Gəncə Nizaminin kimliyinin möhürüdür

post-img

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu dünyanın diqqət mərkəzində qalmaqdadır. Neçə gündür ki, Bakı dünyanın nizam və əmin-amanlıq məramlı beyinlərinin zəka və duyğu paytaxtına çevrilib. Martın 9-da forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu çıxışı ilə hər birimizin qəlbini tükənməz qürur hissi ilə doldurub. 

Dünya ictimaiyyəti bir daha şa­hid oldu ki, Azərbaycan yenə də real həqiqətləri beynəlxalq aləmin diqqətinə ən mötəbər tribunalardan uğurla çatdı­rır. Amma bəzi dairələr bunu həzm edə bilmir, müəyyən siyasi manipulyasiya­lar etməklə tədbirin və səslənən bəşəri ideyaların dəyərini azaltmağa çalışırlar. Bu baxımdan uğurlarımıza bəlli müna­sibət bəsləyən qonşu İranın mövqeyi təəssüf doğurur.

Beynəlxalq tədbiri keçirən qurumun dahi Azərbaycan şairinin adını daşıma­sı, dövlət başçımızın onunla bağlı çox maraqlı nüanslara toxunaraq: “Niza­mi Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə yanaşır”, – deməsi qonşu İranda başbilənləri qı­cıqlandırır, onlar əvvəllər də dəfələrlə olduğu kimi, dünya mütəfəkkirinin milli mənsubiyyətini ucuz siyasi alver pred­metinə çevirməyə çalışırlar. 

Beləcə, son dönəmlərdə dövlət idarəetməsi kökündən laxlayan, bey­nəlxalq aləmdə nüfuzu heçə enən qon­şu ölkədə qondarma ideyalar körüklə­nir. Orada mühüm yerli problemlər bir kənara qoyularaq, dahi Nizamiyə sa­hiblənmək istəyi qabardılır. Hətta İran Mədəniyyət və İslami İrşad Nazirliyi Azərbaycana məxsus bəşəriyyət dahi­sinin farssayağı anım həftəsini keçirir. Ölkənin müxtəlif şəhərlərindəki bənzər tədbirlər barədə rəsmi dövlət agentliyi İRNA xəbərlər yayır. Özü də İran rəs­milərinin ölkənin müxtəlif şəhərlərində keçirilən Nizami Gəncəvi tədbirlərində verdiyi mesajlar bir-birindən fərqlənir. Əlbəttə, yalan uyğunsuzluqlarının ol­ması təbiidir. Tehran Universitetində İran XİN-in sözçüsü Nasir Kənani açıq mətnlə Nizaminin fars kökənli iranlı şair olduğunu dilə gətirib. Təbrizdə, İsfa­handa keçirilən tədbirlərdə də eyni sər­səm fikirlər təkrar olunub. 

Prezident İlham Əliyev Bakı Qlobal Forumundakı çıxışında Nizami Gəncə­vinin məhz Gəncə şəhərində dünya­ya gəldiyini, orada yazıb-yaratdığını, orada da dəfn olunduğunu və bunun hər kəsə məlum olduğunu qeyd edib: “Onun müdrikliyi və istedadı Azərbay­can xalqının müdrikliyinin və istedadı­nın təzahürüdür”. 

Çıxış edən digər natiqlər qlobal dünya nizamını təhdid edən mühüm problemlərdən, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olun­ması üçün perspektivlərdən danış­mağın vacibliyini vurğulayıb, maraqlı təkliflər ediblər. Eyni zamanda onlar dahi Nizaminin kimliyinə və yaradıcı­lığına bələdlikliyini nümayiş etdiriblər. Məsələn, Latviya Respublikasının Pre­zidenti Egils Levits Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında da səmimi fikirlər söyləyib: “Dahi Azərbaycan şairi Nizami Gəncə­vi Azərbaycanın hazırkı hüdudlarından xeyli kənarda insanları şövqləndirirdi. Onun söylədiyi fikirlər məhz həmin qə­dim dövrdən bu günə qədər dünyadakı xalqlar arasında qarşılıqlı anlaşmanı və həmrəyliyi təşviq edirdi”.

Timor-Leste Demokratik Respubli­kasının Prezidenti Jose Ramos Horta isə deyib: “Bu ölkə bizə enerji verir, bizi ilhamlandırır. Necə ki, biz bunu dahi şair və filosof Nizami Gəncəvinin yara­dıcılığında görmüşük”.

Bütün bunlar möhtəşəm bir bey­nəlxalq tədbirdən İrana verilən növbəti tutarlı cavabdır. Həqiqətən də siviliza­siyalararası dialoqun davam etdirildiyi, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və digər qlobal məsələlərin müzakirə olun­duğu bir forumla bağlı könül bulandıran “səfsəfə”lər irəli sürmək nə dərəcədə yerinə düşürmüş? 

Azərbaycanın dövlət başçısının de­diyi kimi, iştirakçılarının təmsilçilik sə­viyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğun gələn foruma 60 ölkədən 350 iştirakçı gəlib. Proqramı Yaxın Şərqi, Afrikanı və Qər­bi Balkanları əhatə edən, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olan tədbirə kölgə salmaq istəyənlər qeyd edilən fondakı aktual məsələləri gör­məzdən gələrək, Nizaminin milli kimliyi barədə yersiz mülahizələr söyləməklə heç nəyə nail ola bilməzlər. 

Bu da var ki, hansı dildə yazmasın­dan asılı olmayaraq, Nizaminin bütün varlığı və ruhu ilə türk olduğunu dəlil­lərlə inkar edə bilməyən yalançı “təəs­sübkeş”lər məcbur olub onun farsca yazdığı əsərlərin məğzini təhrif etməyə çalışıblar. Elə İranda keçirilən seminar­lar da buna xidmət edir. Guya, sübut et­mək istəyirlər ki, qədimdən hamı Şimali Azərbaycanda, Gəncədə farsca danı­şıb, sonradan türk olublar və Nizami Gəncəvi də farsdır. İran mənsublarının niyyəti budur ki, Cənubi və Şimali Azər­baycan türklərinin irsini bu yolla təhrif edib, mənimsəsinlər. 

Nizami heç hər hansı bir fars şəhə­rinə səyahət də etməyib, axı. Odur ki, keçməz, bəradər, keçməz! İsrarınız hə­dərdir! Mizan-tərəzini pozmaq istəyən heç kəs “izzü-ehtişamı” Gəncəyə bağlı olan Nizaminin nizamını dağıda bilməz! Gəncə Nizaminin kimliyinin və haralı olmasının təkzibedilməz tarixi möhürü­dür.

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

Sosial həyat