“Freedom House” hüquq müdafiə təşkilatı “Dünyada Azadlıq-2023” növbəti illik hesabatını açıqlayıb. Gözlənildiyi kimi, Azərbaycanın adı “azadlıqsevərlərin” reytinqində yenə də arxa sıralardadır. Diqqət yetirək, reytinqdə ölkəmizi Cənubi Sudan, Türkmənistan, Suriya, Tacikistan, Əfqanıstan kimi ölkələr qabaqlayır. Bizimlə eyni sırada isə Çin, Myanma və Yəmən gəlir.
Yəqin, diqqətli oxucular adlarını çəkdiyimiz ölkələrlə Azərbaycanın müqayisəsinin düzgün olmadığının fərqinə vardılar. Elə hər şey də, məhz, bundan yaranır. Yəni, istər-istəməz Azərbaycanın həmin ölkələrlə eyni sıraya qoyulması onu göstərir ki, “Freedom House”nin hesabatında ciddi qərəz var. Əlbəttə, qərəz də siyasi məqsədlidir və bundan söz açacağıq.
Hələlik isə onu vurğulayaq ki, təşkilatın, ümumən, ayrı-ayrı ölkələrə yanaşması doğru deyil. Qurum bu və ya digər səbəbdən dünyada populyarlıq qazanıbsa, hazırda həmin populyarlığın məhsullarını, belə demək mümkünsə, xərcləməklə məşğuldur. Tam arxayındır. Ona görə hesabat tərtib edərkən, ciddi yoxlanış aparmır, köhnə şablonlarla hərəkət edir, ağına-bozuna baxmadan rəqəmləri sıralayır. Yəni, “Freedom House” ciddi araşdırmalardan uzaqdır. Axı, hansı axmaq inanar ki, Cənubi Sudan, Əfqanıstan, Suriya Azərbaycandan daha azad ölkələrdir? Belə nəticəyə gəlmək mümkündür ki, təşkilatın rəhbərlərini, bu, qətiyyən maraqlandırmır.
Azərbaycana gəldikdə, qeyd edək ki, ölkəmizdə “Freedom House”, “Human Rights Watch” və sair bu kimi təşkilatların konkret informasiya mənbələri var. Həmin mənbələr, bir qayda olaraq, müxalif düşüncəni təmsil edən şəxslərdən təşkil olunub. Əlbəttə, müxalif fikirlər bölüşmək heç də qəbahət deyil. Ancaq təşkilat obyektivliyi hədəf seçibsə, əks düşüncədə olan birinin baxışına etimad etməməli, fərqli yanaşmaları da nəzərə almalıdır. Onun yalnız bir mənbə ilə işləməsi, yumşaq desək, düzgün deyil.
Təcrübə göstərir ki, adlarını çəkdiyimiz hüquq-müdafiə təşkilatları işlərinə həssas yanaşmırlar. Yəni onlar əvvəlcədən özləri üçün baxış müəyyənləşdirirlər, sonra da o baxışı təsdiqləmək üçün həmin müxalif düşüncəli kəsimə üz tuturlar.
Fikrimizin təsdiqi üçün Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin vaxtilə media orqanlarından birinə açıqlamasındakı bir məqamı diqqətə çatdıraq: “2002-ciildə Seneqalda beynəlxalq tədbirdə iştirak edirdik. Oraya bu təşkilatın (“Freedom House” nəzərdə tutulur – red.) təmsilçisi olan bir xanım da gəlmişdi. Ona dedim ki, necə ola bilər, Azərbaycan azad olmayan ölkələr sırasındadır, amma Ermənistan yarımazad ölkələr sırasında. Çünki həmin illərdə Ermənistanda jurnalistlərə, mediaya qarşı çox dəhşətli hallar baş vermişdi. Jurnalistlərin maşınlarına qumbara atılır, özlərinə atəş açılır, şiddətli döyülməyə məruz qalırdılar. Orada idarəçilik tamam itmişdi. Bu misalları çəkərək ölkəmizdə belə durum yaşanmadığını söylədim. O da mənimlə razılaşdı. Ondan sonra ilk və son dəfə olaraq 2003-cü ildəki hesabatda Azərbaycan yarımazad ölkə kimi təqdim olundu. Azərbaycanın reytinqi qaldırıldı, amma Ermənistanınkı aşağı salınmadı”.
