniş dünyagörüşü, hadisələri düzgün təhlil etmək bacarığı, savadı və istedadı sayəsində əməliyyat müvəkkili vəzifəsindən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlməsi qeyd olunub. Natiqlər müstəqillik qazanıldıqdan sonra da ulu öndərin heç zaman təhlükəsizlik təşkilatından öz dəstəyini əsirgəmədiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu orqanlara diqqət və qayğısını xüsusi vurğulayıblar.
Tədbir ulu öndərin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi ilə keçirilmiş “Naturalist” əməliyyatına həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.
Q.QASIMOV, “Xalq qəzeti”

