Azərbaycan və Latviya: Dost ölkələr, strateji tərəfdaşlar

post-img

Azərbaycanla Latviyanın münasibətlərinin tarixi keçmişi SSRİ dövründən başlayıb. Həmin dönəmdə iki respublika arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. Müstəqillik illərində isə münasibətlər yeni mərhələyə qədəm qoyub. Azərbaycanın və Latviyanın müstəqil subyektlər kimi iqtisadi-siyasi münasibətlərin dərinləşdirilməsinə, qarşılıqlı maraqların təmin olunmasına xidmət edən təşəbbüslərlə çıxış etməsi gələcək əməkdaşlıq üçün yeni imkanlar açıb. 

Ötən müddətdə ölkələrimiz arasın­da əməkdaşlığa təkan verən münasib hüquqi baza yaradılıb. Bu baxımdan, Azərbaycan və Latviya hökumətləri ara­sında ticarət-iqtisadi əməkdaşlıq prinsip­ləri haqqında Saziş, habelə gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və ver­gidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanı qeyd etmək olar. 

Son illər Azərbaycanla Latviya arasın­da hökumətlərarası komissiyalar çərçivə­sində də qarşılıqlı iqtisadi əlaqələrə təkan verən bir sıra mühüm layihələr həyata ke­çirilib. Eyni zamanda, ölkələrimiz regional təşkilatlar, o cümlədən, Baltik–Qara Də­niz–Xəzər hövzəsi regionunda inteqrasi­ya proseslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi Dövlətlərinin Şurası çərçivə­sində uğurla əməkdaşlıq ediblər. 

Eyni zamanda, Azərbaycan və Lat­viya arasında qarşılıqlı investisiya qoyu­luşu sahəsində fəal əməkdaşlıq həyata keçirilib. Belə ki, 1995-2022-ci illərdə Lat­viya Azərbaycan iqtisadiyyatına 1 milyard dollar investisiya qoyub. Azərbaycan isə öz növbəsində Latviya iqtisadiyyatına 166 milyon dollar məbləğində investisiya yönəldib. 

Latviya Respublikasının Prezidenti Egils Levitsin martın 8-də Azərbaycana işgüzar səfəri əlaqələrin intensivləşdiril­məsi baxımından yeni mərhələnin baş­lanğıcı kimi dəyərləndirilə bilər. Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçıları arasında keçirilən məhdud tər­kibdə görüş zamanı beynəlxalq təşkilat­lar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi-ticari münasibətlərin genişlən­dirilməsi, hökumətlərarası komissiyanın fəaliyyəti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-qu­ruculuq işlərində Latviya şirkətlərinin iştirakı, bərpaolunan enerji, turizm, İKT, süni intellekt və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Martın 8-də Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levits mətbuata bəyanatlarla çıxışları zamanı iki ölkə arasında əlaqələrin bugünkü sə­viyyəsinə və gələcək inkişaf perspektiv­lərinə toxunublar. Ölkələrimiz arasında münasibətlərin çox uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Latviya və Azərbaycan strateji tərəfdaş­lardır. Strateji Tərəfdaşlıq haqqında Bə­yannamə bir neçə il bundan əvvəl imza­lanıb. Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq. Çox fəal birgə iqtisadi ko­missiyamız var. O, dövri olaraq görüşlər keçirir. Yadımdadır, sonuncu dəfə belə görüş ötən il baş tutub... Bir sözlə, Lat­viya Avropa İttifaqı ilə Azərbaycan ara­sında sıx əməkdaşlıqda hər zaman çox mühüm və müsbət rol oynamışdır”. 

Latviya Respublikasının Prezidenti Egils Levits isə 2022-ci ildə ölkələrimiz arasında iqtisadi münasibətlərdə müsbət tendensiyanın olduğunu diqqətə çatdıra­raq deyib: “İkitərəfli səviyyədə əlaqələrlə bağlı demək istərdim ki, Avropa İttifaqının üzv dövləti kimi Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlıqda maraqlıdır... Biz, həmçinin bərpaolunan enerji sahəsində daha sıx əməkdaşlıq et­mək arzusundayıq. Biz İKT, ağıllı enerji, yaşıl texnologiyalar və artıq qeyd etdiyi­niz kimi, nəqliyyat və daşımalar sahəsin­də imkanların nəzərdən keçirilməsində maraqlıyıq”.

