Moskvanın Qarabağda sülh yaratmaq üçün göndərdiyi hərbi kontingentin komandanı, ermənilərə “krışalıq” edən general-mayor Andrey Volkov, sən demə, Azərbaycanın bu dilbər guşəsinə qaz vurub-qazan doldurmağa gəlibmiş...
Missiyası qarşı duran tərəfləri ayırmaq, barışıq, sülh yaratmaq olan sülhməramlıların tərəf tutması, ədalətsiz davranması, qərəzli mövqedə durması bir tərəfə, boynuna düşən öhdəliyi, missiyanı şəxsi maraqlarına qurban verməsi, əslində, dünyanın mizan-tərəzisinin tam pozulmasının əlamətidir. Rus generalının Qarabağımızda çıxardığı oyunların çeşidinə və miqyasına nəzər yetirəndə, heyrətlənməmək olmur. Söhbət Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin (RSK) komandanı general-mayor Andrey Volkovdan gedir.
Cinayətin biznes şərikləri
General Volkov Qarabağdakı separatçı rejimin başında duranlarla yanaşı, erməni quldur dəstələri ilə də kifayət qədər sıx təmaslar yaradıb. Özünün müvəqqəti cavabdehlik zonası hesab etdiyi Qarabağda canlı və cansız hər şeyin alveri ilə məşğul olan məramı sülhdən uzaq general bölgəni qanunsuzluğun, xaosun hökm sürdüyü əraziyə çevirməklə həm də özü üçün cəzasızlıq mühiti yaradıb. Məhz general Volkov ermənilərin mis, qızıl yataqlarımızdan xammalın təhlükəsiz çıxarmalarını təmin edir. Təbii ki, o, bu işi təmənnasız yerinə yetirmir. Korrupsioner generalın yerli şərab emalı müəssisələrindən də öz payını aldığı deyilir.
Volkovun icra etməli olduğu öhdəliyi ilə bir araya sığmayan əməlləri barədə Bakının məlumatı var, Moskvadakı sahiblərinin də həmçinin. Amma Bakının yolunu azmış generalın əvəzlənməsi ilə bağlı tələbləri, nədənsə, Rusiya Müdafiə Nazirliyində qulaqardına vurulur. Bu da səbəbsiz deyil. “Biznesmen-general” yəqin ermənilərin əli ilə qazandığı pullardan Moskvadakı yüksək çinli sahiblərinin də payını göndərirmiş ki, Rusiya Müdafiə Nazirliyi bu səbəbdən martın 5-də və 7-də erməni silahlı quldurlarının Xəlfəli–Turşsu yolunda törətdiyi təxribatla bağlı məlumatında riyakarcasına Azərbaycanı suçladı.
“Sülhməramlının” alternativ marşrutu – Xəlfəli
Deməli, rahat Xankəndi–Laçın “kommersiya yolu” əlindən çıxan general Volkov alternativ marşrut kimi Xəlfəli–Turşsu yolunu seçib. RSK-nın “bazarkom komandanı”nın himayə etdiyi kriminal elementlər Ermənistana və geriyə məhz bu dolanbac torpaq yolla gedib-gəlirmiş. Və erməni silahlı separatçıları zonaya daşıdıqları silah-sursatın, minaların təhlükəsizliyinə görə heç narahat olmayıblar. Çünki, bu təminatı onlara sınaqdan çıxmış biznes tərəfdaşları – genaral Andrey Volkov verirdi. Axı, o, Xankəndiyə gəlib-gedən hər maşına görə cinayət ortaqlarından haqq alırdı.