Əvvəldə haqqında söz açdığımız siyasi məsələlər üzərinə gələk. Daha doğrusu, “Freedom House”un yanaşmasındakı siyasiliyə. Məlumdur ki, bu qurum ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşir. Elə bu faktın özü onun obyektivliyinə və şəffaflığına şübhə yaradır. Məsələ yalnız onda deyil ki, nəyə görə belə bir missiyası olan təşkilatı hansısa dövlət maliyyələşdirməlidir. Başlıca məqam bu faktın həmin qurumun mötəbərliyini bəribaşdan şübhələndirməsidir. Necə ola bilər ki, dünyaya azadlıq dərsi keçən bir təşkilat özü prinsip etibarilə azad deyil? Necə olur ki, illərdir fəaliyyət göstərən “Freedom House” özünümaliyyələşdirmə resursu əldə edə bilməyib, şəffaf fəaliyyət yoluna qədəm qoymağı bacarmayıb? Əslində, suallar çoxdur. Maraqlıdır ki, əvvəllər bu təşkilat Birləşmiş Ştatları, ümumiyyətlə, tənqid etmirdi. Səbəbi soruşulanda elə təqdimat aparılırdı ki, sanki, ölkədə demokratiya və insan azadlıqları pik həddədir. Halbuki, belə deyil...
Bəli, qeyd etdiyimiz kimi, “Freedom House” siyasi məqsədlərlə “silahlanmış” təşkilatdır. Bu siyasilikdə erməni təəssübkeşliyi də dayanır. Qurum ötən ilə dair hesabatında dünyada azadlığa və demokratiyaya mənfi təsir göstərən fəaliyyətlər sırasında Moskvanın Ukraynaya qarşı müharibəsindən əlavə, Tacikistan və Qırğızıstan arasında sərhəd toqquşmalarını, habelə, “Azərbaycan qüvvələrinin Ermənistana artan müdaxilələri”ni göstərir. Sən demə, ölkəmizin öz ədalətini bərpa etmək istiqamətindəki səyləri demokratik prinsiplərə zidd imiş...
Bəli, indi görünür ki, nə üçün Ermənistanın baş naziri Nikol Paşinyanın sözünün əvvəli də, axırı da demokratiyadır. Baş nazir hər cür həyasızlığını, Azərbaycana münasibətdəki ədalətsiz mövqeyini, sülh danışıqlarından yayınmasını demokratikliklə “əsaslandırır” və elə görüntü formalaşdırır ki, sankiErmənistanı müdafiə etmək bəşəri dəyərləri qorumaqdır. Yəgin buna görə “Freedom House” hesabatında Azərbaycanın Ermənistana artan müdaxilələrini mənfi meyil kimi təqdim edir. Bu zaman dövlətlərin ərazi bütövlüyü prinsipi təşkilatın “başbilənlərinin” yadına, qətiyyən, düşmür.
Sonda bu qənaətə gəlirik ki, “FreedomHouse” və digər bu kimi təşkilatların məqsədi heç də dünyada demokratiyanın və azadlığın, o cümlədən, digər təməl insan hüquq və azadlıqlarının keşiyində dayanmaq deyil, əksinə, bu dəyərləri manipulyasiya, siyasi məqsədlər naminə təzyiq predmetinə çevirməkdir. Bu, əlbəttə, konkret ölkələrə münasibətdəki aşkar qərəzdir. İndiki halda, Azərbaycana qarşı da qərəz var. Amma bir qədər geniş baxsaq, belə yaramaz yanaşma demokratiyanın və insan azadlıqlarının atributlarının dəyərdən düşməsi baxımından son dərəcə ziyanlıdır. Əgər bu prinsiplər adiləşsə, onların ali səviyyədə qorunmasına ehtiyac duyulmasa, bəşəriyyət məhvə sürüklənəcək.
“Xalq qəzeti”