Latviya Prezidenti Egils Levits səfər çərçivəsində Bakıda Azərbaycanın və Latviyanın iş adamları ilə görüşüb. Bu tədbirin iki ölkə arasında əlaqələrin inki­şafına töhfə verəcəyinə əmin olduğunu söyləyən Prezident Egils Levits bildirib ki, NATO və Avropa İttifaqının üzvü olan Latviya Azərbaycanı iqtisadi əlaqələrdə yaxın tərəfdaş kimi görür. Ölkələrimiz arasında yaxın qarşılıqlı əlaqələrin möv­cud olduğunu vurğulayan Latviya Pre­zidenti iqtisadi sahədə əlaqələrin gələ­cəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. 

Azərbaycanın Latviyanın əsas ticarət tərəfdaşı olduğunu deyən Latviya Prezi­denti diqqətə çatdırıb ki, pandemiyada sərhədlərin bağlanması nəticəsində po­zulan tədarük zəncirlərini bərpa etməyin vaxtı yetişib. Onun sözlərinə görə, bu, iqtisadi-ticari əlaqələrin daha da inkişafı üçün əsas, iki ölkə arasında sıx əmək­daşlıq nümunəsi olacaq. 

Yeri gəlmişkən, Azərbaycanla Latvi­ya arasında qarşılıqlı ticarət dövriyyəsi üzrə göstəricilər əvvəlki illərdə o qədər də yüksək olmasa da, son zamanlar bu sahədə mühüm irəliləyiş müşahidə olu­nur. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ildə iki ölkə arasında ticarət döv­riyyəsinin həcmi əvvəlki illə müqayisədə 70 faizdən çox artaraq 46 milyon dollara çatıb. Bu barədə Azərbaycan Respubli­kasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev məlumat verib. O bildi­rib ki, ötən il Latviyaya ixrac, demək olar ki, üç dəfə artaraq 28 milyon dollar təşkil edib. Latviyaya ixracın 98 faizi qeyri-neft sektorunun payına düşüb. Bu, o demək­dir ki, Latviya qeyri-neft məhsullarımızın idxalı baxımından Şimal-Şərqi Avropada mühüm ölkədir.

Hazırda Azərbaycanda 16-ya qə­dər Latviya şirkəti fəaliyyət göstərir. AZPROMO-nun rəhbəri Yusif Abdullaye­vin dediyinə görə, bu şirkətlərin əksəriy­yəti nəqliyyat sahəsində çalışır. Bununla yanaşı, Prezident Egils Levitsin iş adam­ları ilə görüşü zamanı Latviya şirkətləri işğaldan azad olunmuş ərazilərə dəvət edilib. Y.Abdullayev qeyd edib ki, Latviya şirkətləri Qarabağ və Şərqi Zəngəzura də sərmayə yatıra bilərlər.

Latviyanın İnvestisiya və Biznesin İnkişafı Agentliyinin baş direktoru Kas­pars Rozkalns qeyd edib ki, Latviya və Azərbaycan rəqabətədavamlı məhsul­ların birgə istehsalını yarada bilər və bu məhsulları Avropa bazarlarına çıxarmaq asan olar. Latviya şirkətlərinin gələcək­də məhsulları Avropa bazarına çıxarmaq üçün Azərbaycanla birgə istehsal üzrə əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayan K. Rozkalns bununla bağlı 5 prioritet sahənin mövcudluğunu diqqətə çatdırıb.

Kiçik və Orta Biznesin İnkişafı Agent­liyi İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov isə Azərbaycanın və Latvi­yanın işgüzar dairələri ilə keçirilən gö­rüşdə deyib ki, rəhbərlik etdiyi agentlik öz təcrübəsini Latviya ilə bölüşməyə ha­zırdır. Onun sözlərinə görə, ağıllı şəhər konsepsiyası Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən uğurlu layihədir. 

Martın 9-da Azərbaycan Respublika­sının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Latviyanın İqtisadi İnkişaf Agentliyi arasında Anlaşma Memoran­dumu imzalanıb. Yeni sənədi ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrinin inkişaf etməsinin nümunəsi kimi dəyərləndirən Latviya Prezidenti qeyd edib ki, Anlaşma Memorandumu Latviya şirkətlərinin Azər­baycanda, Azərbaycan şirkətlərinin isə Latviyada daha geniş fəaliyyət göstərmə­si üçün yeni imkanlar açacaq. 

Göründüyü kimi, yaxın illərdə ölkə arasında ticarət-iqtisadi əlaqələrinin daha da genişləndirilməsi nəzərdə tutu­lur. Yeni Anlaşma Memorandumu isə bu baxımdan hüquqi baza rolu oynayacaq. 

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

Siyasət