Əlbəttə, belə uzun müddət davam edə bilməzdi. Azərbaycan tərəfinə Ermənistandan Qarabağ iqtisadi rayonuna qanunsuz silah-sursatın, minaların, digər hərbi ləvazimatların daşınması faktları məlum olanda, Bakı Xəlfəli–Turşsu kəndarası yolunda qəfil yoxlama həyata keçirmək qərarına gəldi. Bu barədə RSK-nın komandanlığı da məlumatlandırılmışdı. Nəticədə nə gördük? Qarabağa xəlvəti yolla silah daşıyan erməni təxribatçılar bizim hərbçilərə atəş açdılar və ordumuzun iki əsgəri həlak oldu. Quldurlardan üçü isə yerindəcə məhv edildi.
Volkov nə birincidir, nə də axırıncı
Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiyanın bəzi genaralları iştirak ediblər. Onların əksəriyyəti fəaliyyətləri və davranışları ilə sübut edib ki, azərbaycanlılar üçün müqəddəs sayılan bu torpaqda sülhün bərqərar olması üçün bitərəf və qərəzsiz olmaq mümkündür. İndi erməni quldurlarının biznes ortağına çevrilmiş general Volkovun yadına onlardan yalnız birini – Vladislav Safonovu salmaq istərdik. Zabit şərəfini hər şeydən üstün tutan general-mayor Safonov xidməti borcuna sədaqəti, təmənnasızlığı və prinsipiallığına görə həmkarları kimi, camaatımız da ona “dəmir general” ləqəbini vermişdi. O, 1988-1990-cı illərdə keçmiş DQMV-də Moskvanın səlahiyətli nümayəndəsi olaraq vilayətdə yaşayan soydaşlarımızın erməni basqınlarından müdafiəsi üçün böyük və xeyirxah işlər görmüş general idi. Məhz onun ədalətli və prinsipial mövqeyi sayəsində həmin illər Qarabağda nisbi sabitlik qorunub saxlanılırdı.
Vladislav Safonov kimi Andrey Volkov da general-mayordur. Amma ikinci quldurlarla, oğrularla işbirliyinə gedən, zabit şərəfini ayaqlar altına atan, o boyda dövlətin mundirini və paqonunu pula satan generaldır...
Rusiyanın bölgədə müvəqqəti yerləşdirdiyi sülhyaratma kontingenti ermənilərlə hansı oyunlardan çıxırsa-çıxsın, Azərbaycanın Ermənistanla təmas xəttində özünün sərhəd-keçid məntəqələrini qurmasına mane ola bilməyəcəklər.
Rasim MUSABƏYOV,
politoloq:
– Rusiya hərbçiləri dünyanın harasında xidmət etmələrindən asılı olmayaraq, öz missiyalarından kənar, alver, kommersiya ilə məşğul olublar. Bu mənada Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin başçısı general Volkov da istisna deyil. Onun erməni separatçıları ilə müxtəlif səpkili şübhəli işbirliyi barədə rəsmi Bakının da məlumatı var və bu barədə lazımi instansiyalara müəyyən xəbərdarlıqlar da edilib. Amma onun qanuni missiyası ilə deyil, təxribatçı fəaliyyətlə məşğul olmasına görə kim cavabdehlik daşıyır? Rusiya Müdafiə Nazirliyi. Məgər Moskvanın o idarəsində əyləşənlər əxlaq, məsuliyyət və peşəkarlıq məsələlərində Volkovdan çox irəlidədir? Onlar hələ ötən əsrin 90-cı illərindən bu cür işlərlə məşğuldurlar. Yenə deyirəm, Rusiya hərbçiləri istər Qarabağ olsun, istərsə də dünyanın digər qaynar nöqtəsi, münaqişə ocağı kimi, hara üz tutublarsa, orada silah alveri, kommersiya ilə məşğul olublar. Ona görə də, general Volkovun ermənilərlə gizli sövdələşməyə getməsi, şərab emal edənlərdən, qızıl, mis çıxaranlardan haqq alması, bunun əvəzində ermənilərin Qarabağa silah-sursat daşımasına şərait yaratması qətiyyən təəccüblü deyil.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”
* Məqalədə “Caliber.Az” saytında gedən faktlardan istifadə olunub.

